Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6050/2025 30.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: alqı-satqı müqaviləsi, borc və dəymiş zərərin ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı (iddiaçı) alıcıya (cavabdehə) müqavilənin şərtlərinə uyğun olaraq “Changan F70” markalı, buraxılış ili 2023-cü il olan (VİN:LSCBBZ2G8PG728531, göy metallik rəngli) avtomobili (dövlət qeydiyyat nişanı 77YB394) (bundan sonra – 1-ci Avtomobil) dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə, Avtomobilin dəyəri tam tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı təhvil verilmiş Avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi).
2. Həmçinin, Tərəflər arasında xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı (iddiaçı) alıcıya (cavabdehə) müqavilənin şərtlərinə uyğun olaraq “Changan F70” markalı, buraxılış ili 2023-cü il olan (VİN:LSCBBZ2G2PG728900, boz metallik rəngli) avtomobili (dövlət qeydiyyat nişanı 77YC594) (bundan sonra – 2-ci Avtomobil) dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə, Avtomobilin dəyəri tam tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı təhvil verilmiş Avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi).
3. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən 1-ci Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 54476 manat müəyyən edilir. Alıcı 4340 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 50136 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 24 ay müddətində, ayda 2089 manat ödəməyi satıcı qarşısında öhdəsinə götürür.
4. Eləcə də, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə 2-ci Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 54334 manat müəyyən edilir. Alıcı 12670 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 41664 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 24 ay müddətində, ayda 1736 manat ödəməyi satıcı qarşısında öhdəsinə götürür.
5. Tərəflər arasında bağlanmış hər iki müqavilənin: 5.1. 2.2-ci bəndinə görə Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məğbləğ (ilkin ödəniş) tərəflər bu imzaladıqdan sonra 1 iş günü ərzində alıcı satıcıya nağd qaydada ödəyir; 5.2. 2.5-ci bəndinə görə alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satlclya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcıya satıcıya aylıq ödənişin 1% həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir; 5.3. 3.2.7-ci bəndinə görə bu müqaviləyə yuxarıda göstərilən əsaslarla və onların biri ilə vaxtından əvvəl xitam verildikdə satıcı öz mülahizəsinə uyğun olaraq müqavillənin icrasında birtərəfli qaydada imtina etmək, Avtomobili geri götermək, Avtomobili satışa çıxarmaq hüququna malikdir. Avtomobil satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda yerdə qalan məbləğ alıcıya qaytarılır. Bu məbləğ alıcının borcunu örəmədiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.
6. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış təhvil-təslim aktı əsasında 1-ci Avtomobil, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı əsasında 2-ci Avtomobil cavabdehin istifadəsinə verilmişdir.
7. 1-ci Avtomobil xx.xx.2024-cü il tarixdə, 2-ci Avtomobil isə xx.xx.2025-ci il tarixdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı tərəfindən, 1-ci avtomobil barədə İcra edilmiş xidmətlərə dair tərtib edilmiş Aktlarda avtomobilə ümumilikdə (cari servis və dəymiş zərərə dair xərclərlə birlikdə) 1199,67 manat, 2-ci avtomobil barədə İcra edilmiş xidmətlərə dair tərtib edilmiş Aktda avtomobilə ümumilikdə (cari servis və dəymiş zərərə dair xərclərlə birlikdə) 1666,55 manat zərər dəydiyi qeyd edilmişdir.
8. Bundan başqa, iddiaçı tərəfindən 1-ci Avtomobilə dair xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xx.xx.2024cü il tarixdə, 2-ci Avtomobilə dair xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixdə müvafiq bildirişlər göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
9. İddiaçı xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 8236 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 2508,20 manat dəbbə pulu, “Changan F70” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1199,67 manat; xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 6944 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2083,20 manat dəbbə pulu, “Changan F70” markalı, **-YC-*** dövlət qeydiyya nişanlı avtomobilə dəymiş zərərə görə 1666,55 manat pul vəsaiti olmaqla, ümumilikdə 22.637,62 manat məbləğində pul vəsaitinin və ödənilmiş 161 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair sonradan dəqiqləşdirməklə (xx.xx.2026) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında arasında bağlanmış xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı “Changan F70” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı; xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Changan F70” markalı, **-YC- *** dövlət qeydiyyat nişanlı avtomobilləri cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətlərini həmin müqavilələrdə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrdə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilələrin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilələr üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilələr birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktublar göndərilmişdir. “Changan F70” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində; “Changan F70” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixində iddiaçıya təhvil verildikdən sonra onlara geri qaytarılma günlərinə mövcud xərclərinin müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq olaraq xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublar göndərilərək baxış keçiriləcəyi və baxışda iştirak edə biləcəyi bildirilmişdir. Lakin cavabdeh qeyd olunan tarixlərdə keçirilmiş baxışlarda iştirak etmədiyindən, baxışın nəticəsinə dair tərtib olunmuş təmir aktları müvafiq olaraq xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarla ünvanına göndərilmiş və razı olmadığı halda müstəqil ekspert cəlb edilə biləcəyinin mümkün olduğu nəzərinə çatdırılmış, qeyd olunan məktublara cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. Avtomobillərə dəymiş zərərin aradan qaldırılmasına çəkilmiş xərclərin ümumi dəyəri: “Changan F70” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobil üzrə 1199,67 manat; “Changan F70” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobil üzrə 1666,55 manat təşkil etmişdir. Eyni zamanda, C-307-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 8236 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2508,20 manat dəbbə pulu; C-336-AAE-23 nömrəli alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan – xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ödənilməmiş 6944 manat əsas borc, həmin tarixədək borcun ödənilməsinin gecikdirildiyi günlər üçün 2083,20 manat dəbbə pulu hesablanmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
11. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
12. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, satılan avromobillər onlara geri qaytarılanda alıcının və onların əməkdaşlarının iştirakı ilə avtomobilin təhvil-təslimi aparılır vəə bununla bağlı akt tərtib edilir. Bəzən alıcılar avtomobilləri qaytarmaqdan imtina edirlər, bu halda onlar polisə müraciət edir və bu yolla avtomobili təhvil alırlar. Bəzən də alıcılar avtomobillərin sadəcə yerini deyir, əməkdaşları gedib oradan götürürllər. Cavabdeh də avtomobili sevisə özü gətirməmiş, sadəcə yerini demiş və şirkətin əməkdaşları cavabdehdə olan avtomobilləri onun dediyi yerdən gedib götürülər. Avtomobillər servizə gətirilən kimi təmir aktı açılır və bununla dəymiş zərər müəyyən edilir.
13. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, 1-ci avtomobil (“Changan F70” markalı, ** YB *** dövlət qeydiyyat nişanlı) 2024-cü ilin avqust ayında, 2-ci avtomobil isə (“Changan F70” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı) 2024-cü ilin dekabr ayında qaytarmışdır. Ondan 9 ay müddətinə heç bir ödəniş tələb edilməməsi inandırıcı deyil, çünki bir-iki ay ödənişi etməyəndə dərhal zəng edib, tələb edirdilər. Avtomobilləri gətirib servisdə təhvil verməyib, ödəniş etmədiyinə görə zəng edib polislə hədələdiklərindən, avtomobilin yerini şirkətin əməkdaşlarına bildirmiş, onlar da gedib olduğu yerdən götürüblər. Avtomobillərə görə ödənişləri ayrı-ayrılıqda deyil, birlikdə etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
20. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
22. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
27. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
28. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
29. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında, ilkin ödəniş edildikdən sonra qalan dəyərinin sonradan ödənilməsi şərtilə 2 nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Avtomobillər cavabdehə təhvil verilmiş, bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 2 ədəd təhvil-təslim atı imzalanmışdır.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən Avtomobilləri almaq, ödənişi tam bitdikdən sonra onu öz mülkiyyətinə keçimək hüququna malik olduğu kimi, eyni zamanda onun dəyərini müqavilədə göstərilən qaydada ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Əvvəldə də qeyd edildiyi kimi, alıcının müqavilə üzrə aldığı əşyanı ödəmək öhdəliyi, məhz əşyanın ona təhvil verilməsindən sonra (əgər əşya müqaviləyə uyğun verilmişsə və hər hansı mübahisə yoxdursa) yaranmış olur.
31. Məhkəmə araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə əsasında Avtomobilləri əldə edərək ondan istifadə etmiş, lakin onların qalıq dəyərini ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmiş, bununla da öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, Qalıq borc sayılacaq 50136 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 24 ay müddətində, ayda 2089 manat ödəməyi, xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən isə qalıq borc sayılacaq 41664 manat məbləği isə alıcı xx.xx.2023-cü il tarixdən etibarən 24 ay müddətində, ayda 1736 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 1-ci Avtomobilə dair Arayışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 6196 manat əsas, 1250 manat cərimə borcuna görə olmuş, bununla da onun xx.xx.2024-cü il tarixinə ödənilməmiş 8236 manat əsas borcu qalmışdır. 2-ci Avtomobilə dair Arayışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 5208 manat əsas, 750 manat cərimə borcuna görə olmuş, bununla da onun xx.xx.2024-cü il tarixinə ödənilməmiş 6944 manat əsas borcu qalmışdır.
32. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən avtomobilləri almaq hüququna malik olduğu kimi, onun dəyərini ödəməli olmasına dair vəzifəsini lazımınca icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsini qismən əsaslı hesab edir.
34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə) borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış hər iki müqavilənin 2.5-ci bəndində cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.
35. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli müqavilə üzrə 412 manat, xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli müqavilə üzrə isə 347 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
36. Məhkəmə hesab edir ki, iddia tələbi avtomobillərə çəkilmiş xərcin tələb edilməsinə aid hissədə təmin edilməməlidir. Belə ki, materialları ilə, eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi, avtomobillər cavabdeh tərəfindən servisə gətirilməmiş, habelə avtonobillərə baxış keçirilməsində cavadbehin iştirakı təmin edilməmişdir. İddiaçının nümayəndəsi avtomobillərə baxış keçirilməsi barədə cavadehə rəsmi bildiriş-məktub göndərilməsini bildirsə də, həmin məkturbaların cavabdehə rəsmi qaydada çatdırılması barədə suburlar məhkməyə təqdim edilməmişdir.
37. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, “Changan F70” markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə servis mərkəzinə gətirilməsinə baxmayaraq ona iddiaçı tərəfindən texniki baxış xx.xx.2025-ci il tarixdə (xx.xx.2025-ci il tarixli məktub), “Changan F70” markalı, ** YC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə iddiaçının servis mərkəzinə gətirilsə də, ona texniki baxış xx.xx.20205-ci il tarixdə keçirilmişdir. Avtomobillərin servisə gətirilməsindən bir-ki ay keçdikdən sonra təmir aktlarında, eləcə də icra edilmiş xidmətlərə dair aktlarda göstərilən zərərlərin avtomobillərə dəyməsində cavabdehin təqsirinin olması barədə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.
38. Məhkəmə hesab edir ki, iddia qismən təmine dildiyindən ödənilmiş dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən tərəflərə aid edilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, C-307-AAE-23 nömrəli alqısatqı müqaviləsi üzrə 8236 manat əsas borc, 412 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli, C-336-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 6944 manat əsas borc, 347 manat dəbbə pulu, cəmi 15939 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 113 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 48 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı