Məhkəmə qərarları › İş №e-2-2(113)-5961/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5961/2025

29.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5961/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı Döyüş Klubu” X1 Sosial Müdafiə Fonduna olan 4306,11 manat, İşsizlikdən Sığorta Fonduna olan 40,48 manat, İcbari Tibbi Sığorta Fonduna olan 343,1 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan “Bakı Döyüş Klubu” İctimai Birliyinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 40,48 manat, Dövlət Sosial Müdafiə Fonduna 4306,11 manat, İcbari Tibbi Sığorta Fonduna 343,1 manat olmaqla ümumilikdə 4689,69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********501200, xx.xx.2025-ci il tarixli **********175300, xx.xx.2025-ci il tarixli **********430700, xx.xx.2025-ci il tarixli **********574800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: –24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. –24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. –26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. –26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (həmin Qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 nömrəli Qərarı nəzərə alınmaqla) icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsinə görə, iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən aşağıdakılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır: vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər. Göründüyü kimi, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat ərizəçi və maraqlı şəxsin iştirakı ilə xüsusi icraat qaydasında baxılır və həmin icraatın məhkəmə aidiyyəti məsələsi ayrıca norma – Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsi ilə tənzimlənməklə, sözügedən işlərin kommersiya məhkəmələrində baxılması üçün sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması tələb olunur. Hazırkı halda “Bakı Döyüş Klubu” İctimai Birliyinin müvafiq borclarının həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən yaranıb-yaranması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Ərizəyə əlavə olunmuş hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Bakı Döyüş Klubu” İctimai Birliyi xx.xx.2014-cü ildə vergi uçotuna alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmiş, sonuncunun təşkilati-hüquqi forması ictimai birlikdir. Bundan başqa, ictimai birliyin əsas fəaliyyət növü kimi idman sahəsində sair fəaliyyət çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.6-cı maddəsinə əsasən, qeyrikommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. İctimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirilə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir. Göründüyü kimi, “Bakı Döyüş Klubu” İctimai Birliyi qeyri-kommersiya qurumu kimi sahibkarlıq fəaliyyəti ilə yalnız bu fəaliyyət yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etdiyi və bu məqsədlərə uyğun gəldiyi halda məşğul ola bilər. Hazırkı işdən isə müvafiq borcların “Bakı Döyüş Klubu” İctimai Birliyinin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığı təsdiqlənmir. Belə ki, “Bakı Döyüş Klubu” İctimai Birliyinin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclar həmin hüquqi şəxsin muzdla işləyənləri işə götürən sığortaedən kimi qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərindən irəli gəlməklə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı tələb “Bakı Döyüş Klubu” İctimai Birliyinin sahibkarlıq fəaliyyətindən irəli gələn borcları ilə bağlı həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olmadığından ərizə geri qaytarılmalı, ərizəçiyə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 31, 263-264, 306, 355-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar