Məhkəmə qərarları › İş №e-2-2(113)-6084/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6084/2023

24.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6084/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, maraqlı şəxsın nümayəndəsi və vəkili X1 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 75.784,27 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3,68 manat, İşsizlikdən sığorta fonduna olan 2,15 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 2,15 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,68 manat, dövlət büdcəsinə 75.784,27 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 75.784,27 manat) olmaqla, ümumilikdə 75.790,1 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********381700 nömrəli, xx.xx.2023-cü il tarixli **********378900 nömrəli və xx.xx.2023-cü il tarixli **********045900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Şuşa rayonu, Şuşa şəhəri, Pənahxan küçəsi, ev 11, mənzil 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş sanatoriyası ünvanında yaşayır. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş idarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə qarşı etiraz verərək, qeyd etmişdir ki, xx.xx.2021 -ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən “Romance Palace” şadlıq sarayında restoran və şadlıq evlərinin xidmətlərini həyata keçirir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin '‘Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0322 nömrəli Qərarına əsasən həmin tarixdə fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş nəzarət tədbiri nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 006606 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarəti haqqında” Akt xx.xx.2023-cü il tarixli **********853700 nömrəli bildirişə əlavə olunaraq, poşt vasitəsilə ona çatdırılmışdır. Tərtib olunmuş aktdan görünür ki, fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı 40 (qırx) nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli məktubla Lokal Gəlirlər Baş İdarəsinə müraciət etsə də, operativ vergi nəzarətini həyata keçirən vergi orqanı tərəfindən məktubda qeyd olunanlar nəzərə alınmamış və xx.xx.2023cü il tarixdə ona 80.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halhazırda onun şəxsi hesab vərəqəsi üzrə 73.242,45 manat məbləğində borcu mövcuddur və bu məbləğ ona tətbiq edilmiş maliyyə sanksiyasından ibarətdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsi ilə (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) başlanmış cinayət işi istintaq olunur. Yuxarıda qeyd etdiyi məsələlər barəsində istintaq orqanına verdiyi ifadəsində məlumat vermiş və hal-hazırda bu barədə araşdırma aparılır. Ona tətbiq edilmiş maliyyə sanksiyasının məbləği, ümumiyyətlə tərəfindən hər hansı bir hüquq pozuntusuna yol verildiyi barədə istintaq orqanının yekun qərarı olmadığından hazırda şəxsi hesab vərəqəsi üzrə borcu reallığı əks etdirmir. İstintaq orqanı yekunda onun heç bir hüquq pozuntusuna yol vermədiyi qərarına gələrsə, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş idarəsinin verdiyi iddianın təmin edilməsi nəticədə onun hüquqlarının müəyyən müddətdə pozulmasına gətirib çıxaracaqdır. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili X3 etirazla eyni məzmunlu izahat verərək ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə 76.631,83 manat, İşsizlikdən sığorta fonduna olan borcu 0 manat və Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli **********381700 nömrəli, xx.xx.2023-cü il tarixli **********378900 nömrəli və xx.xx.2023-cü il tarixli **********045900 nömrəli bildirişlərin surətindən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə VÖEN (**********) verilmişdir. Maraqlı şəxs Şuşa rayonu, Şuşa şəhəri, Pənahxan küçəsi, ev 11, mənzil 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş sanatoriyası ünvanında yaşayır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi borcunun əsassız olaraq hesablanması barədə maraqlı şəxsin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidməti tərəfindən vergi borcunun düzgün hesablanıb-hesablanmaması hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti olmadığından həmin dəlillər ərizənin rədd edilməsi üçün əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1979-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş sanatoriyası ünvanında yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə 75.784,27 manat olan borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1979-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş sanatoriyası ünvanında yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar