Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-600/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 3492 manat gecikdirilmiş əsas borc, 3543,32 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli müqaviləyə əsasən cavabdeh kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 2.2. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-24/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli və xx.xx.2011-ci il tarixli 1246- L/11 nömrəli lizinq müqavilələri üzrə Cavabdeh 9288 manat əsas borc, 300 manat cərimə borcunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə əsas borc məbləğinin 8738 manat olan hissəsi xx.xx.2011-ci il tarixli 1187- L/11 nömrəli lizinq müqaviləsi üzrə, 550 manat olan hissəsi isə xx.xx.2011-ci il tarixli 1246- L/11 nömrəli lizinq müqaviləsi üzrə ödənilməli öhdəliklərə aiddir. 2.3. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli maliyyə arayışına dəqiqləşməyə dair maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli lizinq müqaviləsi üzrə 3492 manat gecikdirilmiş borc və 3543,32 manat cərimə borcu qalmışdır. 2.4. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəmədən kənar həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayış təqdim edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Şəki Kommersiya Məhkəməsinin qətnaməsindən xəbərsiz olmuşdur. 2013-cü ildən lizinq müqaviləsi üzrə ondan pul tələb olunmamış, ödənişi kimə həyata keçirməli olduğundan məlumatsız olmuşdur. Cərimə məbləğinin tam silinməsini məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, lizinq obyekti olan traktor onun istifadəsindədir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. Məhkəməyə təqdim edilən "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 1467/Ü nömrəli texnikaların lizinqə verilməsi barədə əmrindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli sifarişinə və "xxxx" ASC ilə bağlanmış xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli lizinq müqaviləsinə əsasən markası MTZ-1221 olan 1 ədəd traktorun 36 500 manata lizinqə verilməsi əmr edilmişdir.
11. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış (birinci Lizinq verən, ikinci Lizinq alan qismində) "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli müqavilənin predmetlə bağlı şərtlərindən görünür ki, Lizinq verən ümumi məbləği 36 500 manat olan olan 1 ədəd traktor dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə lizinqə verir (1.1). Lizinq alan texnikanın dəyərindən 3650 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür (1.2). Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur (1.4). Aşağıdakı sənədlər bu müqavilənin tərkib hissəsi hesab olunur: lizinq alanın xx.xx.2011-ci il tarixli sifarişi; lizinq ödəniş qrafiki (Əlavə №1); texnikanın verilməsi barədə qaimə (1.5).
12. Adıçəkilən müqavilənin lizinq ödənişləri ilə bağlı şərtlərindən görünür ki, lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir (4.1). Hər təqvim ilinin sonunda və müqavilənin müddəti başa çaldıqda tərəflər qarşılıqlı hesablaşmaların yoxlanışını həyata keçirirlər (4.3).
13. Sözügedən müqaviləyə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, ilkin ödəniş tarixi 2012-ci ilin İİİ rübü, son ödəniş tarixi 2021-ci ilin İİ rübü olmaqla ümumilikdə 32850 manat (36 500 manat-3650 manat ilkin ödəniş) məbləğində lizinq ödənişi razılaşdırılmışdır.
14. İş materiallarında olan xx.xx.2011-ci il tarixli texnikaların təhvil-qəbulu barədə aktdan görünür ki, markası MTZ-1221 olan 1 ədəd traktor lizinq alana təhvil verilmişdir.
15. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli müqavilə üzrə müqavilənin qiymətini 36 500 manat, ödənilmiş və güzəşt edilmiş məbləğ 24270 manat, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-24/2020 saylı qətnaməsi ilə ödənilməmiş məbləğ 8738 manat, gecikdirilmiş borc 3492 manat təşkil edir.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli lizinq müqaviləsi üzrə (lizinq obyekti traktor) lizinq obyektinin qiyməti 36 500 manat, cəmi ödəniş 9670 manat (ilkin ödəniş 3650 manat, qrafik üzrə ödəniş 6020 manat olmaqla), güzəştin məbləği 14 600 manat olmaqla cəmi ödənilmiş öhdəlik 24 270 manat, qalıq borc isə 12 230 manat təşkil edir.
17. Məhkəmə aktlarının vahid elekton bazasından əldə olunan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-24/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli və xx.xx.2011-ci il tarixli 1246-L/11 nömrəli lizinq müqavilələri üzrə Cavabdeh 9288 manat əsas borc, 300 manat cərimə borcunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 1187-L/11 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə ilə lizinq verən ümumi məbləği 36 500 manat olan 1 ədəd MTZ-1221 markalı traktoru dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə lizinq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti cavabdehə təhvil verilmiş, ilkin ödəniş tarixi 2012-ci ilin İİİ rübü, son ödəniş tarixi 2021-ci ilin İİ rübü olmaqla ümumilikdə 32850 manat (36500 manat-3650 manat ilkin ödəniş) məbləğində lizinq ödənişi razılaşdırılmışdır. Müqavilə üzrə cəmi ödəniş 9670 manat (ilkin ödəniş 3650 manat, qrafik üzrə ödəniş 6020 manat olmaqla), güzəştin məbləği 14 600 manat olmaqla cəmi ödənilmiş öhdəlik 24 270 manat, qalıq borc isə 12 230 manat olmuşdur. Həmin məbləğdən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli e-2-2(117)-24/2020 saylı qətnaməsi ilə 8738 manat pulun tutulması qət olunmuşdur.
19. Məhkəmə həmçinin müəyyən edir ki, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
20. İddiaçı lizinq ödənişlərinin qalıq hissəsinin, yəni 3492 manat (12 230-8738) məbləğində pulun tutulmasını tələb edir.
21. Cavabdeh ondan pulun tələb olunmadığını bildirir.
22. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
23. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
25. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
26. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
27. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia əsaslıdır.
28. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
33. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, lizinq müqaviləsi üzrə 3492 manat əsas borc Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı 3543,32 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
36. Cərimənin hesablanması qrafikindən görünür ki, cərimə məbləği 2020-ci ilin İ rübündən hesablanmağa başlanmaqla 3543,32 manat təşkil edir.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
40. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də lizinq müqaviləsi üzrə uzun müddət ödəniş olunmamasına baxmayaraq iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
41. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 130 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 130 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
43. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 500 manat cavabdehdən tutulmasını xahiş etmişdir.
44. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞS/MT-0xx/xx-02483 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mübahisənin predmeti xx.xx.2011 və xx.xx.2011-ci il tarixli müqavilələr olmaqla, tələb olunan məbləğ 10 000 manatdan çox olmuş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir.
45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 500 manat məbləğində pulun 5 saylı vəkil bürosuna 2440 nömrəli müqavilə üzrə (iş materiallarında olan ******* nömrəli vəkil orderində göstərilən müqavilə) ödənilməsi barədə tapşırıq verilmişdir.
46. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
48. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
50. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən iddia qiyməti 5001 manatdan 10 000 manatadək olduqda haqqın məbləği 100 manat təşkil edir.
53. Məhkəmə nəzərə alır ki, iddia ilə məhkəməyə müraciət olunarkən Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ilə tutulması qət olunan məbləğ nəzərə alınmadığından iddianın qiyməti 10 000 manatdan çox olmuş, buna uyğun iddiaçının ödədiyi mediasiya xərci yuxarıda qeyd olunan Qərarın tələbinə uyğun 200 manat olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun mediasiya xərci 100 manat olduğundan qeyd olunan xərc ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ iddiaçıya aid edilməlidir.
54. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
55. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
56. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli lizinq müqaviləsi üzrə 3492 (üç min dörd yüz doxsan iki) manat əsas borc, 130 manat cərimə məbləği olmaqla ümumilikdə 3622 (üç min altı yüz iyirmi iki) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 (əlli) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova