Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5963/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 5738,57 manat xidmət haqqının və ödənilmiş 77,39 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı cavabdeh) arasında xx.xx.2022-ci il tarixli HCXM 157/22 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilənin əlavə(lər)sində göstərilən texnika(lar)la cavabdehin verdiyi sifarişlər əsasında xidmət etməyi, bu xidmət müqabilində cavabdeh isə iddiaçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, müqavilə üzrə aylıq (ay ərzində 28 iş günü) xidmət (yanacaq xaric) haqqı əlavələrdə göstərilmişdir. Müqaviləyə xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavədə xidmət haqqı 4120 manat razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdeh üçün **-BA-*** dövlət qeydiyyat nişanlı “CAT 432 E” texnika ilə 28 iş günü ərzində ümumilikdə 4120 manat dəyərində xidmət göstərilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdeh üçün **-BA-*** dövlət qeydiyyat nişanlı “CAT 432 E” texnika ilə 11 iş günü ərzində ümumilikdə 1618,57 manat dəyərində xidmət göstərilmişdir. Lakin cavabdeh tərəfindən yuxarıda göstərilən xidmət haqları ödənilməmiş və nəticədə cavabdehin iddiaçıya ümumilikdə 5738,57 manat məbləğində borcu yaranmışdır. Məhkəməyə müraciət etməmişdən öncə cavabdehə pretenziya göndərilərək, borcunu ödəməsi tələb edilsə də, cavabdeh borcunu ödəməmişdir. Odur ki hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) iddianın məzmununa uyğun izahlar verdi və təmin edilməsini xahiş etmişdir.
6. İddiaçı məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məhkəmənin hazırlıq iclasında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli HCXM 157/22 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən İcraçı müqavilənin Əlavə(lər)sində göstərilən texnika(lar)la Sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir (1.1). Texnika(lar) və nəqliyyat vasitələri xidmət yerinə çatdıqdan sonra Sifarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Xidmət bitdikdən sonra və ya hər hansı səbəbdən İcraçının göstərişi ilə Texnika(lar) və nəqliyyat vasitələri geri göndərildikdə Sifarişçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir (2.1). Razılaşmaya əsasən bu müqavilə üzrə aylıq (ay ərzində 28 iş günü) xidmət (yanacaq xaric) haqqı əlavələrdə göstərilmişdir (3.1). İcraçı Texnika(lar) və nəqliyyat vasitələri üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında “Xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir (3.2). Müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir (3.3). Hər iki Tərəf bayram günlərində və hava şəraitindən asılı olaraq xidmət göstərməsələr (İstirahət günü olarsa) həmin günlər üçün xidmət haqqı hesablanır (3.4). Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 15 (on beş) gün ərzində bank köçürmə yolu ilə həyata keçir (3.5).
12. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavənin şərtlərindən görünür ki, “Cat 432E” markalı nəqliyyat vasitəsilə xidmətin göstərilməsi şərtləri və qaydası razılaşdırılmışdır.
13. Məhkəməyə təqdim edilən cavabdehin möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, 01 dekabr 2022-ci il tarixli aktla 2022-ci ilin noyabr ayı üçün 1857,8 manat, 30 dekabr 2022-ci il tarixli aktla 2022-ci ilin dekabr ayı üçün 4120 manat, 06 fevral 2023-cü il tarixli aktla 2023-cü ilin yanvar ayı üçün 1618,57 manat olmaqla ümumilikdə 7596,37 manat dəyərində xidmət təhvil alınmışdır.
14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cavabdehin direktoru tərəfindən imza edilmiş və cavabdehin möhürü vurulmuş aktdan görünür ki, X1 məxsus “CAT 432E” markalı **-BA-*** nömrəli texnikanın xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi "xxxx" QSC-nin Ağstafa rayonu Tatlı kəndində olan layihəsində “Encom” şirkətinin sərəncamında olduğu təsdiq edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli HCXM 157/22 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin əlavəsində göstərilən texnika ilə cavabdehin verdiyi sifarişlər əsasında xidmət etməyi, cavabdeh isə xidmət müqabilində iddiaçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Adıçəkilən müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavə ilə “Cat 432E” markalı nəqliyyat vasitəsilə xidmətin göstərilməsi şərtləri və qaydası razılaşdırılmış, 01 dekabr 2022-ci il tarixli aktla 1857,8 manat, 30 dekabr 2022-ci il tarixli aktla 4120 manat, 06 fevral 2023-cü il tarixli aktla 1618,57 manat olmaqla ümumilikdə 7596,37 manat dəyərində xidmət cavabdeh tərəfindən təhvil alınmışdır.
16. İddiaçı xx.xx.2022-ci il tarixli HCXM 157/22 nömrəli xidmət müqaviləsi üzrə 5738,57 manat məbləğində pulun tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli HCXM 157/22 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
27. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
28. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
29. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
30. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 15 (on beş) gün ərzində bank köçürmə yolu ilə həyata keçirilməsi şərtləşdirilmiş (3.5), lakin xidmətlərin dəyəri ödənilməmişdir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
37. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli HCXM 157/22 nömrəli xidmət müqaviləsi üzrə 5738,57 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,39 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 78 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə iddia tələbinin təmin edildiyini və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,39 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 15 noyabr 2022-ci il tarixdə bağlanmış xidmət müqaviləsi üzrə 5738 (beş min yeddi yüz otuz səkkiz) manat 57 (əlli yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77 (yetmiş yeddi) manat 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova