Məhkəmə qərarları › İş №e-2-2(113)-6116/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6116/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6116/2022 21.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən xx.xx.2020-ci il tarixli 01/500 nöməli alqı-satqı müqaviləsinə əsasən yaranmış 309113.29 manat borc, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumuna ödənilmiş 200 manat olmaqla, cəmi 309713,29 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2020-ci il tarixli 01/500 nöməli alqısatqı müqaviləsinə əsasən yaranmış 309113.29 manat borc, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumuna ödənilmiş 599 manat olmaqla, cəmi 309114.28 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli 01/500 nöməli alqı-satqı müqaviləsinə əsasən yaranmış 309113.29 manat borc, mediasiya üçün ödənilmiş 400 manat, iş üzrə dövlət rüsumuna ödənilmiş 200 manat olmaqla, cəmi 309713,29 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 01/500 nömrəli “Alqı-satqı Müqaviləsi” üzrə xx.xx.2020-ci il xx.xx.2020-ci il tarixləri arasında satın alınmış neft məhsullarına görə əsas məbləğ üzrə 261785.95 manat, ƏDV üzrə 47327.34 manat qalıq borc yaranmış, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixində ƏDV üzrə 3500 manat ödəniş edilmiş, qeyd olunan tarixdən sonra heç bir ödəniş edilməmişdir. Müqavilənin ümumi məbləği (ƏDV ilə birlikdə) 714000 manat təşkil etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə və lazımınca yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyənləşdirilir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 309113.29 manat borcu yaranmışdır. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər mübahisəli məsələləri qarşılıqlı razılıqla həll edir. Yaranmış mübahisəli məsələ barədə tərəflər ümumi razılığa gəlməzsə, mübahisəyə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Bununla bağlı tərəflər arasında yaranmış mübahisənin danışıqlar yolu ilə həll olunmasına təşəbbüs göstərilsə də qarşı tərəf bu təşəbbüsü düzgün dəyərləndirməmişdir. İddiaçının təşəbbüsü ilə xx.xx.2022-ci il tarixində mediasiya prosessinin tətbiqi barədə təklif verilmiş, Bakı şəhəri 11 saylı Mediasiya təşkilatının mediatoru Gündüz İsmayılov tərəfindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilmədiyindən xx.xx.2022-ci il tarixində MŞB/11- 00723 nömrəli, Arayış verilmişdir. Cavabdehdən 309113.29 manat borc tutularaq iddiaçının hesabına ödənilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, cavabdeh tərəfindən ödəniş sistemlə həyata keçirilir. Cavabdehin depozit hesabından 2020-ci ilin yanvar ayında 3500 manat ƏDV ödənilmişdir, lakin iddiaçı bunu nəzərə almamışdır, iddiaçının təqdim etdiyi hesabatlarda görsənmir. Sonda cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01/500 nömrəli Alqısatqı Müqaviləsindən görünür ki, iddiaçı bu Müqaviləyə əlavə edilmiş «Təsnifat»da göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını cavabdehə satmağı, cavabdeh isə həmin neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq, «Təsnifat»da göstərilən miqdarda, qiymətə və müddətə qəbul edib, malın dəyərini (Əlavə deyər vergisi ilə birlikdə) əvvəlcədən iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 28 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 175046,97 manat dəyərində neft məhsullarının satılması ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmişdir. 29 ədəd qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 181203,08 manat dəyərində neft məhsulları təhvil verilmiş və cavabdeh tərəfindən neft məhsulları təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat Bakı şəhəri 11 saylı Mediasiya təşkilatının hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə görə 200 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 01/500 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu Müqaviləyə əlavə edilmiş «Təsnifat»da göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını cavabdehə satmağı, cavabdeh isə həmin neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq, «Təsnifat»da göstərilən miqdarda, qiymətə və müddətə qəbul edib, malın dəyərini (Əlavə deyər vergisi ilə birlikdə) əvvəlcədən iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən neft məhsulları cavabdehə təhvil verilmiş və həmin neft məhsulları cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin iddiaçıya 309113.29 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan neft məhsullarını cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01/500 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən yaranmış 309113.29 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi borc məbləğindən 2020-ci ilin yanvar ayında 3500 manat ƏDV ödənildiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli 01/500 nöməli alqı-satqı müqaviləsinə əsasən yaranmış 309113.29 manat borc, mediasiya xərcinə görə 400 manat, dövlət rüsumuna görə 200 manat olmaqla, cəmi 309713,29 manat pul vəsaiti tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar