Məhkəmə qərarları › İş №e-2-2(113)-6135/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6135/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6135/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X3 katibliyi, İddiaçının nümayəndələri X4 və X5 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 48.110,84 manat məbləğində əsas borc, 9.622,16 manat məbləğində dəbbə pulu, 264 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2019-cu il tarixli № 1568/19M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “Malların təhvil-qəbul” aktlarından aydın olur ki, Satıcı tərəfindən 48.110,84 manat (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Lakin malların dəyərini təşkil edən məbləğ Cavabdeh MMC tərəfindən bügünədək İddiaçı MMC-yə ödənilməmişdir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 48.110,84 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 1568/19M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, malların dəyərini 48.110,84 manat təşkil edir, həmin məbləğin 20 faizi 9.622,16 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablansa, ümumilikdə 48.110,84 + 9.622,16 = 57.733 manat tələb məbləği yaranmışdır. Cavabdeh MMC-yə 19 iyul 2024-cü il tarixində, №001616 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki, məktuba bir cavab alınmışdır. xx.xx.2019-cu il tarixli № 1568/19M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Müqavilə üzrə öhdəlik icra edilmiş, lakin Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Qeyd edildiyi kimi, cavabdehlə bağlanmış müqavilənin 3.4 və 5.1-ci bəndlərində göstərilən öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış malların alqı-satqısına dair xx.xx.2019-cu il tarixli № 1568/19M nömrəli müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən "Satıcı" "Alıcı"ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında "Mal" adlandırılacaq) satır, "Alıa" isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1"nda öz əksini tapmışdır.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X2" ilə müəyyən edilir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən Satıcının aşağıdakı hüquqları vardır:

12. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək;

13. Müqavilənin 3.4-ci bəndinə əsasən Alıcının aşağıdakı vəzifələri vardır:

14. Müqavilənin 3.4.1-ci bəndinə əsasən pul məbləğini (malın qiymətini) bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödədikdən sonra malı qəbul etmək;

15. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı Malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri Alıcıya təqdim etməlidir.

16. Müqavilənin 4.2-ci bəndinə əsasən Mal Alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığl ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir.

17. Müqavilənin 5.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir.

18. Müqavilənin 5.4-cü bəndinə əsasən Tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik "X6" tərtib edilə bilər.

19. Müqavilənin 8.4-cü bəndinə əsasən Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.

20. 19.10.2019-cu il tarixli, M-İ1 saylı malların təhvil-qəbul aktına əsasən ƏDV daxil 1934,47 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 48589,05 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1401,84 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 7479,09 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 6576,67 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 5528,29 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1027,17 manat və 3622,69 dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 5368,03 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 8292,10 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 5122,10 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 21638,66 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 41711,99 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 4821,55 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 4819,50 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 14245,81 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 15583,08 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1783,59 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 5327,42 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 2768,28 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 26314,94 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 8290,96 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 10067,76 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 5752,30 manat dəyərində, xx.xx.2023cü il tarixli akta əsasən 2814,02 manat, 1611,12 manat və 3506,71 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 14204,89 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 3226,50 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 14530,99 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 14615,24 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 8208,20 manat, 587,50 manat və 1934,47 manat dəyərində, xx.xx.2023cü il tarixli akta əsasən 8518,07 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 9977,91 manat və 3936,48 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 7725,64 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 9033,23 manat dəyərində, xx.xx.2023cü il tarixli akta əsasən 2995,45 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 2678,41 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 17152,74 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 9362,60 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 2036,21 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1985,23 manat və 7677,22 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 14123,54 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 12960,58 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 3568,89 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 1322,17 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 7207,55 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 4439,02 manat dəyərində və xx.xx.2024-cü il tarixli akta əsasən 2554,69 manat dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir.

21. ABB ASC-nin xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişinə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 3918 manat məbləğində, xx.xx.2023-cü il tarixində 20000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 64154,1 manat məbləğində, xx.xx.2023-cü il tarixində 28835,08 manat məbləğində, xx.xx.2023-cü il tarixində 5610,71 manat məbləğində, xx.xx.2023-cü il tarixində 40000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 4000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 3500 manat məbləğində, xx.xx.2023-cü il tarixində 25000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 24656,61 manat məbləğində, xx.xx.2023-cü il tarixində 45031,04 manat məbləğində, xx.xx.2023-cü il tarixində 40000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 45000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 35000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 10000 manat məbləğində, xx.xx.2023-cü il tarixində 40777,68 manat məbləğində, xx.xx.2024-cü il tarixində 10000 manat məbləğində və xx.xx.2024-cü il tarixində 24654,59 manat məbləğində (təyinatı eqaimələr göstərilməklə) ödənişlər edilmişdir.

22. İddiaçı tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə satılmış mallara dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi e-qaimələr göndərilmişdir.

23. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022 tarixindən xx.xx.2024-cü il tarixinədək üzləşmə aktı adlı cədvəldən (təsdiq edilməmiş) görünür ki, cəmi 781027,7 manat dəyərindən mallar verilmiş, 732916,9 manat ödənişlər edilmiş və Cavabdeh MMCnin İddiaçı MMC-yə 48110,84 manat ödənilməmiş borcu qalmışdır.

24. 001735 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə 48.110,84 AZN məbləğində əsas borcu yaranmışdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

27. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 1568/19M nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən "Satıcı" "Alıcı"ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında "Mal" adlandırılacaq) satır, "Alıcı" isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürmüşdür.

31. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və qismən ödənişlər ilə təsdiq olunduğu üçün 48110,84 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 48110,84 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

33. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 9622,16 cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2406 manat məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 264 manat dövlət rüsumu ödənilmişdir.

39. Azərbaycan Respublikası MPM-in:

40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

42. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 242 manat məbləğində dölvət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 48110,84 manat əsas borc məbləği, 2406 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 242 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar