Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6068/2024 14.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, hüquqi yardım və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borca görə 51000 manat, vurulmuş maddi zərərə görə 3570 manat, 246 manat miqdarında dövlət rüsumunun, 300 manat miqdarında vəkil xidmətinə görə ödənilmiş pul vəsaitlərinin,cəmi 55116.00 manat pulun tutulub İddiaçı QSC-yə ödəniməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 27. 11. 2020-ci ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. **********VÖEN nömrəsi ilə kommersiya fəaliyyət ilə məşğul olur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 ilə Cavabdeh direktoru X1 arasında xx.xx.2024-cü il tarixlialqı-satqımüqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-cimaddəsi ilə razılığa gəlinmişdir ki, “Müqaviləyə əsasən “satıcı” “Alıcı”ya mal satır,“Alıcı” isə həmin malı qəbuledir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini“Satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci maddəsinə əsasən malın növü,çeşidi, tərkibi, ölçüsü, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqaviləyə ayrılmaz tərkib hissəsi olan Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 3cü maddəsi ilə tərəflərin hüquq və vəzifələrinə dair razılığa gəlmişlər. Cavabdeh MMC ilə İddiaçı QSC arasında bağlanmış müqavilənin şərtləri İddiaçı QSC tərəfindən yerinə yetrilmiş və tərəflərin razılaşdığı əsaslarla Cavabdeh MMC-yə malların satışı və təhvil verilməsi təmin olunmuşdur. Belə ki, Müqavilə əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli EBEC 332217 saylı e-qaim ilə Cavabdeh MMC-yə dəyəri 17 000 manat olmaqla 20 000 kg qarabaşaq verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktı ilə həmin mallar “Alıcı”ya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli EBEC 776700 saylı e-qaimə ilə Cavabdeh MMC-yə dəyəri 39 000 manat olmaqla 20 000 kg qırmızı mərci verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktı ilə həmin mallar “Alıcı”ya təhvil verilmişdir. Mallar verildikdən sonra tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC-yə verilmiş ümumi dəyəri 56 000 manat olan qida məhsullarının yalnız 5000 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödəmişdir. Tərəflər arasında bağlanılmış Müqavilənin 4.1 maddəsinə əsasən “Alıcı” verilmiş malların dəyərini 7 təqvim günü ərzində “Satıcı”ya ödənilməsi müəyyən edilmişdir. Cavabdeh rəhbərləri ilə aparılmış danışıqlar zamanı Cavabdehə xx.xx.2024-cü il tarixli EBEC 332217 saylı e-qaimə ilə verilmiş dəyəri 17000 manat olmaqla 20 000 kg qarabaşaq məhsulunun, xx.xx.2024-cü il tarixli EBEC 776700 saylı e-qaimə ilə verilmiş dəyəri 39 000 manat olmaqla 20 000 kg qırmızı mərci məhsulunun dəyərinin qaimələr üzrə ödənilməsi tələb olunsa da “Alıcı” müqavilə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh borcunun qarşılığında təminat üsulu olaraq əmlakına dair ipoteka müqaviləsi bağlayacağını vəd etsə də hər hansı realaddım atmamışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixlialqı-satqımüqaviləsinin 4.2 maddəsi ilə müəyyən edilmişdir ki, malın dəyəri Müqavilədə göstərildiyi müddətdə ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün sifariş olunan Malın dəyərinin 0.1%imiqdarında cərimə tətbiq ediləcəkdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh MMC-dən əsas borca görə 42000 manat, cərimə məbləği olmaqla 3700 manat, 246 manat dövlət rüsumunun, 300 manat vəkil xidmət haqqının, cəmi 46296 manat pulun tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AS062/24 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, ölüçsü, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyən olunur.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən malın alıcıya təhvil verilməsi tərəflərin imzaladığı. Tərəflərin hər birində 1 nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı vasitəsilə rəsmiləşdirilir.
12. Müqavilənin 3.1.4-cü bəndinə əsasən malın təhvil verilməsinin və alıcıya çatıdırlmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün sifariş olunan malın dəyərinin 0.1%-i miqdarında cərimə ödəyir.
13. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 17.000 manat dəyərində(8000 manat ödəniş edilmiş və qalan məbləğ 9000 manat təşkil etmiş), xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 39.000 manat dəyərində tərəflər arasında mal satışı olmuş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
14. xx.xx.2024-cü il tarixli, EBEC332212 saylı e-qaiməyə əsasən 17001,44 maat dəyərində və xx.xx.2024-cü il tarixli, EBEC776700 saylı e-qaiməyə əsasən 39001,36 manat dəyərində mal satışına dair e-qaimə tərtib edilmişdir.
15. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixə 42000 manat borcun olması hər iki tərəfindən imza və möhürü ilə təsdiq etmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AS062/24 saylı alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, elektron qaimə və üzləşmə aktı ilə təstiq olunduğu üçün 42000 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 42000 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 42000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 3700 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2100 manat məbləğində müəyyən edilməlidir.
30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 246 manat dövlət rüsumu və 300 manat məbləğində vəkil xərci ödənilmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 223 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 42000 manat əsas borc məbləği, 2100 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 223 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova