Məhkəmə qərarları › İş №e-2-2(113)-6099/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6099/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6099/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “NB Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3.499,7 manat əsas borcun, 2.229,3 manat cərimə məbləğinin, 350 manat hüquqi xidmət üçün vəkilə ödənilmiş məbləğin və 81 manat dövlət rüsumunun, ümumilikdə 6.160 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli NBT/127/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Malları almağın əvəzində ödənişlər edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçıdan müxtəlif ölçülü keramoqranit məhsulları, müxtəlif növ boya məhsulları, yapışdırıcılar, tinerlər, quru inşaat qarışıqları və digər bu kimi mallar (bundan sonra “Mallar”) satınalmışdır. Satınalınan mallar müvafiq olaraq Cavabdehə təhvil verilmiş və Müqaviləyə əsasən təhvil verilmiş Mallara görə elektron qaimələr təqdim olunmuşdur. Cavabdeh tərəf bu elektron qaimələri qəbul etmiş, lakin hər dəfə ödənişləri gecikdirmişdir. Elektron qaimələr üzrə ödənilməli olan məbləğlər aşağıdakı kimidir: xx.xx.2023-cü il tarixli EBDO seriyalı, 533908 nömrəli qaimə üzrə 272,5 manat (ƏDV daxil olmaqla), eyni tarixli EBDO seriyalı 533968 nömrəli qaimə üzrə 251,8 manat (ƏDV daxil olmaqla), xx.xx.2023 tarixli EBDP seriyalı 427103 nömrəli qaimə üzrə 1148,4 manat, həmin xx.xx.2025 tarixli və seriyalı, lakin 428208 nömrəli qaimə üzrə 230 manat, xx.xx.2023 tarixli EBDP seriyalı 426880 nömrəli qaimə üzrə 1225 manat və nəhayət xx.xx.2023 tarixli EBDQ seriyalı 781787 nömrəli qaimə üzrə 372 manat olmaqla ümumilikdə 3499,7 (üç min dörd yüz doxsan doqquz manat, yetmiş qəpik) manat borc məbləği yaranmışdır. Cavabdehə dəfələrlə müraciət edilmiş, eləcə də rəsmi pretenziya məktubu göndərilmişdir. Lakin Cavabdeh tərəf bu məbləği hələ də ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli NBT/127/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan satınalma sifarişləri əsasında alıcını müxtəlif ölçülü keramoqranit məhsulları, müxtəlif növ boya məhsulları, yapışdırıcılar, tinerlər, toz məhsulları və s. ilə tmin etməyi, alıcı isə həmin mal və ya malları qəbul edərək, dəyərini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öz öhdəsinə götürür.

12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan , İddiaçı üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDO seriyalı 533908 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 272,50 manat, EBDO seriyalı, 533968 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 251,80 manat, EBDP seriyalı, 427103 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 1.148,40 manat, EBDP seriyalı, 428208 nömrəli, xx.xx.2023-cü il tarixli, 230 manat, EBDP seriyalı, 426880 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.225 manat, EBDQ seriyalı, xx.xx.2023-cü il tarixli, 781187 nömrəli, dəyəri 372 manat məbləğində olan elektron qaimə göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 3.499,7 manat təşkil edir.

17. İddiaçı hazırda cavabdehin 3.499,7 manat məbləğində borcunun qaldığın bildirərək, iddiaçının xeyrinə tutulmasını xahiş edir.

18. İş materiallarından məlum olur ki, tərəflər arasında elektron qaimələr əsasında mal mübadiləsi olmuş, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.

22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 3.499,7 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə 2.229,3 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı satıcının tələbinə əsasən gecikmənin hər günü üçün e-qaimə məbləğinin 0.1%-i miqdarında satıcıya cərimə ödəməlidir.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 170 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir.

28. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli elektron order verilmiş, xx.xx.2025-ci il tarixli hesab fakturaya əsasən İddiaçı tərəfindən 350 manat məbləğində pul Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun hesabına köçürülmüşdür.

29. Bundan başqa məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,7 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli NBT/127/2023 saylı müqaviləyə əsasən əsas borc üzrə 3.499 (üç min dörd yüz doxsan doqquz) manat 70 (yetmiş) qəpik, cərimə borcu üzrə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 3.669 (üç min altı yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq "NB Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq “"NB Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 56 (əlli altı) manat 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar