Məhkəmə qərarları › İş №e-2-2(113)-6128/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6128/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6128/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 may 2020-ci il tarixli 199 nömrəli alqı-satqı müqaviləsi üzrə 2092,81 manat əsas, 376,71 manat ƏDV, 1917,1 manat dəbbə pulu olmaqla ümumilikdə 4386,62 manat məbləğinin, o cümlədən, ödənilmiş 65 manat mediasiya xərcinin, 64 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, 199 saylı məhsulların alğı-satqı müqaviləsinin 1-ci bəndinin tələblərinə əsasən satıcı satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürməsi müqavilənin predmetini təşkil edir. İmzalanan müqavilənin şərtlərinə satıcı tərəfindən hər zaman əməl edilmiş, lakın alıcı tərəfindən sifariş olunan və təhvil alınan malların bir qisminin dəyəri satıcıya bu günə kimi də ödənilməmişdir. 04 dekabr 2020-ci il tarixli üzləşmə aktında hər iki tərəfin nümayəndələri imza və möhurləri ilə təsdiq etmişdilər ki, alıcının əsas borcu 3269,52 manatdır. Alıcı təfəfindən 26 dekabr 2020, 19 yanvar 2021 və 01 fevral 2021-ci il tarixlərində fərqli məbləğlərdə ümumilikdə 800 manat ödəniş edilmişdir. Əlavə edilmiş üzləşmə aktındanda göründüyü kimi, alıcı tərəfindən ən son ödəniş 01 fevral 2021-ci il tarixində 250 manat məbləğində həyata keçirilmişdir. Beləliklə də 01 fevral 2021-ci il tarixində tərəflər arasında yeni akt imzalanmış və alıcının borcunun 2469,52 manat təşkil etdiyi təsdiqlənmişdir. Borc məbləğindən 2092,81 manat əsas və 376,71 manat isə ƏDV borcu təşkil edir. Satılan mallara aid bütün elektron qaimələr satıcı tərəfindən vaxtı vaxtında alıcıya təqdim edilmişdir. Cavabdehlə imzalanan müqavilənin 6.3-cü maddəsinin şərtinə əsasən alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin dəyirinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti 31-ci gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödəməlidir. Alıcı tərəfindən 02 fevral 2021-ci il tarixindən bu günə kimi satıcının hesablaşma hesabına ödəniş edilməmişdir. Qeyd olunan aktın imzalanmasından 23 may 2022-ci il tarixinə kimi təqribən 474 gün keçmişdir. Qeyd olunan 474 gün gecikdirilən gün kimi qəbul olunsa və alıcının imzası və möhürü ilə təsdiq etdiyi əsas borcu və müqaviləinin 6.3-cü maddəsini əsas götürərək əsas borcun 30 gün müddətində 0,01%-i üzərindən, yerdə qalan günü (444 günü) 0,02%-in üzərindən hesablandıqda ((2092,81*0.1%*30)+(2092,81*0,2%*444)=1917,10) 1917,1 manat məbləğinə yaxın alıcı tərəfindən satıcıya ödənilməli dəbbə pul meydana gəlmiş olur. Beləliklə, alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə əsas borcu 2092,81 manat əsas, ƏDV üzrə yaranmış borcu 376,71 manat, müqavilənin şərtinə görə də 1917,1 manat dəbbə pulu olmaqla, ümumilikdə 4386,62 manat borcu bu günə kimi ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, 199 saylı məhsulların alğı-satqı müqaviləsinə əsasən satıcı - İddiaçı MMC satışını təşkil etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcı - Cavabdeh satmaqla onun mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. 01 fevral 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2469,52 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. 30 may 2020-ci il tarixli, EBAK seriyalı, 481371 saylı elektron qaiməyə əsasən 1147,1 manat, 24 avqust 2020-ci il tarixli, EBAP seriyalı, 023077 saylı elektron qaiməyə əsasən 3669,52 manat, 04 fevral 2021-ci il tarixli, EBAX seriyalı, 000967 saylı elektron qaiməyə əsasən 150,64 manat, ümumilikdə 4967,26 manat dəyərində mal Cavabdeh verilmişdir. 22 avqust 2020-ci il tarixli, HHƏ seriyalı, 178992 və 178993 nömrəli malların təhvilqəbul aktlarına əsasən 3669,52 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. 21 avqust 2020-ci il tarixli, ĞĞY seriyalı, 322629 nömrəli qəbzə əsasən 1147,1 manat, 04 noyabr 2020-ci il tarixli, ĞĞY seriyalı, 368637 nömrəli qəbzə əsasən 200 manat, 26 dekabr 2020-ci il tarixli, ĞĞY seriyalı, 383814 nömrəli qəbzə əsasən 300 manat, 03 dekabr 2020-ci il tarixli, ĞĞY seriyalı, 378957 nömrəli qəbzə əsasən 200 manat, 20 yanvar 2021-ci il tarixli, ĞĞY seriyalı, 385180 nömrəli qəbzə əsasən 250 manat, 03 fevral 2021-ci il tarixli, ĞĞY seriyalı, 386125 nömrəli qəbzə əsasən 150,65 manat, 01 fevral 2021-ci il tarixli, ĞĞY seriyalı, 385966 nömrəli qəbzə əsasən 250 manat ümumilikdə 2497,75 manat mələğində pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuş, 4967,26 manat (ƏDV daxil) dəyərində mallar iddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, sonuncu tərəfindən bütün dövr ərzində 2497,75 manat iddiaçıya ödənilmiş, nəticədə 2092,81 manat əsas və 376,71 manat ƏDV üzrə borcu ödənilməmiş qalmışdır. Tərəflər arasında 01 fevral 2021-ci il tarixində üzləşmə aktı imzalanaraq, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2469,52 manat məbləğində borcunun olduğunu etiraf edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir; 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən üzləşdirmə aktı tərtib olunduqdan sonra məhkəməyə tələb olunan borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin malların təhvil – qəbul aktları və üzləşmə aktı ilə də təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə alqısatqı müqaviləsinin 6.3-cü bəndinə əsasən iddiaçının əsas məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 2469,51 məbləğində əsas borca tənasübsüz olaraq 1917,1 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1917,1 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Buna görə də məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli 199 saylı alqı-satqı müqaviləsi üzrə 2092,81 manat əsas borc, 376,71 manat ƏDV və 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 2569,52 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar