Məhkəmə qərarları › İş №e-2-2(113)-5988/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5988/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5988/2023 14.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1347,13 manat əsas borc, 360 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla, 2424,83 manat penya və 70 manat mediasiya xərci məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3841,96 manat (üç min səkkiz yüz qırx bir manat doxsan altı qəpik) məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Mətanət A” şirkəti ilə bağladığı 314/20 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2023-cü il tarixdə imzalanmış öhdəliklərin qarşılıqlı tanınması aktı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 1347,13 manat (bir min üç yüz qırx yeddi manat on üç qəpik) borc qalığını ödəməmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş və bu da o deməkdir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.1, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan öhdəliklərin qarşılıqlı tanınması aktı ilə müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən malların dəyəri 3.2-ci bəndində göstərilən 30 (otuz) təqvim günü müddətində ödənilmədikdə satıcı malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən məhsulun qiyməti tarif şurası, hökümət qərarları və qiymətə təsir göstərən digər iqtisadi faktorların təsiri nəticəsində satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

6. İddiaçı və Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 6628 nömrəli öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçınə 1347,13 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir.

7. xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatının AZ49AİİB400600D**********104 nömrəli hesabına 70 (yetmiş) manat məbləğində vəsait köçürülmüşdür.

8. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alq-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

12. İddia tələbinin bir hissəsini Cavabdeh 1347,13 manat əsas borcun tutulması təşkil edir.

13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə tam təmin edilməli, cavabdehdən 1347,13 manat (min üç yüz qırx yeddi manat on üç qəpik) məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, öhdəliklərin qarşılıqlı tanınması aktından da görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçınə 1347,13 manat borcunun olduğunu qəbul etmişdir.

14. İddia tələbinin digər hissəsini Cavabdeh 2424,83 manat cərimə borcunun tutulması təşkil edir.

15. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

16. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 70 (yetmiş) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

17. Eləcə də, iddiaçı 70 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

18. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1347,13 manat (min üç yüz qırx yeddi manat on üç qəpik) əsas borc, 70 (yetmiş) manat cərimə, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, cəmi 1487,13 manat (min dörd yüz səksən yeddi manat on üç qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar