Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-602/2021 25.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «X5, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı «X5, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinin («X5, İnşaat, Sanayi ve Ticaret» AŞ) Cavabdehnə (Cavabdeh MMC) qarşı pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh «X5, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X5, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkəti («X5, İnşaat, Sanayi ve Ticaret» AŞ) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 76178 (yetmiş altı min yüz yetmiş səkkiz) ABŞ dolları əsas, 5000 (beş min) ABŞ dolları zərər olmaqla, ümumilikdə 81178 (səksən bir min yüz yütmiş səkkiz) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaşçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X5, İnşaat, Sanayi ve Ticaret” Anonim Şirkəti 11.04.2018-ci il tarixdən inşaat sahəsində havalandırma (soyutma və isitmə) sistemlərinin satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “X5, İnşaat, Sanayi ve Ticaret” AŞ 2019-cu ildə Cavabdeh MMC-yə ümumi dəyəri 327178 ABŞ dolları məbləğində olan məhsullar göndərmişdir. Cavabdeh həmin məbləğdən 251000 ABŞ dolları ödəmiş və bu günə 76178 ABŞ dolları borcu qalmışdır. Hazırda Cavabdeh MMC-nin “X5, İnşaat, Sanayi ve Ticaret” Anonim Şirkətinə 76178 (yetmiş altı min yüz yetmiş səkkiz) ABŞ dolları borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsələr də o, hər dəfə müxtəlif bəhanələr gətirməklə iddiaçıya olan 76178 ABŞ dolları borcunu ödəməmişdir. Tərəflərindən cavabdehə 76178 ABŞ dolları borcunun ödənilməsinə dair müraciətləri 11.11.2020-ci il tarixdə cavabdehin rəsmi ünvanına göndərilmiş, lakin cavabdeh tərəf hansısa səbəbdən məktubun qəbulundan imtina etmişdir. Hazırda Cavabdeh MMC-dən 76178 ABŞ dolları pulu başqa qaydada ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Eyni zamanda Cavabdeh MMC «X5, İnşaat, Sanayi ve Ticaret» Anonim Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-dən 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları məbləğində pulun, hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi yardım haqqının və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının “X5, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti ilə Cavabdeh arasında 01 mart 2019-cu il tarixli 2№-li Alqı-satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “X5, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti (bundan sonra “Satıcı” adlanacaq) “Alıcı” Cavabdehnə (bundan sonra “Alıcı” adlanacaq) ümumi dəyəri 600000 (altı yüz min) ABŞ dolları olan malı verməyi, “Alıcı” isə müqavilə ilə nəzərdə tutulmuş malların dəyərini “Satıcı”nın bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 1.2ci bəndinə əsasən hər hansı bir təchiz ediləcək malın (iş və ya xidmətin) adı, miqdarı və qiymətinin müqaviləyə “Əlavə” X2 göstərilməsi nəzərdə tutulmuşdur. Alqı-satqı müqaviləsinin 01.03.2019-cu il tarixli 1 və 2 saylı Əlavələrinə əsasən “Satıcı” yerində təhvil verilməsi şərtilə 05.03.2019-cu il tarixli, A seriyalı, 048267 saylı faktura ilə 157000 (yüz əlli yeddi min) ABŞ dolları; 05.03.2019-cu il tarixli, A seriyalı, 048268 saylı faktura ilə 139000 (yüz otuz doqquz min) ABŞ dolları; 23.05.2019-cu il tarixli, A seriyalı, 048273, 48274 və 48275 saylı fakturalarla 31178 (otuz bir min bir yüz yetmiş səkkiz) ABŞ dolları, cəmi 3 faktura ilə 327178 (üç yüz iyirmi yeddi min bir yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində müxtəlif adlı avadanlıqları “Alıcı”ya təhvil verilməsi şərti ilə Cavabdeh MMC-nin ünvanına göndərilmiş və həmin məbləğdə dəyəri olan mallar “X5, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti tərəfindən gömrük orqanlarından keçirildikdən sonra Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Mallar gömrük orqanlarından keçirilərkən “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən çəkilməli olan gömrük xərcləri, idxal vergisi və sair xərclər, cəmi 195466 (yüz doxsan beş min dörd yüz altmış altı) manat (ƏDV-114664,44 manat, idxal gömrük rüsumu – 79192,07 manat, sair gömük yığımları - 1610 manat) məbləğində pul “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin 12.09.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh MMC tərəfindən gömrük və vergi orqanlarına ödənilmişdir. Bundan sonra 19.03.2019- cu il tarixli, 01 №-li Köçürmə Sifarişi ilə 30000 (otuz min) ABŞ dolları; 10.04.2019-cu il tarixli №li Köçürmə Sifarişi ilə 153000 (yüz əlli üç min) ABŞ dolları; 08.05.2019-cu il tarixli 03 №-li Köçürmə Sifarişi ilə 68000 (altmış səkkiz min) ABŞ dolları olmaqla, 3 dəfəyə 251000 (iki yüz əlli bir min) ABŞ dolları da “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin Türkiyə Cümhuriyəti “Vakıfbank”ın “Altınoluk Şöbe”sindəki hesabına köçürülmüşdür. Bununla da, çəkilmiş xərclərlə birlikdə “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-yə 365980 (üç yüz altmış beş min doqquz yüz səksən) ABŞ dolları məbləğində pul ödənilmişdir. Lakin “Satıcı” “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən 327178 (üç yüz iyirmi yeddi min bir yüz yetmiş səkkiz) ABŞ dolları dəyərində malı göndərdikdən sonra, yerdə qalan 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları dəyərində olan malı göndərməmişdir. Bununla bağlı “Satıcı” “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-yə 22.07.2019-cu il tarixli, 38 saylı xəbərdarlıq məktubu göndərilmiş və ondan işlərin görülməsi tələb edilmişdir. Lakin xəbərdarlığa baxmayaraq, “Satıcı” yerdə qalan malı göndərməmişdir. Buna görə də, Cavabdeh MMC “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-yə 06.05.2020-ci il tarixli, 19 saylı Pretenziya məktubu göndərərək, borclu qaldığı 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları məbləğində pulu pretenziya məktubunu aldığı gündən 15 bank günü ərzində Cavabdeh MMC-nin hesabına qaytarmasını tələb etmişlər. Lakin cavabdeh pretenziya məktubunda qeyd edilən tələbləri yerinə yetirməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X4 oğlu qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarından görünür ki: - “Satıcı” “X5, İnşaat, Sanayi və Ticaret” AŞ ilə “alıcı” Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı malları təchiz edir, alıcı isə həmin malları alır. Müqailənin ümumi dəyəri 600000 ABŞ dolları təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hər hansı bir təchiz ediləcək malın adı, miqdarı və qiyməti müqaviləyə “Əlavə” X2 göstəriləcəkdir. “Əlavə”lər vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. “Əlavə”lər tərəflərin razılığına əsasən tərtib olunacaq. - “X5, İnşaat, Sanayi və Ticaret” AŞ ilə Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli 02 nömrəli alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsində (məhsulun təminatının təsnifatı və qiymətlərin razılaşma protokolu), 8 adda malın ümumilikdə qiyməti 296000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - “X5, İnşaat, Sanayi və Ticaret” AŞ ilə Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli 02 nömrəli alqı-satqı müqaviləsinin 2 saylı Əlavəsində (məhsulun təminatının təsnifatı və qiymətlərin razılaşma protokolu), 63 adda malın ümumilikdə qiyməti 31178 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - 19.03.2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin TR**********58048016 nömrəli hesabına 30000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. - 10.04.2019-cu il tarixli, 02 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin TR**********58048016 nömrəli hesabına 153000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. - 08.05.2019-cu il tarixli, 03 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin TR**********58048016 nömrəli hesabına 68000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. - 15.03.2019-cu il tarixli, A formatlı, 79 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 39695 manat məbləğində ödəniş edilmişdir. - 15.03.2019-cu il tarixli, A formatlı, 80 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 600 manat məbləğində ödəniş edilmişdir. - 15.03.2019-cu il tarixli, A formatlı, 82 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 55296,90 manat məbləğində ödəniş edilmişdir. - 15.03.2019-cu il tarixli, A formatlı, 85 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 35445 manat məbləğində ödəniş edilmişdir. - 15.03.2019-cu il tarixli, A formatlı, 86 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 600 manat məbləğində ödəniş edilmişdir. - 03.06.2019-cu il tarixli, A formatlı, 248 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 4052,07 manat məbləğində ödəniş edilmişdir. - 03.06.2019-cu il tarixli, A formatlı, 249 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 400 manat məbləğində ödəniş edilmişdir. - 03.06.2019-cu il tarixli, A formatlı, 250 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" ASC-də Bakı Baş Gömrük İdarəsinin AZ33CTRE**********0002248472 nömrəli hesabına 10 manat məbləğində ödəniş edilmişdir. - 15.03.2019-cu il tarixli, **********762920 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) ƏDV sub-uçot hesabından Bakı Baş Gömrük İdarəsinə (VÖEN: **********) 49023,90 manat məbləğində ödəniş edilmişdir. - 03.06.2019-cu il tarixli, **********018298 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) ƏDV sub-uçot hesabından Bakı Baş Gömrük İdarəsinə (VÖEN: **********) 10343,64 manat məbləğində ödəniş edilmişdir. -“X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən Cavabdeh MMC-yə ilkin iddia tələbində göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. - Cavabdeh MMC tərəfindən “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-yə ünvanlanan 06.05.2020-ci il tarixdə 16 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi aşağıda sadalanan əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən “X5, İnşaat, Sanayi və Ticaret” AŞ üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh MMC-yə 327178 ABŞ dolları məbləğində mallar göndərmiş, Cavabdeh MMC həmin məbləğdən cəmi 251000 ABŞ dolları ödəmiş, 76178 ABŞ dolları məbləğində borc isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilkin iddia tələbinin cavabdehdən əsas borca görə 76178 (yetmiş altı min yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində pulun tutulması hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən ümumi dəyəri 327178 ABŞ olan malların Cavabdeh MMC-yə göndərilməsi, Cavabdeh MMC-nin həmin məbləğdən cəmi 251000 ABŞ dolları ödəməsi, 76178 ABŞ dolları məbləğində borcun isə ödənilməməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ilk iddia həmin hissədə təmin olunmalıdır. İlk iddia üzrə iddiaçı həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443, 449 və 21-ci maddələrinə əsaslanmaqla zərərin əvəzi olaraq 5000 (beş min) ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, ilk iddiaçı tələbinin həmin hissəsini, yəni real zərər və ya əldən çıxmış faydanın nədən ibarət olması, pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdehin ondan faydalanmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-dən 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları məbləğində pulun tutulmasından ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qeyd etmişdir ki, alınan mallar gömrük orqanlarından keçirilərkən “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən çəkilməli olan gömrük xərcləri, idxal vergisi və sair xərclər, cəmi 195466 manat məbləğində pul “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin 12.09.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh MMC tərəfindən gömrük və vergi orqanlarına ödənilmişdir. Bundan sonra 251000 (iki yüz əlli bir min) ABŞ dolları da “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin hesabına köçürülmüşdür. Bununla da, çəkilmiş xərclərlə birlikdə “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-yə 365980 ABŞ dolları məbləğində pul ödənilmişdir. Lakin “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən 327178 (üç yüz iyirmi yeddi min bir yüz yetmiş səkkiz) ABŞ dolları dəyərində malı göndərdikdən sonra, yerdə qalan 38802 ABŞ dolları dəyərində olan malı göndərməmişdir. Beləliklə, Cavabdeh MMC həmin vəsaitin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, mallar gömrük orqanlarından keçirilərkən gömrük xərcləri, idxal vergisi və sair xərclərin “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən çəkilməli olması, yəni bununla bağlı “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin öhdəliyinin olması müqavilə və ya digər sənədlərdən müəyyən olunmur. ilk iddiaçının öhdəliyi malların təchiz edilməsi, göndərilməsindən ibarət olmuş, mallar göndərilmiş və alıcı tərəfindən qəbul edilmişdir. Qarşılıqlı iddiaçı 12.09.2019-cu il tarixli məktuba əsaslanaraq (həmin məktubda qeyd edilir ki, Genka Klima olaraq X3 ilə bağlı gələn klima və təsisat mallarının gömrükdəki xərci, vergi, ədv və tır nəqliyyatı pullarının Cavabdeh MMC tərəfindən ödənilərək daha sonra “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin hesabından silinməsi xahiş olunur) hesab edir ki, çəkdiyi gömrük xərcləri, idxal vergisi və sair xərclərin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməli olması nəzərə alınaraq, 38802 ABŞ dolları dəyərində olan mallar da AŞ tərəfindən göndərilməli idi, lakin göndərilməyib, ona görə də həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı qeyd olunan məbləği qarşılıqlı iddia üzrə cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, qeyd olunduğu kimi, gömrük xərcləri, idxal vergisi və sair xərclərin “X5, İnşaat, Sanayi və Ticaret” AŞ tərəfindən çəkilməli olması, yəni bununla bağlı “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin öhdəliyinin olması öz təsdiqini tapmır. “X5, İnşaat, Sanayi və Ticaret” AŞ-nin nümayəndəsi bununla bağlı tərəflər arasında hər hansı razılaşmanın olmadığını bildirmişdir. Eyni zamanda tərəflərin nümayəndələri işgüzar münasibətlərinin yalnız 01 mart 2019-cu il tarixdə bağlanılmış alqısatqı müqaviləsindən ibarət olmadığını qeyd etmişlər. Cavabdeh MMC tərəflər arasında aparıldığını iddia etdiyi yazışmaların hazırkı mübahisə ilə bağlı olduğunu da sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının istinad etdiyi məktubu (kserosurəti məhkəməyə təqdim olunmuşdur), eləcə də Cavabdeh MMC-nin başqa hüquqi şəxslərlə bağladığı bir sıra müqavilə və həmin müqavilələrə aid sənədləri hazırkı iş üzrə sübut olaraq qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-nin “X5, İnşaat və Ticarət” Anonim Şirkətinə qarşı pul tələbinə dair qarşılıqlı iddianı əsassız sayır və belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia 38802 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsində rədd edildiyindən, vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi yardım haqqı və 30 manat dövlət rüsumun əvəzinin cavabdehdən alınıb Cavabdeh MMC-yə ödənilməsi hissəsində də rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə iddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq ilkin iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 2 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 28 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 76178 (yetmiş altı min yüz yetmiş səkkiz) ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat məbləğində pul “X5 İnşaat, Sanayi ve Ticaret” Anonim Şirkətinin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia verilərkən ödənilmiş 2 (iki) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-602/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-602/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver