Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5956/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC – dən 7629.43 manat əsas borc, 762.9 manat gecikdirilmiş faiz borcu, cəmi 8392.33 manatın və ödənilmiş 104 manat dövlət rüsumunun cavabdehdən tutularaq tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında K2022-0320 nömrəli, xx.xx.2022-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC – dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC – yə 7629.43 manat əsas borc, 762.9 manat gecikdirilmiş faiz borcu, cəmi 8392.33 manat məbləğində borcun olması müəyyən edilmişdir. Lakin bugünə kimi cavabdeh tərəfindən İddiaçı MMC – yə ödəniş edilməmişdir. Əlavə olaraq tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı – satqı münasibətləri davam etmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan K2022-0320 nömrəli, xx.xx.2022-cü il tarixli müqavilənin 5.4-cü bəndinə görə “Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcı-dan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (ümumi məbləğin 10%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.”
3. Daha sonra iddiaçının nümayəndəsi ərizə verərək, iddia ərizəsində qeyd olunan "gecikdirilmiş faiz borcu" ifadəsini müqavilədə qeyd olunan "dəbbə pulu" ifadəsilə eyni mahiyyətdə qəbul edərək Cavabdeh MMC – dən 7629.43 manat əsas borc, 762.9 manat dəbbə pulu, cəmi 8392.33 manatın və ödənilmiş 104 manat dövlət rüsumunun cavabdehdən tutularaq tutularaq İddiaçı MMC – yə ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K2022- 0320 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və oun vəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşdırma protokolu və ya satıcı tərəfindən verilən qiymət cədvəlində müəyyən edilir.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malların qiymətini satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malları təhvil-təslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir.
13. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir.
14. Müqavilənin 5.4-cü bəndində razılaşdırılmış müddət ərzində malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1% məbləğində dəbbə pulu ödəyir.
15. 28.11.2023-cü il tarixli borcların qarşılıqlı üzləşdirilməsi haqqında akta əsasən cavabdeh qeyd olunan tarixə 7629,43 manat və 150 manat dəyərində palet borcu olması müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
16. İddiaçı tərəfindən mal satışına dair xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edən e-qaimə tərtib edilərək qarşı tərəfə göndərilmişdir.
17. 19.09.2024-cü il tarixli bank hesabından çıxarışa əsasən cavabdeh şirkət tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3000 manat ödəniş edilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K2022-0320 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və oun vəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
25. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, qismən ödənişlər və üzləşmə aktı ilə təstiq olunduğu üçün 7629,43 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 7629,43 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7629,43 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 762,9 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 381 manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 104 manat dövlət rüsumu ödənilmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 100 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7629,43 manat əsas borc məbləği, 381 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 100 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova