Məhkəmə qərarları › İş №e-2-2(113)-6121/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6121/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6121/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ə Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 3015.29 manat borc və 1055.39 və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, , İddiaçı Qapalı Səhdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsi baglanmışdır. xx.xx.2022-ci il tarixli 211/08-31 saylı müqaviləyə əsasən İddiaçı QSC ümumi dəyəri 5028.29 (beş min iyirmi səkkiz manat iyirmi yeddi qəpik) manat olan ofis və dəftərxana malları tərəfimizdən cavabdehə satılmışdır. Cavabdeh müqavilə üzrə borcdan bugünə kimi 2013 (iki min on üç) manat məbləğində ödəniş etmişdir. Qalıq borcun ödənməsi üçün Cavabdeh MMC ilə dəfələrlə tərfimizdən şifahi görüşlər təşkil olunmuş borcun ödənməsi tələbi ilə cavabdehə 17 iyul 2024-cü il tarixli H-29/2024 saylı pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi cаvаbdеh xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində İddiaçı QSC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. (Mülki Məcəllənin 421.2.-ci mаddəsi). Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhə dəfələrlə mürаciət оlunmаsınа, tərəfimizdən məsələnin məhkəmədənkənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, Cavabdeh MMC bоrcun ödənilməsi üçün hеç bir təşəbbüs göstərməmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsinə əsasən 3015.29 manat borc və 1055.39 manat məbləğində cərimə borcu cavabdehdən tutulmalıdır. xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən mallar alıcıya təhvil verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 0.05% məbləğində dəbbə pulu ödəməlidir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ”X4” MMCnin İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsi üzrə 3015,29 manat borc, 1055,39 manat dəbbə borcu və iddiа ərizəsinə görə ödənilmiş 61 mаnаt dövlət rüsumu ödənişinin Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 211/08- 031 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Qiymətlərin razılaşdırma protokollarında göstərilən (bundan sonra - Protokol) malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən Mallarin Alıcıya çatdırılması Satıcı tərəfindən həmin Malların öz hesabına nəql edilməsi yolu ilə həyata keçiriləcək.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən Qarşılıqlı razılaşma ilə Satıcı hazırki müqavilə müddəti ərzində malları bir və ya bir neçə partiya ilə təhvil verəcək.

12. Müqavilənin 2.3-cü bəndinə əsasən X3 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil- Təslim Aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Malların təhvil verilməsi məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş xırda və aradan qaldırılması mümkün olan Malların keyfiyyətindəki qüsur və çatışmazlıqlar Tərəflər arasındaTəhvil-Təslim Aktının imzalanmasına təsir göstərməyəcək.

13. Müqavilənin 2.4-cü bəndinə əsasən Qüsurun Satıcının təqsiri ucbatından əmələ gəldiyi təsiqlənərsə, o, malları Alıcının tələbinə əsasən yenisi ilə əvəz etməyi və yaxud dəymiş ziyanı ödəməyi öhdəsinə götürür.

14. Müqavilənin 2.5-ci bəndinə əsasən Malların Təhvil-Təslim Aktı imzalandığı andan Malların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riski Alıcıya keçir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə malların ümumi dəyəri protokol ilə müəyyən edilir.

16. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı malı aldıqdan sonea onların dəyərini 10 iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürür.

17. Müqavilənin 6.2-ci bəndinə əsasən mallar Alıcıya təhvil-verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, Alıcı ödənişi gecikdirdiyi hər günə görə 0,05% məbləğində dəbbə pulu ödəməlidir.

18. İddiaçı MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi müqavilə üzrə (23,6 manat, 1216,93 manat, 1315,23 manat, 50,6 manat, 24,5 manat, 40,42 manat, 146,91 manat, 417,72 manat, 82,6 manat, 459,02 manat, 67,85 manat, 64,9 manat, 495,36 manat, 525,10 manat, 97,53 manat dəyərində) e-qaimələr tərtib edərək cavabdeh alıcıya göndərmişdir.

19. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 1031.3 manat məbləğində, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 419,8 manat məbləğində və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 300.39 manat məbləğində ödənişlər (təyinatları müvafiq e-qaimələr göstərilməklə) edildiyi qeyd olunmuşdur.

20. 23.10.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən X4” MMC tərəfindən İddiaçı QSC-nin hesabına EBCD971628-xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 185,63 manat məbləğində və EBDB648311 saylı e-qaimə üzrə isə 75,56 manat məbləğində ƏDV məbləği köçürmüşdür.

21. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 211/08-031 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Qiymətlərin razılaşdırma protokollarında göstərilən (bundan sonra - Protokol) malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, qismən ödənişlər ilə təstiq olunduğu üçün 3015,29 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3015,29 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3015,29 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

30. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 1055,39 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 151 manat məbləğində müəyyən edilməlidir.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 63 manat dövlət rüsumu ödənilmişdir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 52 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 211/08-31 saylı alqı-satqı müqaviləsi üzrə 3015,29 manat əsas borc məbləği, 151 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 52 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar