Məhkəmə qərarları › İş №e-2-2(113)-6113/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6113/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6113/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6222,24 manat əsas borc və 82,23 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki adı İddiaçı MMC) arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli, 675 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə onatəhvil verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 6222 manat 24 qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki,Cavabdehm üəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 6222 manat 24 qəpik məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.İmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üzləşmə aktı imzalandıqdan sonra da cavabdehə mal təhvil verilmiş, ödənişlər satış təmsilçisi vasitəsilə nağd qaydada edilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdə göstərilən qalıq borcla (2984,50 manat) razı deyildir, belə ki, satış təmsilçisi cavabdehə məxsus kitabı imza edərkən yalnız cavabdehdən ödənişi aldığını təsdiq etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, 2984,50 manat hissəsində qəbul etdiyini, qalan hissədə iddianın təmin edilməsinə etiraz etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən ona mal təhvil verilən zaman, tərəfindən ödəniş edilən zaman ona hər hansı sənəd təqdim edilməmişdir. Ödənişləri nağd qaydada satış təmsilçisinə ödəmiş, bu barədə ona ödəniş sənədi verilməsə də, hər dəfə ona məxsus olan kitaba ödəniş edilən zaman satış təmsilçisi qol çəkmişdir. Üzləşmə aktından sonra da tərəflər arasında mal alqı-satqısı olmuş, lakin ümumi dövriyyə və sairə barədə dəqiq məlumatı yoxdur. Sonuncu ödəniş zamanı satış təmsilçisi olan Murad adlı şəxs imzası ilə qalıq borcun 2984,50 manat olmasını təsdiq etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı və cavabdeh arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli, 675 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

7. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir.

8. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir.

9. İddiaçı tərəfindən təqdim edilmiş cari hesabdan çıxarışa görə cavabdehin iddiaçıya qalıq borcu 6222,24 manat təşkil edir.

10. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş üzləşdirmə aktına əsasən, xx.xx.2022-ci il tarixli qarşılıqlı borclar üzrə yoxlamaya əsasən cavabdehin iddiaçıya borcu 6222,24 manat təşkil edir.

11. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, 2017-ci ildən hazırkı günə qədər İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləyir, Cavabdeh 2017-ci ildən tanıyır, malları ona çatdırırdı, nə qədər mal istədiyini zənglə sifariş verirdi, ya da görüşəndə deyirdi, hara desə mal ora göndərilirdi. Sifariş Cavabdeh, habelə onun qardaşı Mehdiyev Hamlet tərəfindən verilirdi. Onlar özləri sənədləşmənin olmasını istəmirdilər. Sifarişi Hamlet verirdi, o isə gəlib Rafədə mövcud olan borcu deyirdi. Rafədin borcdan özünün xəbəri olmurdu, çünki sifariş qardaşı verirdi. Malı təhvil verəndə bəzi hallarda qol çəkdirilib, bəzi hallarda isə yox. Cavabdeh malları təhvil alanda akta gah qol çəkirdi, gah çəkmirdi. Sonuncu dəfə 2024-cü ilin əvvəllərində mal sifariş olunub. Cavabdehin məhkəməyə təqdim etdiyi dəftərdə imzalar ona məxsus olsa da, orada qalıq borc səhv qeyd olunmuşdur. Dəftərə qol çəkməkdə məqsədi ödənişi təsdiq etməsi idi. Cavabdeh həmin dəftərə qol çəkməyəcəyi təqdirdə ödəniş etməyəcəyini bildirdiyi üçün dəftərə qalıq borc səhv göstərilsə də, qol çəkirdi. Özlərinə də dəftərdə qeyd olunan borcun yanlış yazıldığını, real borcdan az olduğunu dəfələrlə bildirmişdir. Dəftərdə olan imzanı yalnız ödənişləri ala bilməsinə görə çəkmişdir. Məqsədi qalıq borcun səhv qeyd edilməsinə baxmayaraq cavabdehdən ödənişi almaq idi. Dəftərdə qeyd olunan borc qalıq borc deyil, cavabdehin iddia etdiyi borcdur.

12. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, cavabdehin qardaşıdır, fərdi sahibkar kimi fəaliyyət göstərir. Xalqlar Dostluğu yaxınlığında yerləşən “Ümid İnşaat” adlı mağazanı işlədirdi. Müqavilə qardaşının adından bağlanılıb. Malı mağazada olduğu vaxtlarda özü, olmadığı vaxtlarda isə işçiləri qəbul edib. Ödənişlərlə bağlı qeyd dəftərlərində müvafiq qeydiyyatlar aparıblar. Qeydiyyat dəftəri 2023-cü ilin avqust ayından yazılıb. xx.xx.2023-cü ildə qalıq borc 3634,50 manat olub. Sonuncu dəfə iddiaçıdan nə zaman mal aldıqlarını xatırlamır. 2023-cü ilin əvvəlləri ilə bağlı dəftərdə qeyd yoxdur. Malları qəbul edərkən qol çəkmələri üçün iddiaçı heç bir sənəd təqdim etməyibdir. Onlarən qeydiyyat dəftərində ödənişlər qeyd olunurdu. 2022-ci ildən sonra da mal alıb ödəniş etmişlər. Lakin sonuncu dəfə nə vaxt mal aldıqlarını xatırlamır. Hazırda onun əlində olan qeyd dəftəri ödənişlərlə bağlıdır. Nə qədər mal almaqları ilə bağlı müvafiq qeyd dəftəri hazırda onda olmadığından dəqiq məlumat verə bilmir. İddiaçı tərəfin hüquq mühafizə orqanına etdiyi şikayəti ilə bağlı (hazırkı mübahisə ilə əlaqədar) 2024-cü ilin yayında polisə çağırılıb izahat vermiş, orada olarkən Rauf Məhəmmədov adlı müstəntiqə borcdan 500 manat vəsait ödəmişdir. Həmin vəsait çıxıldıqdan sonra 2984 manat qalıq borc qalır. Müstəntiq vəsaiti iddiaçıya çatdıracağını bildirmişdi. İddiaçının satış təmsilçisi olan Murad qalıq borcla razı deyildisə qol çəkməməli idi.

13. Məhkəmə tərəflərin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 28 dekabr 2017-ci il tarixli alqı-satqısı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə hər hansı təhvil aktı və sairə imzalanmadan mütəmadi olaraq mallar təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ödənişlər nağd qaydada edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktında cavabdehin qalıq borcunun 6222,24 manat olması göstərilmişdir.

15. İddiaçı tərəfindən təqdim edilmiş cari hesabdan çıxarış adlı sənədə əsasən üzləşmə aktı imzalandığı tarixdən 2024-cü ilin iyul ayına qədər cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 8481,50 manat ödəniş edilmişdir. Ödənişlər barədə materiallarda hər hansı qəbz və sairə mövcud olmada da, cavabdeh həmin ödənişlərin edildiyini təsdiq etmişdir.

16. İddiaçı tərəfindən təqdim edilmiş cari hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə üzləşmə aktı imzalandığı tarixdən etibarən xx.xx.2022-ci il tarixdə 1848 manat, xx.xx.2022-ci il tarixdə 1738 manat, xx.xx.2022-ci ildə 802 manat, xx.xx.2022-ci ildə 1705 manat, xx.xx.2022-ci il tarixdə 592,50 manat, xx.xx.2022-ci ildə 600 manat, xx.xx.2022-ci ildə 411 manat, xx.xx.2022-ci ildə 725 manat, ümumilikdə 8481,50 manat dəyərində mal təhvil verilmişdir.

17. Cavabdeh məhkəmə iclarında verdiyi izahatlarında tərəflər arasında üzləşmə aktı imzalandığı tarixdən sonra da mal alqı-satqının olduğunu, lakin edilmiş sifarişlərin, alınmış malların dəyərini və tarixlərini xatırlamadığını bildirmiş, məhkəməyə iddiaçı ilə olan dövriyyə ilə bağlı (malların hansı tarixlərdə alınması, qalıq borc, ödənişlər) barədə cədvəl təqdim etmişdir. Həmin cədvəllə iddiaçı tərəfindən təqdim edilmiş cari hesabdan çıxarış adlı sənəddə malların təhvil verildiyi iddia edilən tarixlər, təhvil verilmiş malların dəyəri hissəsində üst-üstə düşdüyü müəyyən edilmişdir.

18. Hazırda iddiaçı cavabdehdən qalıq 6222,24 manat borcun ödənilməsini tələb edir.

19. Belə ki, iddiaçı üzləşmə aktının imzalandığı tarixə cavabdehin 6222,24 manat borcun olduğunu, daha sonra cavabdehə yenidən tərəflərindən ümumilikdə 8481,50 manat dəyərində malların verildiyi, lakin yaranmış ümumilikdə 14703,74 manat borcun müqabilində cavabdehin 8481,50 manat ödəniş etdiyini, qalıq borcu ödəmədiyini bildirir.

20. Cavabdeh hazırkı borcunun 6222,24 manat deyil, 2984,50 manat olduğunu, qalan tələb edilən borcu isə ödədiyini iddia edir.

21. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

22. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.

23. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, qalıq borcun 2984,50 manat olmasını cavabdeh sübut etməlidir.

25. Cavabdeh iddia etdiyi bu halla bağlı məhkəməyə sübut qismində özünə məxsus qeyd dəftərini, şahid H.Mehdiyevin ifadəsini, habelə ümumi dövriyyə barədə çıxarışı (cədvəl) təqdim etmişdir.

26. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ümumi dövriyyə barədə çıxarışı, habelə qeyd kitabçasını qalıq borcla bağlı hissədə mötəbər sübut qismində qəbul etmir.

27. Belə ki, iddiaçının qəbul etdiyi nağd ödənişlərdən əlavə, cavabdeh 3237,74 manat həcmində ödənişlər etdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

28. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı ilə olan dövriyyə ilə bağlı cədvəldə, habelə qeyd dəftərində qalıq borc 2984,50 manat göstərilsə də, cədvəldə olan iddiaçı tərəfindən təsdiq edilməyən qalan ödənişləri ödədiyini təsdiq edən hər hansı mötəbər sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

29. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahid H.Mehdiyev ifadəsində alqı-satqı müqaviləsi üzrə qalıq borcun 2984 manat olmasını göstərsə də, cavabdeh tərəfindən iddiaçıya hansı tarixlərdə, hansı məbləğlərdə ödənişlər edilməsi, iddiaçı tərəfindən cavabdehə malların konkret olaraq kimə, hansı ünvanda, hansı şəraitdə təhvil verilməsi, eləcə də hansı tarixdə təhvil verilməsi, habelə təhvil verilmiş malların həcmi, edilmiş ödənişlərin ümumi məbləği ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişdir.

30. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahid hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdehin qardaşı olmaqla yaxın qohumu) maraqlı olan şəxsdir.

31. Beləliklə də cavabdehin təqdim etdiyi şahidin ifadəsi kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr alqı-satqı müqaviləsi üzrə qalıq borcun 2984,50 manat olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

32. Bundan əlavə, cavabdeh məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə qardaşı H.Mehdiyevin müstəntiqə iddiaçının hazırkı işlə bağlı verdiyi şikayəti üzrə aparılan araşdırma gedişatında alqı-satqı müqaviləsi üzrə 500 manat ödənildiyini göstərmiş, iddiaçının nümayəndəsi N.İmanov həmin ödənişin edilmədiyini bildirmişdir.

33. Cavabdeh məhkəməyə həmin ödənişin edildiyini təsdiq edən sübutu təqdim edə bilməmişdir.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 6222,24 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 82,23 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6222,24 manat əsas borc, 82,23 manat dövlət rüsumu, ümumilikdə 6304,47 (altı min üç yüz dörd manat qırx yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar