Məhkəmə qərarları › İş №e-2-2(113)-611/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-611/2024

07.03.2024 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Müəlliflik hüququ ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-611/2024 07.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “XXXX” İctimai Birliyinin Cavabdehnə qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: audiovizual əsərlərin retranslyasiyası, müəllif, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “XXXX” İctimai Birliyinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “XXXX” İctimai Birliyi (bundan sonra Azərbaycan Kinorejissorlar Gildiyası) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2021-ci il tarixindən 25 noyabr 2023-cü ilə tarixədək olan dövr (son 2 il 6 ay) ərzində Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərlərinin müəllif qonorarı ödəmədən retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla ümumilikdə 45 000 manat məbləğində qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Azərbaycan Kinorejissorlar Gildiyası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir və fəaliyyət göstərir. 2.2. Gildiyanın hüquq və vəzifələri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun) 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir, lisenziya üzrə və lisenziya vermədən nəzərdə tutulmuş qonorarı yığır, yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir, idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin onun yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək, qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. 2.3. Cavabdeh MMC (BİRLİNK) 2009-cu ildən fəaliyyət göstərən təşkilatdır və universal paltforma operatoru kimi lisenziya almışdır. Cavabdehin öz saytındakı və sosial şəbəkələrindəki rəsmi səhifələrində olan məlumatlardan da görünür ki, o, telekanalların, bununla da audiovizual əsərlərin retranslyasiyasını həyata keçirir. Onun heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasını həyata keçirməsi müəlliflərin hüquqlarını kobudcasına pozur. 2.4. İddiaçının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baхmayaraq, cavabdeh Azərbaycan filmlərinin istifadəsinin hüquqi əsaslarını yaratmadan, yəni müəlliflərin hüquqlarının qorumasını kоllektiv idarəçilik təşkilatı olan iddiaçı ilə müqavilə bağlamadan və müəllif qоnоrarı ödəmədən hüquqlarının qorumasını iddiaçıya vermiş müəlliflərin - rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmlərin retranslyasiyasını qanuna zidd olaraq həyata keçirir. Həmçinin xx.xx.2023-cü il tarixində cavabdehə göndərilmiş pretenziya məktubuna da müsbət cavab verilməmiş, 24 noyabr 2023-cü il tarixində keçirilmiş mediasiya iclasında da cavabdeh iştirak etməmişdir. 2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarının “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” ilə bağlı V-ci bölməsində minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) tələbinə əsasən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməli olduğundan iddiaçının digər operatorlarla bağladığı analoji müqavilələrdə nəzərdə tutulan məbləğlərin orta qiymətini nəzərə alaraq, analoji iş üzrə xx.xx.2023-cü il tarixində qəbul edilmiş 2-2(102)-70/2023 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında iddiaçıya ödənilməli olan aylıq orta məbləğin 1500 manat olaraq müəyən edildiyini əsas götürərək iddiaçı cavabdeh tərəfindən aylıq 1500 manat olmaqla, son 2 il 6 ay müddəti üçün ümumilikdə 45 000 manat məbləğində qonorarın ödənilməsini xahiş edir. 2.6. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun 15-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Müəlliflərin müstəsna hüququ kimi öz əsərlərinin retranslyasiyasını qadağan etmək hüququ Qanundan irəli gəlir. Belə ki, cavabdeh audiovizual əsərlərin retranslyasiyasiyanı həyata keçirmək üçün iddiaçı ilə müqavilə bağlamalı və ona ədalətli haqq – qonorar ödəməlidir. Müqavilə bağlamadan və qonorar ödəmədən retranslyasiyanı həyata keçirmək müəlliflərin hüquqlarını birbaşa şəkildə pozur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12, 15, 41, 42, 43, 45-ci maddələri, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Media haqqında” Qanun) 1.1.21-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017ci il tarixli 466 saylı Qərarının “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” ilə bağlı V-ci bölməsi göstərilmişdir.

4. Mülki Prosessual Məcəllənin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi (bundan sonra Əqli Mülkiyyət Agentliyi) məhkəməyə yazılı izahat təqdim edərək qeyd etmişdir ki: 5.1. Azərbaycan Kinorejissorlar Gildiyası "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41-ci maddəsinin müddəalarına uyğun olaraq yaradılmış və 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Nizamnaməsinə uyğun olaraq, “yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları – professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır”, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirir və audiovizual əsərlərdən istifadəyə görə qonorarı yığır və hüquq sahiblərinə çatdırır. 5.2. Azərbaycan Kinorejissorlar Gildiyası "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi” Qaydalarına uyğun olaraq Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçmiş, ona xx.xx.2018-ci il tarixli 1/2018 saylı şəhadətnamə verilmiş, Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli 79 nömrəli əmrinə əsasən 5 il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçmişdir. 5.3. O, həmçinin Beynəlxalq Müəllif və Bəstəkar Cəmiyyətləri Konfederasiyasının (CİSAC) üzvüdür və həmin təşkilatda üzvlükdən irəli gələn öhdəliklərinə uyğun olaraq, həm də xarici müəlliflərin audiovizual əsərlərindən ölkəmizin ərazisində istifadəyə, o cümlədən retranslyasiyaya görə müəllif qonorarını yığır və hüquq sahiblərinə çatdırır. Hazırda CİSAC-da 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyəti birləşmişdir. Bu cəmiyyətlər musiqi, ədəbi, audiovizual, qrafik və tətbiqi incəsənət əsərləri yaradan 2,5 milyon nəfərdən çox müəllifin maraqlarını təmsil edirlər. Gildiya özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini, eləcə də CİSAC-a üzv olan 121 ölkəni təmsil edən 239 müəllif cəmiyyətinin üzvləri olan xarici ölkə müəlliflərini təmsil edə və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilər. 5.4. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 42-ci maddəsinin 2-ci hissəsi və 43-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Kinorejissorlar Gildiyası qonorarı yığmaq səlahiyyəti verməmiş audiovizual əsər müəlliflərinin də qonorarını yığıb onlara çatdırılması ilə məşğul olmalıdır. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda audiovizial əsər müəlliflərin müəllif qonorarı alması, həmin qonorarın çatdırılması imperativ olaraq xüsusi norma kimi müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarında minimum kimi müəyyən edilmiş məbləğin göstərilməsi isə həmin normanın hüquqi baxımdan tamamlanması, o cümlədən həmin münasibətlərin müfəssəl şəkildə tam tənzimlənməsinin əyani sübutudur. 5.5. Qanunvericiliyin göstərilən müddəalarına uyğun olaraq, müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat olan Azərbaycan Kinorejissorlar Gildiyası və Cavabdeh MMC arasında “audiovizial əsərlərin (o cümlədən retranslyasiya üsulu ilə) kabel televiziyası ilə yayımlanmasına görə” müqavilə bağlanılmalı və həmin Əlavə minimum məbləğ kimi müəyyən edilmiş qonorar ödənilməlidir, əks təqdirdə bu, qanunvericiliyin tələblərinin pozulması deməkdir və buna görə də müvafiq olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. 5.6. Audiovizual əsərlərdən istifadəyə görə istifadəçilər tərəfindən qonorar ödənilməməsi müəlliflər, o cümlədən xarici müəlliflər arasında ciddi narazılıq yaradır və bu məsələ artıq beynəlxalq tədbirlərdə müzakirə predmetinə çıxarılır. Bu da Azərbaycanın dünyada artan imicinə xələl gətirə bilər.

6. Əqli Mülkiyyət Agentliyi öz mövqeyini "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 2, 6, 12, 31, 41, 42,43, 45, 47-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 nömrəli Əlavəsinə, “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 2-ci maddəsinə və 11bis maddəsinin 1-ci hissə istinad edərək əsaslandırmışdır.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X14 iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 200-ə yaxın müəllif iddiaçının üzvüdür. İddiaçı kollektiv idarəçiliyi həyata keçirdiyi üçün iddiaçıya üzv olmayan müəlliflik hüququ sahibləri də əsərləri yayımlandığı üçün iddiaçıdan pul tələb edə bilər. Məhkəməyə ayrı-ayrı televiziya kanalları ilə bağladıqları müqavilələri təqdim edirlər. Həmin kanallarda hər gün iddiaçıya üzv müəlliflərin filmləri, cizgi filmləri və s. yayımlanır. Cavabdeh müqavilə bağlamadan həmin kanalların retranslyasiyasını həyata keçirməklə həmin kanallarda əsərləri yayımlanan müəlliflərin hüquqlarını pozur. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, televiziya kanallarından və audiovizual əsərləri retranslyasiya edən təşkilatlardan yığılan pul vəsaitləri ildə 2 dəfə müəlliflər arasında bölüşdürülür və bununla bağlı Əqli Mülkiyyət Agentliyinə mütəmadi olaraq hesabat verilir. Bu zaman retranslyasiyanın hansı üsulla həyata keçirilməsinin fərqi yoxdur. Belə ki, cavabdeh universal platforma operatorudur, 2 və daha çox üsulla retranslyasiyanı həyata keçirə bilər. Məhkəməyə təqdim olunan, retranslyasiyanı həyata keçirən təşkilatlarla bağlanmış müqavilə tərəfləri də universal platforma operatorlarıdır. Məsələn, KATV əvvəl ancaq kabel vasitəsi ilə retranslyasiyanı həyata keçirirdi, hazırda isə İP və kabel vasitəsi ilə həyata keçirir.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi. İzahatında bildirdi ki, cavabdeh retranslyasiyanı müstəsna hüququ olan üçüncü şirkət ilə bağladığı müqavilə əsasında həyata keçirir. İddianın qoyuluşunu hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından əsassız hesab edirlər. Belə ki, iddiaçı Azərbaycan televiziya kanalları ilə bağladığı müqavilələri məhkəməyə təqdim edir, lakin iddiada hansı audiovizual əsərin, hansı müəllifin əsərinin nə vaxt retranslyasiya olunması konkret göstərilməyib. Etiraf edirlər ki, uzun müddətdir həmin televiziya kanallarının retranslyasiyasını həyata keçirirlər. Lakin kommersiya maraqları baxımından cavabdehə qeyd olunan televiziya kanallarının retranslyasiyasını həyata keçirmək sərf etmir, çünki həmin kanallardan gəlir əldə etmirlər. İzləyicilər xarici kanallara baxırlar. “Media haqqında” Qanunun 32.5-ci maddəsinin tələbinə əsasən həmin televiziya kanallarının retranslyasiyasını həyata keçirməyə məcburdurlar. Əsərin yayımına görə televiziya kanalları ödəniş edirsə, retranslyasiyasını həyata keçirən təşkilatdan pulun tələb edilməsi əsassızdır, iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Aylıq 1500 manat pulun tələb edilməsi də əsassızdır. Cavabdehin gəlirini hesablaya bilirlərsə, sübut təqdim etməlidirlər. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən 25 may 2021-ci il tarixindən 25 noyabr 2023cü ilə tarixədək Azərbaycan televiziya kanallarının retranslyasiyasını həyata keçirilib, bu faktı mübahisələndirmirlər (xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məhkəmə iclasları).

9. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndsi Nümayəndə2 yazılı izahatın məzmununa uyğun izahat verdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Azərbaycan Respublikasında audiovizual əsərlərə münasibətdə qeydiyyatdan keçmiş yeganə kollektiv müəlliflik hüququ sahibi Azərbaycan Kinorejissorlar Gildiyasıdır.

10. Məhkəmənin baxış iclasının yeri vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - xx.xx.1999-cu il tarixində dövlət qeydiyyatından keçmiş Azərbaycan Kinorejissorlar Gildiyası audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi məqsədi ilə (təşkilatın fəaliyyət dairəsi efir, kabel və retranslyasiya yolu ilə yayım təsbit olunmaqla) xx.xx.2018-ci il tarixdə Əqli Mülkiyyət Agentliyində 5 il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçərək ona “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı haqqında” 1/2018 saylı şəhadətnamə verilmiş, Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Kinorejissorlar Gildiyasının yenidən qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qərara alınaraq bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq əmr verilmişdir. - Azərbaycan Kinorejissorlar Gildiyasının xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsinə (3-cü redaksiya) əsasən İctimai Birlik intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə, müəllif hüquqlarına malik olan Azərbaycan Respublikası vətəndaşları – professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmış, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin edir. - İddiaçı (Gildiya) ilə quruluşçu rejissor X15 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, kinorejissor X11 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, quruluşçu rejissor X1 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, ssenarist X7 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, kinooperator X6 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, yazıçı, ssenarist X12 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, yazıçı, ssenarist Orxan Fikrətoğlu (Sadıqov) arasında bağlanmış xx.xx.2002-ci il tarixli, yazıçı, ssenarist, rejissor X27 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, kinorejissor Rasim Ocaqovun hüquq varisi X13 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, bəstəkar Qara Qarayevin hüquq varisi X20 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, rejissor, quruluşçu rəssam (cizgi filmləri) X21 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, rejissor və ssenarist X3 hüquq varisləri Məryəm Seyidbəyli və Ziya Seyidbəyli arasında bağlanmış xx.xx.2015-ci il tarixli, bəstəkar Tofiq Quliyevin hüquq varisi Lalə Quliyeva arasında bağlanmış xx.xx.2007-ci il tarixli, bəstəkar X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, kinorejissor X9 hüquq varisləri X16 və X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, quruluşçu rəssam X17 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, quruluşçu rəssam X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən müəllif müqavilənin əlavəsində göstərilən audiovizual əsərlər üzrə ona məxsus olan müəllif və əlaqəli hüquqları/bütün hüquqları Gildiyanın kollektiv idarəçiliyinə verir, əsərlərin efir və kabel televiziyasında nümayişi, müxtəlif daşıyıcılarda tirajlanması və yayımı, o cümlədən kütləvi nümayişi zamanı həmin əsərdən istifadəyə görə müəllif qonorarı almaq hüququ əldə edir. Gildiya kollektiv idarəçiliyinə verilmiş hüquqlardan istifadə etmək, idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün digər istifadəçilərə lisenziya vermək, müəllif hüququ və əlaqəli hüququ pozulmuş üzv-müəllifin adından məhkəmədə iddia qaldırmaq hüququ əldə edir. - İddiaçı (müəllif) ilə müvafiq olaraq "xxxx" Müstəqil Tele-Radio Kompaniyası, İctimai Televiziya və Radio yayımları Şirkəti, "xxxx" MMC-ARB Günəş, "xxxx" MMC, "xxxx" Müstəqil Teleradio Şirkəti, "xxxx" QSC (AzTV, Mədəniyyət, İdman TV), "xxxx" MMC (Xəzər və Dalğa), "xxxx" MMC (istifadəçi) arasında lisenziya müqavilələri bağlanaraq müəllif studiyalar tərəfindən istehsal olunmuş və hüquqları ona məxsus olan Azərbaycan filmlərini istifadəçiyə öz televiziya efirində nümayiş etdirmək yolu ilə istifadə üçün qeyri-müstəsna hüququ verir, istifadəçi isə həmin hüquqları alır və bədii filmlərə görə hər saata görə, cizgi, sənədli filmlər və “Mozalan” kinojurnala görə üzrə müvafiq dəqiqəyə görə razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürür.

15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC Birlink/ENGİNET adı ilə fəaliyyət göstərən platforma operatoru olmaqla yerüstü ümumölkə yayımçısı olan AzTV, Mədəniyyət TV, İTV, Xəzər, ATV, Space, ARB, ARB 24, ARB Günəş, MUZ TV-nin proqramlarını öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirir. İddiaçının qonorar ödənilməsini tələb etdiyi xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərdə də adları qeyd olunan yerüstü ümumölkə yayımçılarının proqramlarını cavabdeh öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirmişdir.

16. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr (son 2 il 6 ay) ərzində Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərlərinin müəllif qonorarı ödəmədən retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla ümumilikdə 45 000 manat məbləğində qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsini tələb edir.

17. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, iddiaçının bağladıqları müqavilələri təqdim etdiyi Azərbaycan televiziya kanallarının retranslyasiyasını xx.xx.2021 – xx.xx.2023-cü il tarixlər də daxil olmaqla uzun müddətdir, həyata keçirir. Bunu müstəsna hüququ olan üçüncü şəxs ilə bağladığı müqavilə əsasında həyata keçirir. Belə ki, “Media haqqında” Qanunun 32.5-ci maddəsinin tələbinə əsasən cavabdeh həmin televiziya kanallarının retranslyasiyasını həyata keçirmək üçün öz yayım paketinə daxil etməyə məcburdur. Lakin kommersiya maraqları baxımından cavabdeh qeyd olunan televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsindən gəlir əldə etmir. Bundan başqa, iddiada hansı audiovizual əsərin, hansı müəllifin əsərinin nə vaxt retranslyasiya olunması konkret göstərilməlidir. Həmçinin əsərin yayımına görə televiziya kanalları ödəniş edirsə, retranslyasiyasını həyata keçirən təşkilatdan pulun tələb edilməsi əsassız varlanmaya gətirib çıxarır. Aylıq 1500 manat pulun tələb edilməsi də əsassızdır. Cavabdehin gəliri ilə bağlı sübut təqdim etməlidirlər, lakin belə bir sübut təqdim olunmayıb.

18. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və qeyd edir ki, iddia tələbi, mahiyyətini iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi təşkil edən 2 hissədən ibarətdir və ilk növbədə “Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi” tələbinin əsaslı olub-olmaması aydınlaşdırılmaqla həmin hissələrə ayrı-ayrılıqda qiymət verilməlidir.

19. Məhkəmə həmçinin qeyd edir ki, mübahisənin həllində Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbi nəzərə alınmaqla maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

a) Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbi ilə bağlı

20. İşin faktiki hallarından görünür ki, 1999-cu ildə dövlət qeydiyyatından keçmiş iddiaçı nizamnaməsinə əsasən intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır və audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir.

21. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41-ci maddəsinə əsasən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərd və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.

22. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması həm qanunun tələbindən irəli gəlir, həm də iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması onun yuxarıda qeyd olunan nizamnamə üzrə fəaliyyət istiqamətlərinə uyğundur.

23. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun: - 6-cı maddəsinə əsasən audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir. - 12-ci və 15-ci maddələrinin tələblərinə əsasən audiovizual əsərin şərikli müəllifləri olan quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator və bəstəkarın əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ, eləcə də əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır. - 12-ci maddəsinin 2-ci hissəsinə əsasən audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır. - Həmin Qanunun 12-ci maddəsinin 4-cü hissəsinə əsasən audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. - 42-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. - 43-cü maddəsinin 2-ci hissəsinə görə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42-ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.

24. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini, o cümlədən iddiaçının nizamnaməsində təsbit olunan müddəaları nəzərə alan məhkəmə qeyd edir ki, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüquqları vardır.

25. Bundan başqa, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən qurum hazırkı iş üzrə iddiaçı qismində çıxış edən Azərbaycan Kinorejissorlar Gildiyasdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Azərbaycan Respublikasında audiovizual əsərlərə münasibətdə qeydiyyatdan keçmiş yeganə kollektiv müəlliflik hüququ sahibinin Azərbaycan Kinorejissorlar Gildiyası olmasını təsdiq etmişdir. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti əsər istehsalçılarının audivizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək isə Azərbaycan Kinorejissorlar Gildiyasının əsas fəaliyyət istiqamətidir. İddiaçı fəaliyyət istiqaməti və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində müəlliflərin və əlaqəli hüquq subyektləri barədə məlumatları, müəllif və əlaqəli hüquqların kollektiv idarəçiliyinə verilməsi haqqında müqavilələri, müəllif və əlaqəli hüquqların siyahısını, növlərini məhkəməyə təqdim etmişdir.

26. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəmə aşağıdakıları qeyd edir.

27. Retranslyasiyasını müstəsna hüququ olan üçüncü şəxs ilə bağladığı müqavilə əsasında həyata keçirməsi barədə cavabdehin etirazının əsası kimi istinad etdiyi hala münasibətdə məhkəmə bildirir ki, qeyd olunan hal formal mülahizələrdən ibarət olmaqla həmin halla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin qeyd olunan halın istinad edilə biləcək qanuni əsası da mövcud deyildir.

28. Məhkəmə cavabdehin təkrar yayımçı kimi müəllif qonorarı ödəməli olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin təkrar yayımçı kimi, iddiaçı ilə müqavilə bağlamaq və müəlliflərə, əlaqəli hüquq subyektlərinə qonorar ödəmək yuxarıda təsbit edilmiş maddi hüquq nomalarının tələblərindən irəli gəlir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi” adlanan Vİ bölməsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüqu sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir.

29. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ilkin və ya təkrar yayımcı olmasından asılı olmayaraq, audiovizual əsərlərin efir və kabel (o cümlədən retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, kütləvi nümayişini həyata keçirən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər.

30. Bundan başqa, cavabdeh etirazının əsası kimi qeyd edir ki, iddiaçı hansı audiovizual əsərin, hansı müəllifin əsərinin nə vaxt retranslyasiya olunması konkret göstərilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən televiziya kanallarının, yəni yerüstü ümumölkə yayımçısının proqramlarını retranslyasiya etmək üçün cavabdehin öz yayım paketinə daxil edərək retranslyasiyasını həyata keçirdiyi işin mübahisəsiz halıdır. İddiaçı isə qeyd olunan kanallarla bağladığı lisenziya müqavilələrini, müəlliflərin və əsərlərin siyahısını məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin retranslyasiyanı həyata keçirdiyi zaman iddiaçıya üzv müəlliflərin audiovizual əsərlərinin yayımını kəsdiyini sübut etmək vəzifəsini cavabdeh daşıyır. Cavabdeh belə bir halın olduğuna istinad etməmiş, hər hansı sübut təqdim etməmişdir.

31. Beləliklə, məhkəmə işin müəyyən olunmuş faktiki hallarına yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçı ilə müvafiq müqavilə bağlamadan iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarının pozulması ilə nəticələndiyindən iddia həmin hissədə təmin olunmalı, iddiaçı ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir.

b) Qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı

32. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr (son 2 il 6 ay) ərzində Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərlərinin müəllif qonorarı ödəmədən retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla ümumilikdə 45 000 manat məbləğində qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

33. “Müəlliflik huququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununun 45.1 və 45.2-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: - Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; - Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; - Hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması(istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə edilməsi; - Pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

34. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin tamaşaçılar üçün ödənişli giriş olan yerlərdə nümayiş etdirilməsi, efir və kabel televiziyası ilə yayımlanması (ötürülməsi)” adlanan V bölməsinin tələbinə əsasən audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faiz (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən, reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) audiovizual əsər müəlliflərinə qonorar ödənilməsi nəzərdə tutulmuşdur.

35. Sadalanan qanunvericilik aktlarından göründüyü kimi, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara müəllif qonorarın yığılması səlahiyyətini "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12, 41-43-cü maddələri verməklə yanaşı həmin qonorarın məbləğinin müəyyən edilməsi və yığılması qaydasını “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı müəyyən edir.

36. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq digər operatorlarla bağlanmış analoji müqavilələr təqdim olunmuşdur. Həmin müqavilələrdən görünür ki, hesabat dövrü (hər təqvim ayı) üzrə müəllif qonorarın həcmi iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 1000 manat, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2000 manat, "xxxx" MMC ilə bağlanmış 01 aprel 2022ci il tarixli müqavilə üzrə 1500 manat, "xxxx" MMC (“AİLƏ TV”) arasında bağlanmış xx.xx.2023-cü tarixli müqavilə üzrə 1500 manat müəyyən olunmuşdur.

37. Cavabdeh audiovizual əsərlərin retranslyasiyasına görə aylıq 1500 manat pulun tələb olunması ilə bağlı iddiaçının mövqeyinin əsassız olduğunu bildirir. Bunu onunla əsaslandırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarına əsasən hesablama gəlir üzərindən aparıla bilər, onun gəliri ilə bağlı iddiaçı sübut təqdim etməlidir, lakin iddiaçı belə bir sübut təqdim etməmişdir.

38. Məhkəmə cavabdehin qeyd olunan arqumentini əsassız hesab edir və qeyd edir ki, cavabdehin audiovizual əsərlərin retranslyasiya üsulu ilə yayımlanmasına görə hesabat dövrü (hər təqvim ayı) üzrə ödənilməli müəllif qonorarın həcminin 1500 manatdan az təşkil etməsinə istinad etməsi üçün, sübutetmə ilə bağlı prosessual qanunvericiliyin tələbinə əsasən, gəlirləri ilə bağlı sənədləri məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh məhkəməyə gəlirləri barədə hər hansı sənəd təqdim etməmişdir.

39. Belə olan halda məhkəmə hesab edir ki, müəlliflərə ödənilməli olan qonorar analoji fəaliyyətlə məşğul olan hüquqi şəxslərin, yəni platforma operatorlarının iddiaçı ilə bağladığı müqavilələrdəki qiymətlər əsas götürülməklə hesablanmalıdır.

40. Təqdim olunan analoji müqavilələr üzrə orta qiymətin 1500 manat ((1000+2000+1500+1500)/4) təşkil etdiyini, həmçinin son dövrlərdə bağlanmış müqavilələrdə ("xxxx" MMC ilə bağlanmış 01 aprel 2022-ci il tarixli, "xxxx" MMC (“AİLƏ TV”) arasında bağlanmış xx.xx.2023-cü tarixli) minimum məbləğin 1500 manat təsbit olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixədək olan dövr üçün tutulmalı olan müəllif qonorarının həcmi müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmalı və 2 il 6 ay üçün 45 000 manat (30 ay x 1500 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

5. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. “XXXX” İctimai Birliyi ilə müqavilə bağlananadək Cavabdeh tərəfindən “XXXX” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsi qadağan edilsin. 25 may 2021-ci il tarixindən 25 noyabr 2023-cü il tarixədək olan dövrdə “XXXX” İctimai Birliyinə üzv müəlliflərin audiovizual əsərlərinin retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 45 000 (qırx beş min) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “XXXX” İctimai Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar