Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6093/2022 12.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və X1 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 26 dekabr 2019-cu il tarixli, 83 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 4310 manat məbləğində pul, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 170,24 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,82 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. İddi ərizəsi və əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında 26 dekabr 2019-cu il tarixdə 83 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, habelə iddiaçı ilə cavabdeh X2 arasında 26 dekabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin (cavabdeh X2) iddiaçı ilə cavabdeh (Cavabdeh1) arasında bağıamış alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə bilrikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Materiallardan görünür ki, iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsa da, lakin əsas borclu olan Cavabdeh1 vergi ödəyicisi olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Elektron məhkəmə sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsindən çıxarışda və Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumatda, habelə Cavabdeh1 proses iştirakçılarının vergi ödəyiciləri bölməsinə dair məlumatlarında onun vergi ödəyicisi kimi qeydə alınmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borclu olan Cavabdeh1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması halı mövcud olmadığına və alıcı (cavabdeh) ilə satıcı (iddiaçı) arasında alq-satqı müqaviləsinin icrası ilə bağlı yaranan mübahisə kommersiya mübahisəsi olmadığına görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6093/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6093/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver