Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6005/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, dəbbə pulu, sadələşdirilmiş icraat) Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış 2519 manat əsas borc, 750 manat dəbbə pulu olmaqla, ümumilikdə 3269 manat pulun və ödənilmiş 52,70 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 oktyabr 2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehin aldığı mebel dəstlərinə görə 2519 manat borcu yaranmış, həmin müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin aylıq yoxlanılması zamanı cavabdeh borcunu təsdiqləyərək bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Lakin bu günə qədər borc məbləğini ödəməmişdir. Cavabdehə göndərilən rəsmi pretenziya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi və bu halda çəkilən bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olacağı bildirilmişdir. Cavabdeh isə şifahi olaraq borcu ödəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixdə təyin edilmiş iclasda iştirak etməmişdir. Həmçinin sözügedən müqavilənin 2.5-ci bəndinə görə, ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0,5 % həddində dəbbə pulu hesablanacaqdır. Beləliklə, 2519 manat əsas borc, ona hesablanmış 750 manat dəbbə pulu cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 385.1 və 21.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq rəsmi qaydada bildiriş iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış (hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş) 08 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, Satıcı (İddiaçı MMC) istehsal etdiyi və ya istehsalçı şirkətdən əldə etdiyi məhsullardan (mebel dəsti) Alıcıya (Cavabdeh MMC) satmağı, Alıcı isə malı alıb bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə görə, verilən sifarişə uyğun olaraq malın dəyəri qabaqcadan və ya mal təhvil verildikdən dərhal sonra yaxud qaimədə qeyd edilən müddət ərzində ödənilməlidir. Eyni zamanda müqavilənin 2.4-cü bəndinə əsasən hər bir halda ödəniş malın təhvil verildiyi ayın sonundan gec ola bilməz. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş və hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmiş 24 dekabr 2021-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixinə müştəri (Cavabdeh MMC) tərəfindən təsdiq edilən borc qalığı 2523 manat təşkil edir. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 08 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək yaranmış borcu ödəməmişdir. Belə ki, 24 dekabr 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi həmin aktı imzalayıb hüquqi şəxsin möhürü ilə təsdiq etməklə 2523 manat borcunun olmasını etiraf etmişdir. Göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və ümumilikdə iddiaçıya 2519 manat borc ödənilməmiş qalmışdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2519 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2519 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbində 750 manat məbləğində cərimə məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2.5-ci bəndində göstərilmişdir ki, ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0,5 % həddində dəbbə pulu hesablanacaqdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). Məhkəmənin qənaətinə görə, iddiaçının tələb etdiyi 750 manat məbləğində dəbbə pulu əsas borca mütənasib deyildir. Məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 125 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Bundan əlavə, iddiaçı 52,70 manat məbləğində mediasiya xərcinin əvəzinin də cavabdehdən tutulmasını tələb edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 25 iyun 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabden ilkin mediasiya sessiyasında iştirak etməmişdir və 65 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı 52,70 manat pulun tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 52,70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2519 (iki min beş yüz on doqquz) manat əsas borc, 125 (yüz iyirmi beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 2644 (iki min altı yüz qırx dörd) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 52 (əlli iki) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6005/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6005/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver