Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-600/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd SDVC markalı soyuducuların dəyərinin iki misli həcmində, yəni 3000 (üç min) manat pulun, 220 (iki yüz iyirmi) manat vəkil xidmət haqqı və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə uyğun olaraq, dəyəri 1500 manat olan 1 ədəd SDVC markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəyə verən tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2023-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın tam edilməsini xahiş etmiş, eləcə də iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İstifadəyə verən qismində İddiaçı MMC ilə istifadəçi qismində Cavabdeh arasında bağlanmış 13 noyabr 2023-cü il tarixli, 27304 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən istifadəyə verən özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyə verənin mülkiyyətində olan) reklam xarakterli soyuducuları istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyə verənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyə verən müqavilə şərtlərinə əsasən onun mülkiyyətində olan, 1 ədəd vahidinin qiyməti 1500 manat olan “SDVC” markalı soyuducunu əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəyə verən tələb irəli sürdükdə, o əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. Həmin müqavilənin 2.9-cu maddəsinə əsasən istifadəyəverən istifadəyə verilən soyuducunun qaytarılmasını istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 (üç) gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyə verənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən istifadəçi müqavilənin şərtlərindən hər hansı birini pozarsa, müqaviləyə dərhal xitam verilir və soyuducu istifadəyə verənə qaytarılır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə, istifadəçi soyuducunun ümumi dəyərinin 2 misli həcmində istifadəyəverənin nəfinə ödəyir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyə verən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Müddət bitdikdə tərəflər etiraz etməzsə, müqavilə eyni müddətə yenidən bağlanmış sayılır. - İddiaçı tərəfindən iş materiallarına soyuducu hərəkət əmri adlı sənəd əlavə edilmişdir. -"xxxx" MMC tərəfindən Cavabdeh soyuducunun qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, tərəflər arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ona məxsus dəyəri 1500 manat olan 1 ədəd SDVC markalı soyuducunu cavabdehin əvəzsiz istifadəsinə verməyi, cavabdeh isə həmin əşyanı iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, soyuducunu iddiaçıya qaytarmamışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh soyuducunu 3 gün ərzində geri qaytarmalı olduğu halda, geri qaytarmamış, ona görə də iddiaçının soyuducunun dəyərinin 2 misli həcmində pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, cavabdeh Bundan əlavə iddiaçı 220 manat vəkil xidməti xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, 220 (iki yüz iyirmi) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3000 (üç min) manat, hüquqi xidmətə görə ödənilmiş 220 (iki yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat olmaqla, cəmi 3270 (üç min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-600/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-600/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver