Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-605/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Süleymanov Maftunun iştirakları ilə, İddiaçı "Cavabdeh" açıq səhmdar cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 3.920,55 (üç min doqquz yüz iyirmi manat əlli beş qəpik) manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 700 (yeddi yüz) manat, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 (bir yüz əlli) manat, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4.800,55 (dörd min səkkiz yüz manat əlli beş qəpik) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Cavabdeh" açıq səhmdar cəmiyyətinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 3.920,55 (üç min doqquz yüz iyirmi manat əlli beş qəpik) manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 700 (yeddi yüz) manat, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 (bir yüz əlli) manat, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4.800,55 (dörd min səkkiz yüz manat əlli beş qəpik) manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsisi onunla əsaslandırılmışdır ki, İddiaçı” MMC ilə cavabdeh "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi "Cavabdeh"ASC-yə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 4.1-ci bəndinı əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 (beş) iş günündən gec olmayaraq aparmalıdır. "Cavabdeh" ASC-yə məxsus **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində və **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində göstərilmiş xidmətlərin dəyəri ödənilməmiş, nəticədə cavabdehin iddiaçıya 3.920,55 manat borcu yaranmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2019-cu il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə sənəddə də göstərildiyi kimi 11 mart tarixində xidmət göstərilmiş, xidmətin qüsurlu olması ilə bağlı qarşı tərəfdən heç bir iddia qaldırılmamışdırş İddiaçının nümayəndəsi iddianın təmin olunmasını xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 3.920,55 (üç min doqquz yüz iyirmi manat əlli beş qəpik) manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 700 (yeddi yüz) manat, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 (bir yüz əlli) manat, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4.800,55 (dörd min səkkiz yüz manat əlli beş qəpik) manat pul məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh ASC-yə məxsus **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı MMC ilə bağlanmış müqavilə şərtlərinə əsasən təmir üçün təqdim edilmiş və texniki xidmət göstərilmişdir. Avtomobilə texniki xidmət göstərilərək təhvil verilmiş və qəbul edildikdən az müddət sonra bir sıra nasazlıqlar aşkar olunmuşdur. Belə ki, **-AN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü ötürmələr qutusunda və mühərrikin yağlama sistemlərində əlavə səslərin yarandığını bildirmişdir. Bununla əlaqədar cəmiyyətin Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin əməkdaşları avtomobilə baxış keçirmişlər. xx xxxx 2019-cu il tarixdə avtomobilin texniki vəziyyəti araşdırılarkən elektrik sistemində, ötürmələr qutusunda səslə müşahidə olunan nasazlığın əmələ gəldiyini və mühərrikin yağlama sistemində növbəti planlı texniki qulluğun aparılmasına zərurət yarandığına dair akt tərtib olunmuşdur. Yaranmış nasazlıqla bağlı təmir xidməti ilə əlaqə saxlanmış mövcud qüsurlar bildirilərək elektrik sistemində, ötürmələr qutusunda yaranmış problemlərin aradan qaldırılması və mühərrikin yağlama sisteminə növbəti planlı texniki qulluğun aparılması zərurəti bildirilmişdir. Buna baxmayaraq İddiaçı MMC xx.xx.2019-cu il tarixdə hesab faktura və təmir kartı göndərərək xidmət haqqının ödənilməsini tələb etmişdir.Cavabdehin nümayəndəsi qeyd edilən avtomobilə 11 mart tarixində deyil daha öncə texniki xidmət göstərildiyini belə ki 07 mart tarixində nasazlıq aşkar edildiyini bildirmişdir.Digər ** PE *** nömrəli avtomobilə göstərilmiş texnili xidməti mübahisələndirmədiklərini, digər avtomobilə göstərilmiş xidmətin qüsurlu oplması səbəbindən ödəmə həyata keçirmədiklərini bildirmişdir. sadəcə Tərəflər arasında bağlanmış müqavilənin 2.1.5-ci bəndinə əsasən “İcraçı” (İddiaçı MMC) təmir həyata keçirildikdən sonra avtonəqliyyatı “Sifarişçi”yə (Cavabdeh ASC-yə) tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənləşdirilmiş müddətdə verməyi öhdəsinə götürür. Buna görə də hesab edirik ki, iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Cavabdehin nümayəndəsi sonda iddianın rədd edilməsini məhkəmədən xhaiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2008ci il tarixli, 15/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilədən görünür ki, icraçı İddiaçı MMC sifarişçi "Cavabdeh" ASC-nin sifarişi əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, sifraişçi isə görülmüş işi qəbul edib, onun dəyərini həmin müqavilənin şərtləri ilə vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 (beş) iş günündən gec olmayaraq aparmalıdır. Qeyd olunan Müqavilənin 5.4-cü bəndinə əsasən Sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı həmin Müqavilənin 4.2-ci bəndində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, 024020-1 nömrəli təmir kartından və onun əsasında cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 021955 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "Cavabdeh" açıq səhmdar cəmiyyətinə sonuncunun sifarişi əsasında ** PE *** dövlət qeydiyyat nömrəli avtomobilinə cəmi 632,48 manat məbəğində servis və texniki xidmətlər göstərmişdir. Mülki işdə olan xx.xx.2019-cu il tarixli, 023905-1 nömrəli təmir kartından və onun əsasında cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 491380 nömrəli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən "Cavabdeh" açıq səhmdar cəmiyyətinə sonuncunun sifarişi əsasında ** AN *** dövlət qeydiyyat nömrəli avtomobilinə cəmi 3.288,07 manat məbəğində servis və texniki xidmətlər göstərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, cavabdehləin əməkdaşları tərəfindən, sonuncuya məxsus olan və "Cavabdeh" ASC-nin sürücüsü X2 idarə etdiyi Volkswagen Passat markalı ** AN *** dövlət nömrə nişanlı miinik avtomobilinin (buraxılış ili-2007, mühərrik №si BVZ027776, ban № si WWZZZ3CZ8E067540, spidometrin son göstəricisi-375599 km) texniki vəziyyətini araşdırarkən elektrik sistemində, ötürmələr qutusunda səslə müşahidə olunan nasazlığın əmələ gəldiyini və mühərrikin yağlama sisteminə növbəti planlı texniki qulluğun aparılmasına zərurət yarandığını müəyyən edilmiş və diaqnostika əsasında elektrik sistemində və ötürmələr qutusunda yaranmış nasazlıqların araşdırılaraq aradan qaldırılmasını, mühərrikin yağlama sisteminə növbəti planlı texniki qulluğun aparılmasını məqsədəuyğun hesab etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə sonuncunun 3.920,55 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədən müəyyən olunur ki, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 5 (beş) iş günündən gec olmayaraq aparılmadıqda, Sifarişçi göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyinə dair məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə işin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddaçı tərəfindən cavabdehin sifarişi əsasında fərqli tarixdlərdə cavabdehə məxsus 2 avtomobilinə iddiaçı tərəfindən cəmi 3.920,55 manat məbləğində servis və texniki xidmətlər göstərmişdir. Lakin cavabdehin iddiasına əsasən yalnız bir avtomobildə bir sıra nasazlıqlar aşkar olunduğuna görə, o, iddiaçıya ödəniş etməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə araşdırma zamanı , cavabdehə məxsus ** AN *** dövlət nömrə nişanlı avtomaşında yaranmış nasazlıqların məhz iddiaçı tərəfindən göstərilmiş servis xidmətin nəticəsində yaranmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Bundan başqa cavabdehin borcunun ödənilməməsinin səbəbi kimi cavabdehə məxsus avtomaşında yaranmış nasazlıqların məhz iddiaçı tərəfindən göstərilmiş servis xidmətin nəticəsində yaranmasına görə həyata keçirilməməsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasını Mülki qanunverciliyinin tələblərinə uyğun olaraq mülki dövriyyə iştirakçılarının biri-birinə qarşılıqlı borcları olduğu halda belə, onların hər biri aralarında bağlanmış müqavilədən irələ gələn və öz üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetiriməsi üçün müstəqil şəkildə cavabdehdirlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa cavabdeh müqavilə üzrə üzrə edəcəyi ödənişi üzürsüz olaraq, gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 faizi həcmində cərimə ödəməyi üzərinə öhdəlik götürdüyünə görə də, iddiaçı müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə pullu hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Habelə məhkəmə iddiaçının iddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən edilməli olan ödənişin gecikdirilməsi üçün cərimənin ödənilməsi nəzərdə tutulduğundan, əlavə olaraq cavabdehdən gecikdirilmiş məbləğ üzrə faizin tutulması üzrə tələb sonuncunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi nəticəsində baş verdiyinə və bu hərəkətlər nəticəsində iddiaçıya hər hansı bir ziyanın dəyməsi barədə sübütlar məhkəməyə təqdim olunmadığında, iddia həmin hissədə təmin oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən göstərilmiş servis və texniki xidməti haqqı borcu qismində 3.920,55 manat və hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "Cavabdeh" açıq səhmdar cəmiyyətindən, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 15/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətə görə 3.920,55 manat borc məbləğinin, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 4.100 (dörd min yüz) manat 55 (əlli beş) qəpik məbləğində, pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-605/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-605/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver