Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-613/2023 09.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 3612,79 manat məbləğində əsas borcun, 60 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin və 6,12 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 661 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan S pesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Daha sonra qalıq debitor borcun müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında üzləşdirmə aktı imzalanmışdır. xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh İddiaçı MMC-ə 4812,79 manat məbləğində qalıq borcun olduğunu təsdiq etmişdir. Alıcı 1200 manat ödəniş etdikdən sonra müəssisəyə 3612,79 manat məbləğində icra olunmamış qalıq borcu qalmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh qeydiyyatda olduğu ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli 661 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 12 aprel 2022-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh iddiaçıya 4812,79 manat məbləğində borcu vardır. 15 dekabr 2022-ci il tarixli MŞB/11-01247 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 60 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. 21 dekabr 2022-ci il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 6,12 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, tərəflər arasında bağlanmış üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçıya 4812,79 12 aprel 2022-ci il tarixə 4812,79 manat məbləğində borcu olmuş, sözügedən borcdan müəyyən ödənişlər edilsə də, 3612,79 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 3612,79 manat əsas borc və 60 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 6,12 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb etsə də, həmin tələb edilə bilməz, belə ki, hazırki tələb üzrə dövlət rüsumu 56,13 manat təşkil edir və mediasiya xərçi kimi 60 manat ödənildiyinə görə iddiaçı dövlət rüsumunun ödənilməsindən azaddır. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3612,79 manat əsas borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3612,79 manat əsas borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-613/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-613/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver