Məhkəmə qərarları › İş №e-2-2(113)-6094/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6094/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6094/2022 28.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzinə qarşı “borcun ödənilməsi“ tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 77 saylı alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli TM-017 saylı mallar üzrə satınalma müqaviləsi, xx.xx.2021-ci il tarixli 20 saylı müqaviləyə, xx.xx.2021-ci il tarixli TM-041 saylı mallar üzrə satınalma müqaviləsinə əsasən verilmiş mallara görə yaranmış borca görə 228,672.45 manat pulun, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin, yəni 228.672.45 manat əsas borc məbləğinin 7.5 faizini təşkil edən 17,150.45 manat pulun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 320 manat, ilkin mediasiya sesiyasında iştiraka görə mediasiya qurumuna ödənilmiş 400 manat və ödənilmiş 219 manat olmaqla, cəmi 246,761.9 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında olan mübahisənin məhkəmədənkənar həll olunduğunu göstərərək, hazırkı iddiadan imtina etdiyini bildirmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili telefon vasitəsilə əlaqə saxlayaraq, digər məhkəmə orqanında işi olması səbəbindən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzinə qarşı “borcun ödənilməsi“ tələbinə dair iş üzrə iddiaçının iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar