Məhkəmə qərarları › İş №e-2-2(113)-5992/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5992/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5992/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 5.100 manat əsas borc, illik gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 431,38 manat, 120 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra “Satıcı”) və Cavabdeh (bundan sonra “Alıcı”) arasında 8 aprel 2024-cü il tarixində № 2024/070 nömrəli “Mallar (işlər və ya xidmətlər) üzrə satınalma” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.4-cü maddəsinə əsasən dəyərinə hesablanmış ƏDV-nin məbləği malların dəyərinin ödənildiyi günədək (həmin gün daxil olmaqla) ƏDV-nin deposit hesabına ödənilməlidir. Bağlanan müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulub ki, alınan malların dəyəri mal qəbul edildiyi günə “Satıcı”-nın müvafiq banklarda olan hesablaşma hesabına köçürmə yolu ilə ödənilir. Cəmiyyətimiz tərəfindən “Alıcı” tərəfindən müxtəlif zamanlarda verilən safarişlər üzrə müqavilədə nəzərdə tutulmuş öhdəliklər razılaşdırılmış qaydada yerinə yetirilməsinə baxmayaraq, Cavabdeh MMC öhdəliklərini tam və vaxtında icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı tərəf məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli 2024/070 saylı müqavilə bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə satıcı və alıcı arasında malalrın alqı-satqısını habelə bu əməliyyatdan irəli gələn digər münasibətləri tənzimləyir.

12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2404 seriyalı 00260198 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 5.908,49 manat, MT2404 seriyalı 00638452 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 8.232,86 manat, MT2404 seriyalı 00639091 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 12.489,12 manat, MT2404 seriyalı 00639944 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 11.061,792 manat, MT2404 seriyalı 00674167 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 10.899,66 manat, MT2405 seriyalı, 11089756 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 4.600,0058 manat, MT2406 seriyalı 10447998 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2.449,9986 manat, MT2406 seriyalı 262017 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 500 manat dəyərdə olan elektron qaimələr göndərilmişdir.

16. Hazırda iddiaçı cavabdeh tərəfindən müəyyən ödənişlər edildikdən sonra, 5.100 manat məbləğində borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını xahiş edir.

17. İş materiallarından məlum olur ki, tərəflər arasında elektron qaimələr əsasında mal mübadiləsi olmuş, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

20. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, məhkəmə icraatı dövründə tələb edilən borc məbləğindən müəyyən ödənişlər də etmiş, lakin qalıq borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 5.100 məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 431,38 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Son elektron qaimənin xx.xx.2024-cü il tarixində göndərildiyini və iddia ərizəsinin təxmini 12 ay sonra xx.xx.2025-ci il tarixdə verildiyi, nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 255 (5.100x5/100=255 (1 il üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə hesab edir ki, iddianın 320 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir.

25. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Ekol Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli order verilmiş, iddiaçı tərəfindən 320 manat məbləğində vəkil xərci ödənilmişdir.

26. Bundan başqa məhkəmə hesab edir ki, təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,05 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 5.100 (beş min yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 255 (iki yüz əlli beş) manat məbləğində pul Cavabdehndən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 98 (doxsan səkkiz) manat 05 (sıfır beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar