Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6090/2022 24.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (MMC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli akt əsasında itirilmiş elektrik enerjisinin bərpasına görə iddiaçıya hesablanmış 1695,40 manat məbləğində vəsaitin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 04 noyabr 2021-ci il tarixdə iddiaçının “Ağcabədi İnovvasiya” filialına cavabdehin nümayəndələri tərəfindən NQD 010643 saylı akt tərtib edilmişdir. Akta əsasən filialda quraşdırılmış elektrik sayğacını qidalandıran cərəyan və gərginlik transformatorları quraşdırılan yuvanın möhürünün simi qırıldığı üçün itirilmiş elektik enerjisinin bərpasına görə iddiaçıya 1695,4 manat vəsait hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsassızdır. Belə ki, elektrik sayğacını qidalandıran cərəyan və gərginlik transformatorları quraşdırılan yuva cavabdeh – "xxxx" MMC-nin balans mənsubiyyəti sərhəddində yerləşdiyi və həmin yuvaya birbaşa cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən texniki xidmət göstərildiyi üçün iddiaçının işçilərinin həmin uçot hesabat dəstinin yerləşdiyi bölməyə müdaxilə edilməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC (abonent kodu **********5) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır; 04 noyabr 2021-ci il tarixli NDQ 010643 saylı akta əsasən EEİQ-ya uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac 35/10 kvt-lıq yarımstansiyanın 10 kvt-lıq olan hissəsində quraşdırılmışdır. Sayğacı qidalandıran cəryan və gərginlik transformatorları quraşdırılan yuvanın möhürün simi qırılmışdır. 14 aprel 2022-ci il tarixli icra vərəqi üzrə qeyd olunmuş qərarda 1696 manat məbləğinin "xxxx" MMC-dən tutulması müəyyən edilmişdir; "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 959 nömrəli bildirişə əsasən sonuncudan 1694,51 manat məbləğində borcun ödənilməsi tələb olunmuşdur; abunə haqqında çıxarışdan görünür ki, cavabdehin iddiaçıya akt üzrə borcu 1695,4 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları ünvan 1i ünvanında yerləşən iddiaçının mülkiyyətinə olan qeyri-yaşayış sahəsinə gələrək ********** nömrəli, UG-6850 tipli sayğaca baxış keçirmiş və onu qidalandıran cəryan və gərginlik transformatorlarının quraşdırılan yuvanın möhürünün siminin qırıldığı barədə akt tərtib etmişlər. Bununla bağlı 14 aprel 2022-ci il tarixli icra vərəqi üzrə qeyd olunmuş qərarda 1696 manat məbləğinin "xxxx" MMC-dən tutulması müəyyən edilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə bildiriş ünvanlanaraq 1694,51 manat məbləğində borcun ödənilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. "xxxx" ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən 04 noyabr 2021-ci il tarixli, 010643 saylı akt əsasında hesablanmış 1695,4 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddiası təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 04 noyabr 2021-ci il tarixli, 010643 saylı akt əsasında hesablanmış 1695,4 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6090/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6090/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver