Məhkəmə qərarları › İş №e-2-2(113)-6134/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6134/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6134/2025 21.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış MMC 548 saylı, 14 aprel 2022-cı il tarixli müqavilə üzrə əsas borc üzrə 20.484,38 manat, dəbbə borcu üzrə 7.475,2 manat, ümumilikdə 27.959,58 manat pul məbləğinin, ödənilmış 175 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında “bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı” ilə bağlı 548 saylı, 14 aprel 2022-cı il tarixli müqavilə bağlanmışdır. Bağlanmiş müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən cavabdeh "xxxx"MMC-yə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında cavabdeh "xxxx" MMC "xxxx" MMC-yə 548 saylı, 14 aprel 2022-cı il tarixli müqavilə üzrə 20484,38 (12049,64 ABŞ dolları) qalıq borcun ödənişini həyata keçirməli idi. Qeyd etməliyəm ki, "xxxx" MMC Malları xarıcı ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1, 2, 3 saylıəlavə razılaşmalara əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Bununla bağlı cavabdeh "xxxx"MMC-yə 548 saylı, 14 aprel 2022-cı il tarixli müqavilənin 2.2., 3.2. və 4.1-ci bəndində göstərilən öhdəliyin pozulması və "xxxx" MMC-yə 20484,38 AZN həcmində borcun ödənilməsi ilə bağlı 133 saylı, 19 fevral 2025-ci il tarixli məktubla xəbərdarlıq edilmişdir. Lakın bu günə kimi cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 548 saylı bitki mühafizə vasitələrinin (toxum, gübrə) satışına dair müqavilə bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini (bundan sonra Mal adlandırılcaq) malı satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.

12. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCH seriyalı, 981750 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 12.408,64 manat, EBCK seriyalı, 150305 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 2.736,48 manat, EBCL seriyalı, 259542 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 10.963,38 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 26.108,5 manat təşkil edir.

17. Hazırda iddiaçı ödənişlər edildikdən sonra cavabdehin 20.484,38 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

18. İş materiallarından məlum olur ki, tərəflər arasında elektron qaimələr əsasında mal mübadiləsi olmuş, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrə dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz edilməmişdir, əksinə qeyd edilmiş elektron qaimələrə istinad etməklə müvafiq olaraq ödənişlər edilmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir, sadəcə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etməklə kifayətlənmişdir.

22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, əsas borc üzrə 20.484,38 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

23. Məhkəmə 7.475,20 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə hesablanacaq.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 1.000 manat məbləğində cərimə borcunun tutulması daha ağlabatan və ədalətlidir.

27. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 154,45 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 20.484 (iyirmimin dörd yüz səksən dörd) manat 38 (otuz səkkiz) qəpik, cərimə borcu üzrə 1.000 (bir min) manat olmaqla, ümumilikdə 21.484 (iyirmi bir min dörd yüz səksən dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 154 (bir yüz əlli dörd) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar