Məhkəmə qərarları › İş №e-2-2(113)-612/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-612/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-612/2022 05.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı 29.12.2016-cı il tarixli, 174- GL/17 saylı; 13.06.2017-ci il tarixli, 1148-GL/17 saylı müqavilələr üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.12.2016-cı il tarixli 174-GL/17 nömrəli müqavilə üzrə 660 manat gecikdirilmiş borc və 656,04 manat hesablanmış cərimə, 13.06.2017-ci il tarixli 1148-GL/17 nömrəli müqavilə üzrə isə 3.228 manat gecikdirilmiş borc və 2.337,07 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 6.881,11 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 7.331,11 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının (bundan sonra – Texnika) lizinqə verilməsi barədə 29.12.2016-cı il tarixli 174-GL/17 nömrəli və 13.06.2017-ci il tarixli 1148-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnikanın ilkin dəyərinə 40% güzəşt tətbiq edilməklə və ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğinin ödəniş qrafikinə uyğun ödəmək şərtilə texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 18.11.2021-ci il tarixə 29.12.2016-cı il tarixli 174-GL/17 nömrəli müqavilə üzrə 660 manat gecikdirilmiş borc və 656,04 manat hesablanmış cərimə, 13.06.2017-ci il tarixli 1148-GL/17 nömrəli müqavilə üzrə isə 3.228 manat gecikdirilmiş borc və 2.337,07 manat hesablanmış cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 29.12.2016-cı il tarixli 174-GL/17 nömrəli müqavilə üzrə 656,04 manat hesablanmış məbləğində cərimə, 13.06.2017-ci il tarixli 1148-GL/17 nömrəli müqavilə üzrə isə 2.337,07 manat hesablanmış məbləğində cərimə, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə 3.443,11 manat pulun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh əsas borc öhdəliyinin yaranmasından xəbəri olmadığını, iddiaçı tərəfindən məlumat verildikdən sonra əsas borcunu ödədiyini, bu səbəbdən əsas borcdan xəbərləri olmadığına görə gecikdirilmiş əsas borca hesablanmış dəbbə pulunun silinməsini məhkəmədən xahiş etdi. Eyni zamanda cavabdeh məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 29.12.2016-cı il tarixli 174-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 1.220 manat olan və spesifikasiyada (əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 29.12.2016-cı il tarixli 174-GL/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, Taxılsəpən-Gübrəsəpən HBM-N24 adlı texnikanın bir ədədinin ilkin qiyməti 6.100 manat, ödənişin məbləği 2.440 manat, güzəştdən sonrakı qalıq məbləği 1.220 manat müddəti 3 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 29.12.2016-cı il tarixli 174-GL/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 29.12.2016-cı il tarixində 10 manat, 31.03.2017-ci ildən 30.09.2019-cu ilədək olan dövrdə hər rüb üçün 110 manat, 31.12.2019-cu il tarixində 0 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış 13.06.2017-ci il tarixli 1148-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 4.050 manat olan və spesifikasiyada (əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 13.06.2017-ci il tarixli 1148-GL/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, Kultivator 4 cərgəli-gübrəsəpənlə-AzerCansa adlı texnikanın bir ədədinin ilkin qiyməti 13.500 manat, ödənişin məbləği 4.050 manat, güzəştdən sonrakı qalıq məbləği 4.050 manat müddəti 4 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 13.06.2017-ci il tarixli 1148-GL/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 13.06.2017-ci il tarixində 15 manat, 30.09.2017-ci ildən 31.03.2021-ci ilədək olan dövrdə hər rüb üçün 269 manat, 30.06.2021-ci il tarixində 0 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 18.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 29.12.2016-cı il tarixli 174-GL/17 saylı lizinq müqaviləsi üzrə cərimə borcu 656,04 manat və 13.06.2017-ci il tarixli 1148-GL/17 saylı lizinq müqaviləsi üzrə cərimə borcu 2.337,07 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - 20.12.2021-ci il tarixli 866593/00823 saylı ödəniş tapşırığından görünür ki, Vəkil Yusif oğlu tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 350 manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 29.12.2016-cı il tarixli 174-GL/17 saylı və 13.06.2017-ci il tarixli 1148-GL/17 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqavilələri üzrə cəmi 3.888 (660+3.228) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. İşə məhkəmədə baxıldığı dövrdə həmin borc cavabdeh tərəfindən iddiaçıya tam ödənilmişdir. Hazırda iddiaçı müqavilələr üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilə şərtlərinə əsasən cavabdehə hesablanmış 29.12.2016-cı il tarixli 174-GL/17 nömrəli müqavilə üzrə 656,04 manat və 13.06.2017-ci il tarixli 1148- GL/17 nömrəli müqavilə üzrə isə 2.337,07 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 29.12.2016-cı il tarixli, 174-GL/17 saylı müqavilə üzrə 40 (qırx) manat və 13.06.2017-ci il tarixli, 1148- GL/17 saylı müqavilə üzrə 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29.12.2016-cı il tarixli, 174-GL/17 saylı müqavilə üzrə 40 (qırx) manat dəbbə pulu, 13.06.2017-ci il tarixli, 1148-GL/17 saylı müqavilə üzrə 150 (yüz əlli) manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 100 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29.12.2016-cı il tarixli, 174-GL/17 saylı müqavilə üzrə 40 (qırx) manat dəbbə pulu; 13.06.2017-ci il tarixli, 1148-GL/17 saylı müqavilə üzrə 150 (yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 190 (yüz doxsan) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 100 (yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar