Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-612/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2018-ci il tarixli "381-LD/18" nömrəli müqavilə üzrə 2025 manat qalıq əsas borc, 2985,53 manat cərimə borcu olmaqla, ümumilikdə 5010,53 manat və 14 dekabr 2018-ci il tarixli "394-LD/18" nömrəli müqavilə üzrə 2360 manat qalıq əsas borc, 3301,62 manat cərimə borcu olmaqla, ümumilikdə 5661,62 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus cins damazlıq heyvanların lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli "381-LD/18"və 14 dekabr 2018-ci il tarixli "394- LD/18"müqavilələrə əsasən, borclu (lizinq alan) cins damazlıq heyvanları ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 27 noyabr 2018-ci il tarixli "381-LD/18" nömrəli müqavilə üzrə 2 025 manat qalıq əsas borc, 2 985,53 manat cərimə borcu olmaqla, ümumilikdə 5 010,53 manat və 14 dekabr 2018-ci il tarixli "394- LD/18" nömrəli müqavilə üzrə 2 360 manat qalıq əsas borc, 3 301,62 manat cərimə borcu olmaqla, ümumilikdə 5 661,62 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 427.3-cü, 442-ci və 445.2.1- ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilənin 8-ci bəndinə əsasən, tərəflər razılığa gələ bilmədikdə müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin yerləşdiyiərazi üzrə aidiyyətiməhkəmədə baxılmalı və həlledilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 465.2, 748-1.12.4-cü maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1 və 1.5-ci bəndlərinə istinad edilmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli və 14 dekabr 2018-ci il tarixli müqavilələr üzrə 6 ildən çox müddət keçdiyindən sözügedən müqavilələr üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə sonuncu ödəniş tarixləri ödəniş qrafiklərinə uyğun müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən hər hansı ödəniş icra edilməmişdir. Sonda iddiaçının nümayəndəsi heyvanların dəyərini təşkil edən pul vəsaitinin dövlət büdcəsindən ayrıldığını, heyvanların cavabdehə təhvil verildiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 2 baş, 50% güzəştdən sonra qiyməti 4250 manat olan (ilkin ödəniş məbləği 2125 manat olmaqla) Holştin-Friz cinsli malın və açıqlaması Spesifikasiyada (Əlavə N 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç)ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2125 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2125 manat məbləği isə ödəniş qrafikinə (Əlavə X® 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Holştin-Friz cinsi, birka nömrələri DE********** və DE********** olan malların qiyməti 50% güzəştdən sonra cəmi 4250 manat məbləğində (hər bri 2125 manat olmalqa), ilkin ödəniş məbləği cəmi 2125 manat (hər birinə görə ayrı-ayrılıqda 1062,50 manat olmaqla) məbləğində müəyyən edilmişdir. 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 2025 manat gecikdirilmiş borcu, 2985,53 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2018-ci il tarixli 5767/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən aşağıdakı cins damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC və Cavabdeh arasında imzalanmış dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən lizinq verən 2 baş, 50% güzəştdən sonra qiyməti 4800 manat olan (ilkin ödəniş məbləği 2400 manat olmaqla) Simmental cinsi malın və açıqlaması Spesifikasiyada (Əlavə N 1) verilən damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç)ilə lizinqə verir. 1.2-ci bəndə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 2400 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 2400 manat məbləği isə ödəniş qrafikinə (Əlavə X® 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 4.1ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiyaya əsasən Simmental cinsi, birka nömrələri AT283623938 və AT285344638 olan malların qiyməti 50% güzəştdən sonra cəmi 4800 manat məbləğində (hər bri 2400 manat olmalqa), ilkin ödəniş məbləği cəmi 2400 manat (hər birinə görə ayrı-ayrılıqda 1200 manat olmaqla) məbləğində müəyyən edilmişdir. 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 2 saylı Əlavə olan ödəniş qrafikindən məlum olur ki, xx.xx.2021-ci il sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 2360 manat gecikdirilmiş borcu, 3301,62 manat hesablanmış cəriməsi mövcuddur. xx.xx.2018-ci il tarixli 6113/Ü saylı əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən aşağıdakı cins damazlıq heyvanların Gəncə təchizat bazasından ona lizinqə verilməsi rəsmiləşdirilsin. "xxxx" ASC-yə məxsus damazlıq heyvanların lizinq alana təhvili barədə xx.xx.2018ci il tarixli aktdan məlum olur ki, AT ********* və AT ********* cinsi, doğulduğu il: xx.xx.2016 və xx.xx.2016-cı il, mayalanma tarixi xx.xx.2018 və xx.xx.2018-ci il, sağlam vəziyyətdə olan damazlıq heyvanlar Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 29 avqust 2024-cü il pretenziya məktubunda, 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli və 381-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilələr üzrə gecikdirilmiş borc və hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında 381-LD/18 saylı xx.xx.2018-ci tarixli və 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqavilələri imzalanmış və həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan damazlıq heyvanlar cavabdehə təhvil verilmişdir. İlk əvvəl məhkəmə tərəflər arasındakı 27 noyabr 2018-ci il tarixli, 381-LD/18 nömrəli müqaviləyə münasibətdə qeyd edir ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq təqdim edilmiş malların dəyərini tələb etmək hüququ olsa da, iddiaçı tərəf MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə, iddiaçının cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, tərəflər arasında 27 noyabr 2018-ci il tarixdə bağlanmış lizinq müqaviləsi üzrə ödəniş qarafikinə əsasən sonuncu ödəniş tarixi 15 sentyabr 2021-ci il tarixi qeyd edilmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 15 sentyabr 2021-ci il tarixində başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 27 noyabr 2018-ci il tarixli, 381-LD/18 nömrəli müqavilə tələbi üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Buna görə də həmin müqavilə üzrə iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi imzalanmış və həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan damazlıq heyvanlar cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya 2360 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən 394- LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 2360 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Eyni zamanda iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış 394-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilənin 4.2-ci bəndinə və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 3301,62 manat məbləğində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 118 manat müəyyən olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni tələb edilən cəmi məbləğin 10672,15 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 122,02 manatın 44,78 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 394-LD/18 nömrəli 14 dekabr 2018-ci il tarixli müqavilə üzrə 2360 (iki min üç yüz altmış) manat əsas borc, 118 (yüz on səkkiz) manat cərimə olmaqla, ümumilikdə 2478 (iki min dörd yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-612/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-612/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver