Məhkəmə qərarları › İş №e-2-2(113)-6103/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6103/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6103/2025 03.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2832 manat borc, gecikdirilmiş 44 günün əvəzi olaraq 124 manat dəbbə pulu və 48,32 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında K2024-0199 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-dən e-qaimədə göstərilmiş “Betonmix SP 150 K” məhsulu almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 2832 manat borcunun olması müəyyən edilmişdir. Əlavə olaraq, müqavilənin 5.4-cü maddəsinə əsasən isə 124 manat dəbbə pulu hesablanmışdır. Həmçinin Cavabdeh MMC ilə İddiaçı MMC arasında 24-26297 nömrəli, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və 12101010 nömrəli, xx.xx.2024-cü il tarixli elekton qaiməfakturadan da göründüyü kimi, İddiaçı MMC tərəfindən dəyəri 2832 manatlıq “Betonmix SP 150 K” və dəyəri 450 manatlıq İBC 1 tonluq katki çəni (sonrada geri iadə edilmişdir) təhvil verilmişdir. Cavabdehə İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixli prenteziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən heç bir cavab tədbiri görülməmişdir. Əlavə olaraq bildirilir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri davam etmişdir. Qeyd edilir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanan K2024-0199 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1%-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 oktyabr 2024-cü il tarixli, K2024-0199 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına riayət etməlidir. Müqavilənin icrası və yerinə yetirilməsi zamanı mövcud qanun və qaydaların pozulmasından yaranan və satıcıya dəyə biləcək zərərə görə satıcı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı mal/malların qiymətini satıcı ilə razılaşdırılan və müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən alıcı qəbul etdiyi mal/malların dəyərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən razılaşdırılmış müddətdə mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmək hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 39%-dən artıq olmamaq şərtilə) məbləğində dəbbə pulu ödəyir.

6. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 12101010 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2832 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı qeyd edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, 24-26297 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə qiyməti 3282 manat məbləğində 2 adda mal(lar) (“Betonmix SP 150 K” və İBC 1 tonluq katki çəni) təhvil verilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 2832 manat borc məbləğinin, gecikdirilmiş 44 günün əvəzi olaraq 124 manat dəbbə pulunun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.

12. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 2832 (iki min səkkiz yüz otuz iki) manat borc iddiaçının xeyrinə tutulmalıdır.

13. İddia tələbinin digər hissəsini cavabdehdən 124 manat dəbbə pulunun tutulması təşkil edir.

14. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən alıcı mal/malların satış qiymətinin ödənilməsinin gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 39%-dən artıq olmamaq şərtilə) məbləğində dəbbə pulu ödəyir.

15. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, cavabdehdən 124 (yüz iyirmi dörd) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

16. Eləcə də, iddiaçı ödənilmiş 48,32 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə cavabdehdən tutulması xahiş edilmişdir.

17. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 48,32 manat (qırx səkkiz manat otuz iki qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2832 (iki min səkkiz yüz otuz iki) manat borc, 124 (yüz iyirmi dörd) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 48,32 manat (qırx səkkiz manat otuz iki qəpik) olmaqla, ümumilikdə 3004,32 manat (üç min dörd manat otuz iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar