Məhkəmə qərarları › İş №e-2-2(113)-6133/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6133/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6133/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Rzazadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Firması (İddiaçı Firması) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6489,06 manat (altı min dört yüz səksən doqquz manat altı qəpik) borc məbləği, göstərilmiş hüquqi xidmətə görə 300 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,9 manat olmaqla, cəmi 6873,66 manat (altı min yeddi yüz on doqquz manat altı qəpik) məbləğində pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (alıcı) ilə iddiaçı arasında 19 fevral 2024-ci il tarixli, YF-D/2024/6 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı MMC hesab-faktura, qiymətlərin razılaşdırma protokolu, təhviltəslim aktında qeyd edilmiş malları Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə öz növbəsində malları qəbul edib, əvəzində onun dəyərini müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə uyğun olaraq 12 mart 2024-cü il tarixli hesab-faktura № 97 və 12 mart 2024-cü il tarixli elektron qaimə (EBEA № 226834) ilə ümumi dəyəri 6489,06 manat olan mallar Cavabdeh MMC tərəfindən təhvil alınmış və artıq 3 ay müddətin keçməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh MMC-yə dəfələrlə ödənişi həyata keçirməsi ilə bağlı müraciət edilsə də, heç bir ödəniş olunmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 425.1, 425.2, 427.1, 442, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, YF-F/2024/6 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə satıcı müqaviləyə nümunəsi əlavə olunmuş hesab-faktura, qiymətlərin razılaşdırma protokolu, təhvil-təslim aktı qeyd edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində onun dəyərini müqavilə şərtlərinə uyğun satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hesab-faktura, qiymətlərin razılaşdırma protokolu, təhvil-təslim aktı hər mal partiyası verilərkən ayrıca olaraq tərtib edilir. Bu sənədlərə əsasən satıcı tərəfindən göndərilən malların adları, sayı və qiyməti tərəflər arasında razılaşdırılır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə malların dəyəri hər mal partiyası zamanı tərtib edilən akt ilə müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma milli valyutada nağd və ya bank köçrməsi yolu ilə həyata keçiriləcək. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mallar müvafiq akt tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra satıcı tərəfindən təhvil verilmiş, alıcı tərəfindən isə təhvil alınmış hesab olunur.

8. xx.xx.2024-cü il tarixli Məhsulların qiymətlərinin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2024-cü il tarixli, YF-F/2024/6 nömrəli alqı alqı-satqı müqaviləsi üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (6489,06 manat ƏDV daxil (5499,20 manat + 989,86 manat 18% ƏDV)) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 226834 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6489,06 manat (ƏDV daxil) təşkil edir.

10. İddiaçı tərəfindən iş materiallarına qaimə-fakturalar təqdim edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 010XOH********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Kəngərli və partnyorları Vəkil Bürosunun AZ82AİİB******************** nömrəli hesabına 300 (üç yüz) manat məbləğində ödəniş edilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xəbərdalıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

16. İddia tələbini cavabdehdən Cavabdeh MMC-dən 6489,06 manat borcun tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 6489,06 manat (altı min dörd yüz səksən doqquz manat altı qəpik) borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

18. Eləcə də, iddiaçı göstərilmiş hüquqi xidmətə görə 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,9 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

19. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,90 manat (səksən dörd manat doxsan qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 6489,06 manat (altı min dörd yüz səksən doqquz manat altı qəpik) borc, 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,90 manat (səksən dörd manat doxsan qəpik) olmaqla, cəmi 6873,96 manat (altı min səkkiz yüz yetmiş üç manat doxsan altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar