Məhkəmə qərarları › İş №e-2-2(113)-599/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-599/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-599/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli müqavilə üzrə yaranmış 4976,24 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 5476,24 manat pul vəsaitinin Cavabdeh oğlundan tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli müqavilə üzrə 4976,24 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Bu məbləğ məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi, Vəkil iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizəyə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh əsas borcu vaxtında ödəmədiyinə görə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında mediasiya sessiyası və məhkəmə gedişatı dövrdə əsas borcu ödədiyinə görə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 13250 manat olan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, cavabdeh X1 xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli müqavilə üzrə 4976,24 manat cərimə borcu vardır. xx.xx.2022-ci il tarixli MŞB/15-0001xx/xx-2022 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli 866593/01335 nömrəli ödəniş tapşırığından görünür ki, hüquqi yardım üçün “Mərkəz” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci və 747.1-ci maddələrinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq lizinq müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh lizinq müqaviləsi üzrə əsas borcu ödəsə də, iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 4976,24 manat məbləğində cərimə borcunu ödəməmişdir. İddiaçının 4976,24 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli müqavilə üzrə 200 manat cərimə, 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat cəmi 700 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 03-GL/18 nömrəli müqavilə üzrə 200 manat cərimə, 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat cəmi 700 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar