Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5995/2025 01.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2023-cü il tarixli 20**-AZ-*** nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış ümumilikdə 2489,80 AZN (iki min dörd yüzsəksən doqquz manat səksən qəpik) və ödənilmiş 45 AZN məhkəmə rüsumunun cavabdeh, "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra İddiaçı) ilə "xxxx" MMC (bundan sonra Cavabdeh) arasında 20 aprel 2023- cü il tarixli 20**-AZ-*** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən İddiaçı, yəni X1 Protokollarında göstərilən malları Alıcıya satır, Cavabdeh, yəni Alıcı isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği Satıcıya ödəyir. İş materiallarına əlavə edilmiş ******* nömrəli xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalardan görünür ki, müqavilə üzrə müəyyən edilmiş məhsullar tərəfimizdən verilmiş və qarşı tərəf qəbul etmişdir. Ərizənin qoşmasına əlavə edilmiş elektron qaimə-faktura, qiymətlərin razılaşdırılması protokolu və təhvil təslim aktına əsasən cavabdehin 2110 AZN (iki min yüz on) manat əsas və 379.80 AZN ƏDV olmaqla ümumilikdə 2489.80 AZN borcu yaranmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. -Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. -Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20 aprel 2023- cü il tarixli 20**-AZ-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcının istifadəsi üçün nəzərdə tutulan, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma protokollarında / Alış sifarişlərində (bundan sonra “Razılaşma protokolu” adlandırılacaq) göstərilən elektrik və istilik malları,avadanlıqları (bundan sonra “Mal” adlandırılacaq) satır. “Alıcı” isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği Satıcıya ödəyir.
6. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, miqdarı, qiyməti, digər əlamətləri və xarakterik xüsusiyyətləri Tərəflər arasında əvvəlcədən razılaşdırılır və Razılaşma protokolunda göstərilir.
7. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri X2 / Satınalma Sifariş (Purchase Order -PO) Sənədində və Elektron-Qaimələrə (bundan sonra “e-qaimə” adlandırılacaq) əsaslanır. Satılan mallar təhvil-təslim aktı və e-qaimə əsasında Alıcıya təhvil verilməlidir. Malların təslimatı tərəflərin qarşılıqlı razılaşmasına əsasən ediləcəkdir.
8. Müqavilənin 2.2-ci bəndinə əsasən mallar Alıcı tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ 100% tam şəkildə Satıcının müqavilədə göstərilən hesabına ödənildikdən sonra Satıcı tərəfindən təmin olunur.Satılan mallar təhvil-təslim aktı və ya e-qaimə faktura əsasında Alıcıya təhvil verilməlidir. Malın Alıcıya çatdırılması ilə bağlı bütün xəıcləri Satıcı öz öhdəsinə götürür.Çatdırılma yalnız Bakı şəhəri daxilinə aiddir.
9. Müqavilənin 2.3-cü bəndinə əsasən hazırki Müqavilə üzrə bütün ödənişlər nağdsiz hesablaşmalar qaydasında Azərbaycan manatı ilə aparılır.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan mallar tərəflər arasında razılaşdırılan müddətdə “Alıcıya təhvil verilir. Malların təslimatı tərəflərin qarşılıqlı razılığına əsasən “Satıcının və yaxud “Alıcı”nın anbarıdır.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən malların təhvil verildiyi tarix olaraq təhvil-təslim aktında və ya e-qaimədə göstərilən tarix qəbul edilir.
12. Müqavilənin 3.3-cü bəndinə əsasən bu Müqaviləyə əsasən satılan Mallar “Satıcı” tərəfindən təhvil verildiyi və “Alıcı” tərəfindən dəyəri tam şəkildə ödənildiyi andan “Alıcının mülkiyyəti hesab olunur.
13. Tərəflər arasında bağlanmış 15 aprel 2024-cü il tarixli Əlavə № 7-X3 əsasən 3 adda mallın cəmi qiyməti ƏDV daxil 2489,80 manat məbləğində razılaşdırılmışdır.
14. xx.xx.2024-cü il tarixli MT**********80 nömrəli e-qaiməyə əsasən 2489,80 manat məbləğində malların satışına dair İddiaçı MMC tərəfindən Cavabdeh MMC –yə e-qaimə göndərilmişdir.
15. 05.04.2024-cü il tarixli İL-50374 nömrəli təhvil-təslim aktına əsasən 1920 manat (ədv-siz) məbləğində, xx.xx.2024-cü il tarixli İL-50417 nömrəli təhvil-təslim aktına əsasən 190 manat (ədv-siz) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
16. 26.04.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 400 manat məbləğində və 167 manat məbləğində, xx.xx.2023cü il tarixli ödəniş qəbzinə əssaən 1242 manat məbləğində ödəniş edilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
23. Göründüyü kimi tərəflər arasında 20 aprel 2023- cü il tarixli 20**-AZ-*** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcının istifadəsi üçün nəzərdə tutulan, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma protokollarında/Alış sifarişlərində göstərilən elektrik və istilik malları, avadanlıqları satır, “Alıcı” isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği Satıcıya ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 2489,80 manat ödənilməmiş borcu qalmışdır (iddia ərizəsinə əlavə edilmiş ödəniş sənədləri 2023cü il tarixinə aiddir, tələb olunan borc məbləği isə 2024-cü il tarixli təhvil-təslim və 2024-cü il tarixli e-qaimə üzrədir).
24. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2489,80 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 2489,80 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2489,80 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
IV. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 20 aprel 2023-cü il tarixli 20**-AZ-*** nömrəli alğısatqı müqaviləsinə əsasən yaranmış 2489,80 manat borc məbləği və dövlət rüsumu xərcinin əvəzi olaraq 45 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova