Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-598/2024 02.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli 459-GL/15 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən (1 ədəd traktor belarus-892 10300 manat dəyərində, 1 ədəd Taxılsəpən gübrəsəpənlə qoşulan TS-24 950 manat dəyərində, 1 ədəd Traktor Belarus-1221 11.950 manat dəyərində, 1 ədəd Kotan 4 gövdalı AG-14-4 240 manat dəyərində, 1 ədəd Kombayın taxılyığan 19200 manat dəyərində, 6 tonluq 1 ədəd qoşqu 950 manat, 1 ədəd taxılyığan kombayn 17.900 manat, 1 ədəd 6 tonluq qoşqu 1150 manat və Kotan 5 adlı 40 manat) kənd təsərrüfatı texnikalarının dəyəri (ilkin dəyərinin 40 faiz hissəsinə güzəşt tətbiq edilməklə qalıq dəyəri) tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalan məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.
2. xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2015-ci ilin İ rübündən başlayaraq 2022-cı ilin İİ rübünə qədər olan dövrdə ümumilikdə 62.680 manat məbləğində lizinq ödənişləri edilməli idi.
3. xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən lizinq alan tərəfindən 2015-ci ilin İ rübündən başlayaraq 2023-cı ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 120.403,90 manat məbləğində cərimə ödənişləri edilməli idi.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 62.680 manat, cərimə borcu 120.403,90 manat olmaqla cəmi borc 183.083,90 manat təşkil edir.
5. 10.08.2012 və xx.xx.2012-ci il tarixli təhvil qəbul barədə aktlara əsasən 1 ədəd Traktor Belarus-1221, 1 ədəd Kotan AG-14-5, 6 tonluq 1 ədəd qoşqusu, 1 ədəd Taxılsəpən gübrəsəpənlə qoşulan TS-24 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. 18.12.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaiti Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, lizinq alan alan Cavabdeh xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə hər hansı ödəniş edilməmişdir.
9. Masallı rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(050)-134/17 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddiası qismən təmin edilmiş Cavabdeh 62140 manat əsas, 3217 manat cərimə, 30 manat dövlət rüsumunun tutulması və həmçinin lizinq obyektləri olan 2 ədəd MTZ-89.2 markalı və 1 ədəd MTZ-1221 markalı traktor, 1 ədəd KR 14 markalı, 1 ədəd AG 14-4 markalı və 1 ədəd AG 14-5 markalı kotan, 2 ədəd TS-24 markalı taxılsəpən, 2 ədəd 6 tonluq traktor qoşqusu və 2 ədəd SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə lizinq verənə qaytarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə Masallı rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(050)-134/17 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7693/2019 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1039 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli lizinq müqaviləsinin 1-4-cü vərəqlərinin aşağısındakı imzalar və 5-ci vərəqində “lizinq alan” bölməsində “Cavabdeh” ad, soyadının aşağısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 127 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
12. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli müqavilə üzrə yaranmış 62680 manat gecikdirilmiş borcu və hesablanmış 120.403,90 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 183.983,9 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2020-cı il tarixli 459-GL/15 nömrəli müqavilə üzrə yaranmış 62680 manat gecikdirilmiş borcu və hesablanmış 120.403,90 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun MŞB/2- 01695 saylı, xx.xx.2022-ci il taixli arayışı təqdim edilmişdir.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2 və 748-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
15. İddiaya qarşı etiraz təqdim olunmuşdur.
16. Etiraz onunla əsaaslandırılmışdır ki, cavabdehin Aqrolizinqə borcu olmuşdur və borca görə eyni bu texnikalarla bağlı məhkəməyə müraciət olunmuşdur. Həmin işвə də nümayəndə olaraq məhz Vəkil çıxmışdır. Bu texnikaların eyni texnika olduğunu və yenidən onu məhkəməyə verdiklərini bildirmişdir. İlk əvvəl işin nədən olduğunu anlamamış və elektron sistemdən sənədləri təqdim etdikdən sonra eyni texnikalarla bağlı məhkəmə mübahisəsi olduğunu anlamışdır. Bununla bağlı da məhkəmə olduğunu və texnikaların çoxunu vermədiklərini və olanları da özlərinə qaytardığını qeyd etmişdir. Belə ki, bu işlə bağlı Masallı rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli 2(050)-134/17 №-li qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 62140 manat əsas borcun cərimə borcu üzrə 3217 manatın, 30 manat dövlət rüsumunun ondan tutulması və həmçinin lizinq obyektləri olan 12 ədəd kənd təsərrüfatı avadanlıqlarının (nəqliyyat vasitəsi) saz vəziyyətdə lizinq verənə qaytarılması qət edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Qətnamə qüvvədə qalmışdır. Bu məhkədədə texnikaların cavabdehə təqdim edilməməsi səbəbindən iş yarımçıq qalmışdır. Çünki hansı texnikanın təhvil verilib-verilməməsi təsdiqlənməmişdir. Lakin iddiaçı indi yeni müqavilə təqdim edərək guya onun yeni müqavilə bağladığını və həmin texnikalarını ona verdiyini bildirmişdir. Lakin cavabdeh müqaviləni qəbul etmir və onun tərəfindən belə müqaviləyə imza edilmədiyi bildirilir. Belə ki, müqavilə və aktlara diqqət yetirilsə görünər ki, hamısı bir birindən fərqlidir. Yəni aktlara diqqət yetirilsə görünər ki, bu aktlarda və müqavilədəki imzalar tamamilə fərqlidir. Bundan əlavə əvvəlki məhkəmədə texnikaların cavabdehə təqdim edilməməsi səbəbindən iş yarımçıq qalmışdır. Çünki hansı texnikanı təhvil verilibverilməməsi təsdiqlənməmişdir. İddia ərizəsinə əlavədə ödəniş qrafiki təqdim edilmişdir ki, ordan da açıq aydın görünür ki, 2015-ci idən ödənişlər olmuş borc və faizlər ordan əmələ gəlmişdir.
17. Daha sonra cavabdeh yeni etiraz təqdim etmiş, etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı indi yeni müqavilə təqdim edərək guya onun yeni müqavilə bağladığını və həmin texnikalarını ona verdiyini bildirmişdir. Lakin cavabdeh müqaviləni qəbul etmir və onun tərəfindən belə müqaviləyə imza edilmədiyi bildirilmişdir. Müqavilədəki imza cavabdehə məxsus olsa da texnikaların ona verilməsi aktlarla öz əksini tapmır. Onu aldadıb bu müqaviləyə imza etdirə bilərlər. Lakin təhvil-təslim aktlarında imzalar ona məxsus deyil və həmçinin elə aktlarda var ki, ümumiyyətlə cavabdehin adı yoxdur. Belə ki, müqavilə və aktlara diqqət yetirilsə görünür ki, hamısı bir birindən fərqlidir. Yəni aktlara diqqət yetirilsə görünər ki, bu aktlarda və müqavilədə imzalar tamamilə fərqlidir. Cavabdehə iddiaçının qeyd etdiyinə görə cəmi 1 texnika verilmişdir ki, onun da ödənişi tam özləri digər texnikaları almaqla əvəzləşdirmişdilər. Cavabdehin heç bir savadı və oxumaq qabiliyyəti olmadığından ona bu müqaviləyə imza etdiriblər. Lakin təhvil-təslim aparılmadığından bu müqavilənin başa çatdırılması olmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
18. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
19. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Əvvəlki məhkəmə iclasında suallara cavab olaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmənin qərarı ilə müqavilələr ləğv edildiyini və texnikaların qaytarılması qət edildiyini, bundan sonra iddiaçı tərəfindən həmin texnikalara güzəşt tədbiq edilyini və yeni müqavilə bağlandığını, yəni tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən texnikaların qaytarılması hissəsində qətnamənin icra olunmadığını, texnikaların cavabdehin istifadəsində qaldığını bildirimişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
22. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
23. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. AR MPM-in: - 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
25. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (mübahisəli hüquq münasibətində "xxxx" ASC-nin hüquqi varisi) həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 62.680 manat məbləğində gecikdirilmiş əsas borcu yarandığını əsas göstərərək həmin borcun və dəbbə pulunun tutulmasını, eləcə də lizinq obyekti olmuş kənd təsərrüfatı texnikalarının geri qaytarılmasını tələb edir.
28. Cavabdeh hüquqi savadı olmadığından mübahisəli lizinq müqaviləsinin imzaladığını, lakin həmin müqavilə üzrə lizinq obyekti olan texnikaların ona təqdim edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
29. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli hal mübahisəli lizin müqaviləsi üzrə lizinq obyektləri olan 9 ədəd texnikanın cavabdehə təqdim edilib-edilməməsi ilə bağlıdır.
30. Göstərilən halla bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ("xxxx" ASC-nin əvvəlki adı) ilə Cavabdeh arasında əvvəllər xx.xx.2012-ci il tarixli 986-L/12 saylı; xx.xx.2023-cü il tarixli 286-L/13 saylı və 04 sentyabr 2014-cü il tarixli, 1386-L/14 saylı lizinq müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən 2 ədəd MTZ- 89.2 markalı və 1 ədəd MTZ-1221 markalı traktor, 1 ədəd KR 14 markalı, 1 ədəd AG 14-4 markalı və 1 ədəd AG 14-5 markalı kotan, 2 ədəd TS-24 markalı taxılsəpən, 2 ədəd 6 tonluq traktor qoşqusu və 2 ədəd SK-5ME-1 markalı kombayn Cavabdeh təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə lizinq obyekti olan texnikaların lizinq alana təhvil verilməsi faktı Masallı rayon Məhkəməsinin qanuni qüvvədə minmiş 31 yanvar 2017-ci il tarixli qətnaməsində öz təsdiqini tapdığından onun yenidən sübut edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilən qətnamə ilə xx.xx.2012-ci il tarixli 986-L/12 saylı; xx.xx.2023-cü il tarixli 286-L/13 saylı və 04 sentyabr 2014-cü il tarixli, 1386-L/14 saylı lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyekti olmuş yuxarıda qeyd olunan 12 ədəd kənd təsərrüfatı texnikasının lizinq alana geri qaytarılması qət edilsə də, həmin qətnamə icra edilməmişdir. 2020-ci ildə "xxxx" ASC ilə Cavabdeh yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə "xxxx" ASC-yə qaytarılması qət edilmiş, lakin cavabdeh tərəfindən qaytarılmamış 9 ədəd kənd təsərrüfatı texnikasının cavabdehə yenidən lizinqə verilməsi barədə razılaşmış və bununla bağlı xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli mübahisəli lizinq müqaviləsini bağlamışlar.
31. Cavabdeh hazırkı iddiaya qarşı etirazını xx.xx.2020-ci il tarixli mübahisəli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş kənd təsərrüfatı texnikaların ona təhvil verilməməsi ilə əsaslandırsa da, Masallı rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə qaytarılması qət edilmiş texnikaları "xxxx" ASC-yə qaytarmasını sübuta yetirə bilməmişdir. Əksinə Masallı rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsinin texnikaların qaytarılması hissəsində hal-hazıradək icra edilməməsi iş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin 17 sentyabr 2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapır.
32. Beləliklə, işin yuxarıda göstərilən halları ilə mübahisəli lizinq müqaviləsi üzrə lizinq obyekti olan 9 ədəd texnikanın xx.xx.2012-ci il tarixli 986-L/12 saylı; xx.xx.2023-cü il tarixli 286-L/13 saylı və 04 sentyabr 2014-cü il tarixli, 1386-L/14 saylı lizinq müqavilələri bağlanarkən Cavabdeh təhvil verilməsi müəyyən edildiyindən, eləcə də həmin texnikaların sonradan Cavabdeh tərəfindən "xxxx" ASC-yə qaytarılması iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mübahisəli lizinq müqaviləsi bağlandığı vaxtdan mübahisəli texnikalar Cavabdeh sahiblik və istifadəsində olmuşdur. Odur ki, texnikaların ona təhvil verilməməsi barədə cavabdehin dəlilləri əsassızdır.
33. Beləliklə, Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh lizinq ödənişləri üzrə xx.xx.2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 62.680 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsindəki öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
34. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2020-ci il tarixli, 459- GL/15 saylı lizinq müqaviləsi üzrə dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə cəmi 62.680 manat məbləğində əsas borc və 3000 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
38. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 473 manat təşkil edir.
39. Hazırkı halda iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 165 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
40. Dövlət rüsumunun kəsiri olan 73 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 459-GL/15 saylı müqavilə üzrə 62.680 manat məbləğində gecikdirilmiş əsas borc, 3000 manat məbləğində dəbbə pulu; cəmi 65.680 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 165 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Dövlət rüsumunun kəsiri olan 73 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva