Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-608/2023 15.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6131,16 manat xidmət haqqı borcu, 110 manat hüquqi yardıma görə ödəniş, 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair” 19 dekabr 2019cü il tarixli, CC********** saylı müddətsiz Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3cü bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi İcraçı tərəfindən tərtib edilmiş avans invoysu əsasında həyata keçirilir. Xidmət tam istifadə edildikdən sonra qaimə faktura və hesab faktura tərtib edilir. Lakin Müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 26 oktyabr 2021-ci il tarixli TC 667\21 saylı hesab-faktura ilə 2021-ci ilin oktyabr ayında göstərilmiş xidmət üçün cvabadehə verilmiş invoys üzrə 1716,45 manat; təqdim edilmiş 21 dekabr 2021-ci il tarixli TC 809\21 saylı hesab-faktura ilə 2021-ci ilin dekabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 4414,71 manat, cəmi 6131,16 məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Nəticədə Şirkətə xeyli ziyan vurulmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair münasibətlər 2019-cu ildə başlanmış, əvvəlki daşımalara dair xidmət haqları ödənilmiş, son iki daşımaya dair xidmət haqqı ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli CC********** nömrəli müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) aşağıda qeyd olunmuş xidmətləri təqdim edir: Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların avioqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması. Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması. Sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətlər (gömrük rəsmiləşdirilməsi və s.). digər hava nəqliyyatı əməliyyatları. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı aşağıda qeyd olunan şərtləri yerinə yetirəyi öz üzərinə götürür: Sifarişçidən göndərişin DHL Express-in xidmət göstərdiyi ərazilərdə qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərişin həyata keçirilməsi; Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını təmin etmək; sifarişçidən sənədlərin və bağlamaların qəbul edildiyi andan göstərilən ünvana çatdırılmasına qədər olan müddət ərzində sənədlərin və bağlamaların təhlükəsizliyini təmin etmək. Müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş Azərbaycan Respublikasının milli valyutası ilə Azərbaycan Respublikası Mərkəzi Bankının xidmət göstərilmiş gününə avromanat məzənnəsi ilə həyata keçirilməlidir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş TC 667/21 nömrəli hesab-fakturaya əsasən 1716,45 manat, TC 809/21 nömrəli hesab-faktuaya əsasən 4414,71 manat xidmət haqqı ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə EBBL 325013 nömrəli xx.xx.2021-ci il tarixli (1716,45 manat), EBBO 475943 nömrəli xx.xx.2021-ci il tarixli (4414,71 manat) elektron qaimələr təqdim edilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 19 dekabr 2019-cu il tarixli CC********** nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 6131,16 manat məbləğində borcu yaranmışdır. Beləliklə, Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 19 dekabr 2019-cu il tarixli CC********** nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6131,16 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6131,16 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia ərizəsində 110 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 110 manat hüquqi yardıma görə pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6131,16 manat məbləğində pul və 110 manat hüquqi yardıma görə çəkilmiş xərc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 dekabr 2022-ci il tarixli MŞB/16-0237 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6131,16 (altı min bir yüz otuz bir manat on altı qəpik) manat əsas borc, 110 (bir yüz on) manat hüquqi yardıma görə çəkilmiş xərc, ümumilikdə 6241,16 (altı min iki yüz qırx bir manat on altı qəpik) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-608/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-608/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver