Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-612/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı1 QSC) cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5xx/xx/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 34988,95 manat əsas borc, 1682 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 36700,95 manat pul vəsaitinin cavabdehlərdən birgə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X7” QSC) ilə Lizinq alan X5 arasında bağlanılmış xx xxxxxxx 2012-ci il tarixli, 5xx/xx/2012 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1 ədəd SHACMAN markalı yük özüboşaldanı cavabdeh X3 lizinqə təhvil verilmiş və X5 lizinq müqaviləsi üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Lizinq verən İddiaçı1 QSC müqavilə üzrə ödəliklərini tam icra etsə də, cavabdeh X5 lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. Həmçinin, 509 saylı, xx xxxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi üzrə digər Cavabdeh2 lizinq müqaviləsi üzrə borcların ödənilməsi üçün X2 zamini qismində birgə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, müvafiq pretenziya göndərilmişdir. Lakin cavabdehlər hələ də borcu ödəməmişlər. Cavabdehlərə pretenziya göndərilən tarixə xx.xx.2012-ci il tarixli, 5xx/xx/2012 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas borc 34988,95 manat, faiz borcu 1682 manat, ümumilikdə borc 36670,95 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X5 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - lizinqverən “X7” QSC ilə lizinqalan X5 arasında bağlanılmış xx xxxxxxx 2012-ci il tarixli ,5xx/xx/2012 saylı daxili maliyyə lizinq müqaviləsindən görünür ki, həmin müqavilə ilə 1 ədəd SHACMAN SX3315DT406 markalı yük avtomobili X3 lizinqə verilmişdir. - xx.xx.2012-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin avadanlıq tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun formada cavabdeh X3 təhvil verilmişdir. - xx.xx.2012-ci il tarixli 509 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh2 lizinqalan X2 xx xxxxxxx 2012-ci il tarixli, 5xx/xx/2012 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəlikləri ilə bağlı zamin olması barədə öhdəlik götürmüşdür. - xx.xx.2012-ci il tarixli lizinq müqaviləsinin ödəniş qrafikinə əsasən cavabdeh X5 tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay üçün müntəzəm ödəniş edilməli olduğu görünür. - xx xxxxxxx 2012-ci il tarixli, 5xx/xx/2012 saylı müqavilə üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 xx xxxxxxx 2012-ci il tarixli, 5xx/xx/2012 saylı müqavilə üzrə əsas borcu 34988,95 manat, faiz borcu 1682 manat təşkil edir. - İddiaçı tərəfindən cavabdehlərə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə pretenziya məktubu göndərilərək borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən “X7” QSC ilə lizinqalan arasında daxili maliyyə lizinq müqaviləsi bağlanmış və 1 ədəd SHACMAN SX3315DT406 markalı yük avtomobili X3 lizinqə verilmişdir. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 lizinq müqaviləsi üzrə lizinqalanın öhdəlikləri üzrə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İddiaçı lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosail əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425,1. və 425.2. maddələri). Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Мülki Мəcəlləsiнин 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlərin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsi, xx xxxxxxx 2012-ci il tarixli, 5xx/xx/2012 nömrəli lizinq müqaviləsi üzrə əsas borc və ona hesablanmış faiz məbləğinin ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur və cavabdehlərin iddiaçıya ödənilməmiş 36670,95 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən lizinq alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Ona görə də 5xx/xx/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli lizinq müqaviləsi üzrə borc hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,iddia tələbi təmin edilməli, cavabdehlər X5 və Cavabdeh2 əsas borc 34988,95 manat, faiz borcu 1682 manat olmaqla, cəmi 36670,95 manat məbləğində pul İddiaçı1 QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 və Cavabdeh2 xx xxxxxxx 2012-ci il tarixli, 5xx/xx/2012 saylı müqavilə üzrə 34988,95 manat əsas borc, 1682 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 36700,95 manat (otuz altı min yeddi yüz manat doxsan beş qəpik) məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "İddiaçı1" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-612/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-612/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver