Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6007/2021 24.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9500 manat və ödənilmiş 30 manat rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd və həmin sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında əlavə edilmiş qəbzdə 20 manat dövlət rüsumunun ödənilməsi qeyd olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş və 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən həmin qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbəğlində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin cavabdehə çatdırlması, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi barədə sübutlar, o cümlədən tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı barədə tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, habelə hazırda qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsmunun ödənilməməsi səbəbindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6007/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6007/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver