Məhkəmə qərarları › İş №e-2-2(113)-5966/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5966/2023

22.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5966/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin iştirakı olmadan, maraqlı şəxsi Maraqlı şəxs iştirakı ilə; Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2579,59 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 497,41 manat, İşsizlikdən sığorta fonduna olan 30,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 79,31 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1992-ci il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 79,31 manat, İşsizlikdən sığorta fonduna 30,91 manat, Dövlət Sosial Müdafiə Fonduna 497,41 manat, dövlət büdcəsinə 2579,59 manat məbləğində (o cümlədən, vergilər üzrə 1622,13 manat, faizlər üzrə 637,46 manat, maliyyə sanksiyası üzrə 320 manat) olmaqla, ümumilikdə 3187,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********943100, xx.xx.2022-ci il tarixli **********235600, xx.xx.2022-ci il tarixli **********358800, xx.xx.2023-cü il tarixli **********410700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs 22 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək, ərizənin təmin olunmasına etiraz etdiyini bildirmişdir və izahatında göstərdi ki, "xxxx" MMC-nin direktorunun 20 aprel 2023-cü ildən onun deyil, X1 olduğunu qeyd edərək, ərizənin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bir dəfə də bu cür ərizə vergi orqanı tərəfindən verilmişdi məhkəməyə, ora da sənədlərini təqdim edərək bildirib ki, artıq direktor deyil, reyestr məlumatlarında onun qanuni təmsilçi kimi getməsi həmin şirkətin təqsiridir ki, yeni direktoru qeydiyyata aldırmayıblar. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü avtomobil ehtiyat hissələrinin pərakəndə satışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildirişə əsasən vergilər üzrə 1622,13 manat, maliyyə sanksiyaları üzrə 320 manat, faizlər üzrə 345,68 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********3 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 450 manat, faizlər üzrə 47,41 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqqı üzrə 27 manat, faizlər üzrə 3,91 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqqı üzrə 72 manat, faizlər üzrə 7,31 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN:**********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 2598,81 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2349/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2287,81 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 497,41 manat, İşsizlikdən sığorta fonduna olan 30,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 79,31 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1992-ci il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixi 03 nömrəli əmrə əsasən Baş direktor vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə xitam verilmiş; Əmək müqaviləsi bildirişi elektron sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs "RS"xxxx" MMC ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; - 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; - 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşin hallarından, həmçinin, maraqlı şəxsin izahatından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə 03 nömrəli xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. Yəni, maraqlı şəxs yeddi aya yaxındır ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83cü maddəsinin 1-ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Əmək müqaviləsinin bağlanmasına, bildirişin qeydiyyatına, həmin əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə ödənilən gəlir vergilərinə, həmçinin, sosial sığorta üzrə ödəmələrə nəzarət edən, baş verən qanun pozuntularına görə maliyyə sanksiyası tətbiq edən, o cümlədən muzdlu işlə bağlı cəlb edilmiş şəxslər üzrə yoxlamalar aparan ərizəçi vergi orqanı yoxlama-nəzarət işləri apararkən MMC-nin rəhbərinin maraqlı şəxs olmamasını nəzərə almamış, bununla bağlı qanunvericiliklə ona məsuliyyətə cəlb etməyə dair verilmiş səlahiyyətlərindən istifadə etməmişdir. Halbuki, MMC-nin qanuni təmsilçisinin bu qisimdə fəaliyyətinə xitam verilməsindən və onun faktiki rəhbərinin maraqlı şəxs olmamasından nəzarətedici orqan olaraq vergi orqanı, məhkəməyə hazırkı ərizə ilə müraciət etdiyi tarixdə xəbərdar olmalı və bununla bağlı qanunvericiliklə ona verilmiş sanskiya tətbiq etmək səlahiyyətlərindən istifadə etməli idi. Bu baxımdan maraqlı şəxsin MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz. Lakin maraqlı şəxs MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Başqa sözlə, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2349/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxsin xx.xx.2023-cü il tarixə olan borcun ödənilməsini təmin etmək üçün həmin ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə isə dövlət büdcəsinə olan borc məbləği xx.xx.2023-cü il tarixinə olmaqla, fərqli (daha çox) məbləğdə göstərilmişdir. Ona görə də məhkəmə, hazırki iş üzrə “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi” olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi deyil, ərizənin rədd edilməsi barədə qətnamənin qəbul edilməsi qənayətinə gəlmiş. Buna görə məhkəmə hesab edir ki, qeyd olunan xüsusat ərizənin rədd edilməsi üçün əsasdır və ərizəçinin xahişi təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar