Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6109/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmlak kirayə müqaviləsi, əmlakın qaytarılması, dəymiş ziyanın ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Azneft Ferma” konteynerinin İddiaçı MMC-yə geri qaytarılması və cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 3540 manat pulun və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, MC/E025 saylı alqı-satqı müqaviləsi ilə “Konteyner 12m x 2.4 x 2.9”, yenə eyni şəxslər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə ilə Səbail rayonu, Park Bulvarın yanında yerləşən “Köşk-1” və “Köşk-2”, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə görə isə “12 x 2.4 boş konteyner” İddiaçı MMC-yə satılmışdır. Qeyd olunmuş daşınar əmlaklar hazırda "xxxx" MMC-nin balansındadır və mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsinə görə “Azneft Ferma” konteyneri Cavabdeh MMC-nin müvəqqəti istifadəsinə verilmişdir. Burada hazırda həmin şirkət restoran fəaliyyəti ilə məşğul olur və müqaviənin əlavəsində göstərilən konteynerdən istifadə edir. Ferma Love adı ilə fəaliyyət göstərən restoran Azneft dairəsinin yaxınlığında yerləşir. Bundan əlavə, xx.xx.2023-cü il tarixli, K- 09/23 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli “Müqaviləyə xitam verilməsi barədə” 2 nömrəli Əlavə ilə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir. Ərizəyə əlavə edilmiş qaimələr və ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-09/23 saylı müqaviləyə görə ödənişlər nağdsız qaydada həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə onların qarşılıqlı razılığı ilə xitam verilməsinə baxmayaraq, daşınar əmlak mülkiyyətçiyə qaytarılmamışdır. Belə ki, qeyd olunan əmlaka hazırda Dənizkənarı Bulvar İdarəsi tərəfindən nəzarət olunur, mülkiyyətçinin isə onunla bağlı heç bir hüququnun həyata keçirilməsinə yol verilmir. Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinə müraciət edilmiş, uzun müddətdir araşdırılmasına baxmayaraq, nəticəsiz qalmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsi ilə Cavabdeh MMC-nin müvəqqəti istifadəsinə verilmiş əmlak, tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilsə də, mülkiyyətçi olan İddiaçı MMC-yə qaytarılmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1. 152.5, 213.2, 213.5-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə yazılı qaydada etiraz daxil olmamışdır.
5. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Tədqiq olunan sübutlar:
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili X1 iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi və məhkəmənin suallarına cavab olaraq iddiaçı tərəfindən onlara hər hansı konteyner verilmədiyini, konteyneri onlara “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinin verdiyini, ümumiyyətlə iddiaçı tərəfindən heç kimi görmədiklərini, mövsümi olaraq “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinin nümayəndəsinin konteyneri verdiyini, aralarında təhvil-təslim aktının imzalanmadığını, iddiaçı tərəfin qeyd etdiyi konteynerin ölçülərinin uyğun gəlmədiyini, iddiaya cavab verməli olan şəxsin onlar olmadığını bildirdi.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinin nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfin subyektiv hüququnun olmadığını qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MC/E025 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq bu müqaviləyə əlavə olunmuş qiymət razılaşdırma protokolunda göstərilmiş mal və materialları alıcıya verməyi öz üzərinə götürür. Təhvil verilmiş malların haqqı qiymətləri təqdim olunmuş qaimə-faktura əsasında aparılır (2.1).
10. xx.xx.2020-ci il tarixli, MC/E025 saylı alqı-satqı müqaviləsinə 01 saylı Əlavəyə əsasən yekun dəyəri ƏDV daxil 68.440 manat (58.000 əsas, 10.440 ƏDV), vahidinin qiyməti 2.900 manat olan 20 ədəd “Konteyner 12 m x 2.40 x 2.90” verilməsi razılaşdırılmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən “Konteyner 12 m x 2.40 x 2.90” "xxxx" MMC tərəfindən İddiaçınə təhvil verilmişdir.
11. "xxxx" MMC tərəfindən İddiaçınə EBAS seriyalı, 830708 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 68.440 manat olan elektron qaimə göndərilmiş, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2020-ci il tarixdə 10.440 manat, xx.xx.2020-ci il tarixdə 58.000 manat olmaqla, cəmi 68.440 manat ödənilmişdir.
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 2 nömrəli Əlavəsində göstərilmiş obyektlərin eskiz layihəsinə uyğun olaraq alıcının sifarişi əsasında bu müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş mal və materialları alıcıya verməyi öz üzərinə götürür. Alıcı ödənişi mllar təhvil verildikdən və satıcı tərəfindən hesab-faktura verildikdən sonra 10 gün müddətində edir (2.2).
13. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə 01 saylı Əlavəyə əsasən tərəflər ümumi məbləği 36.580 manat olan, Səbail rayonu, Park bulvarın yanında yerləşən, vahidin qiyməti ƏDV ilə 18.290 manat olan, 01 ədəd, 3.50 m x4.20 m x4.20 m ölçülü Köşk- 1 və Park bulvarın yanında yerləşən, vahidin qiyməti ƏDV ilə 18.290 manat olan, 01 ədəd, 3.50 m x4.20 m x4.20 m ölçülü Köşk-2 adlı malların verilməsini razılaşdırmışlar.
14. "xxxx" MMC tərəfindən İddiaçınə EBBH seriyalı, 781160 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 36.580 manat olan elektron qaimə göndərilmiş, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə 31.000 manat və 5.580 manat olmaqla, cəmi 36.580 manat ödənilmişdir.
15. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilə nəzərdə tutulmuş şərtlərlə alıcının tələbatına uyğun olaraq müqaviləyə əlavələrdə göstərilən mal və materialların təmin olunmasını öz üzərinə götürür. Alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Təmin olunmuş malların haqqı qiymətləri təqdim olunmuş e-qaimə faktura əsasında aparılır (2.1).
16. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə 01 saylı Əlavə razılaşmaya əsasən tərəflər ümumi məbləği ƏDV daxil 33.630 manat, vahidinin qiyməti 5.700 manat olan 5 ədəd “12 x 2.4 boş konteyner” adlı malın verilməsini razılaşdırmış, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumi məbləği ƏDV daxil 33.630 manat 5 ədəd “12 x 2.4 boş konteyner” adlı mal "xxxx" MMC tərəfindən İddiaçınə təhvil verilmişdir.
17. "xxxx" MMC tərəfindən İddiaçınə EBDG seriyalı, 916981 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 33.630 manat olan elektron qaimə göndərilmiş, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə 28.500 manat və 5.130 manat olmaqla, cəmi 33.630 manat ödənilmişdir.
18. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəsində göstərilən konteynerləri onlara aid ləvazimat və avadanlıqlarla birlikdə kirayəçinin istifadəsinə verir, kirayəçi isə bu müqavilənin 4-cü maddəsində göstərilmiş qaydada kirayə obyektinin istifadəsi üzrə müəyyən olunmuş kirayə haqqını kirayəyə verənə ödəməyi öhdəsinə götürür.
19. xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsinə Əlavə 1-ə əsasən tərəflər “Azneft Ferma” adlı konteynerin aylıq kirayə haqqını 354 manat razılaşdırmışlar.
20. İddiaçı tərəfindən Cavabdehnə EBDP seriyalı, 587657 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 354 manat, EBDN seriyalı, 386836 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 354 manat, EBDL seriyalı, 144857 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 354 manat, EBDJ seriyalı, 155560 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 354 manat, EBDH seriyalı, 875146 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 354 manat olan elektron qaimələr göndərilmiş, Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü ildə 354 manat, xx.xx.2023-cü ildə 354 manat, xx.xx.2023-cü ildə 354 manat, xx.xx.2023-cü il tarixdə 354 manat, xx.xx.2023-cü il tarixdə 354 manat ödənilmişdir.
21. Tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsinə xx.xx.2023-cü il tarixli, 2 nömrəli Əlavənin (müqaviləyə xitam verilməsi barədə) 1-ci bəndinə əsasən qış mövsümü ilə əlaqədar olaraq, müqavilənin 8.2-ci və 8.3-cü bəndlərini əsas tutaraq, müqaviləyə bu Əlavə qüvvəyə mindiyi gündən xitam verilmişdir.
22. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-32-03/24 nömrəli birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər AR-nın Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində ikinci tərəfin istifadəsində olan “Love in Ferma” kafesinin kommersiya fəaliyyətini təşkil edir və əldə olunan gəliri bu müqavilədə müəyyən olunmuş qaydada bölüşdürürlər. Birgə fəaliyyət nəticəsində yaranan aylıq dövriyyə tərəflər arasında aşağıdakı qaydada bölüşdürülür: Birinci tərəf – 4.100 manat (ƏDV xaric), İkinci tərəf – birinci tərəfə 4.100 manat ödənildikdən sonra yerdə qalan hissə (3.1).
23. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi tərəfindən Cavabdehnə MT2407 seriyalı, 10303507 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 4.838 manat, MT2407 seriyalı, 11900214 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 4.838 manat olan elektron qaiməfakturalar göndərilmiş, Cavabdeh tərəfindən də həmin qaimələr üzrə xx.xx.2024-cü il tarixdə 4.838 manat, xx.xx.2024-cü il tarixdə 738 manat, 4.100 manat məbləğində ödənişlər edilmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
26. İddia tələbininin bir hissəsini “Azneft Ferma” konteynerinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılması təşkil edir.
27. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus olan, müqaviləyə əlavə ilə razılaşdırılan “Azneft Ferma” adlı konteynerini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş kirayə haqqını (354 manat) müəyyən edilmiş vaxtda və qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
28. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclaslarında iddiaçı tərəfindən onlara hər hansı konteyner verilmədiyini, konteyneri onlara “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsinin verdiyini, ümumiyyətlə iddiaçı tərəfindən heç kimi görmədiklərini, təhvil-təslim aktının imzalanmadığını qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, əvvəla, “Azneft Ferma” adlı konteynerin kirayəyə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, K-09/23 saylı müqavilə və xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsinə Əlavə Cavabdeh tərəfdən Qanuni nümayəndə imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh iddiaçı tərəfindən konteynerin aylıq kirayə haqqı ilə bağlı ona göndərilmiş elektron-qaimə fakturalar üzrə iyun, iyul, avqust sentyabr, oktyabr aylarında (müqaviləyə xitam verilənədək) ödənişlər (hər ay 354 manat) etmişdir.
29. Cavabdeh tərəflər arasında təhvil-təslim aktının olmamasına istinad etsə də, müqaviləni imza və möhürü ilə təsdiq etməklə və elektron qaimələr üzrə aylıq kirayə haqqı məbləğini ödəməklə, xx.xx.2023-cü il tarixli, K-09/23 saylı əmlak kirayəsi müqaviləsinə xx.xx.2023-cü il tarixli, 2 nömrəli Əlavəni (müqaviləyə xitam verilməsi barədə) imzalayıb möhürləməklə cavabdeh “Azneft Ferma” adlı konteynerin onun istifadəsinə verildiyini təsdiq etmişdir, ümumiyyətlə həmin halla bağlı cavabdehin heç bir etirazı olmamışdır.
30. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının göstərilən öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-09/23 saylı müqavilə üzrə hüquq münasibətlərinə artıq xx.xx.2023-cü il tarixdən xitam verildiyini, cavabdehin kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmaq vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən “Azneft Ferma” konteyneri İddiaçı MMC-yə geri qaytarılmalıdır.
31. Məhkəmə qeyd edir ki, iddianın digər hissəsini dəymiş zərərin əvəzi olaraq 3540 manat pulun tələb edilməsi təşkil edir.
32. Məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərərin əvəzi olaraq 3540 manat pulun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından dəymiş ziyanın nədən ibarət olduğunu sübut edə bilməmişdir.
33. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
34. Məhkəmə ödəniş dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
35. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 100 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.
36. Lakin məhkəmə AR MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən “Azneft Ferma” konteyneri İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdehndən ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova