Məhkəmə qərarları › İş №e-2-2(113)-6066/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6066/2022

31.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6066/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsinin və "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 42574,9 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxx 1967-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 42168,66 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 406,24 manat olmaqla, ümumilikdə 42574,9 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********140000 nömrəli, xx.xx.2019-cu il tarixli **********256300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna olan 42574,9 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili bildirdi ki, Maraqlı şəxs 2021-ci ildə Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsindəki vəzifəsindən azad edilmişdir. Hazırda Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində çalışır. Eyni zamanda “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 406,24 manat məbləğində borcu ödənilmişdir. Ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 121111 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 406,24 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizədə göstərilən borcu ilə bağlı təyinatı üzrə ödənişlər həyata keçirilmişdir. Eyni zamanda Maraqlı şəxs məxsus xx.xx.1992-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindəki vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən azad edilmişdir. Əmək kitabçasındakı qeydlərdən görünür ki, Maraqlı şəxs hal-hazırda Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində rəisin 1-ci müavini vəzifəsində çalışır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normalarını tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iş üzrə borclarının olması müəyyən edilmədiyindən və Maraqlı şəxs hazırkı vaxtda Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nəzdində Təmir-Tikinti Sahəsinin qanuni təmsilçisi olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-5-355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar