Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6135/2025 03.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi üzrə 350 (üç yüz əlli) manat ümumi qalıq borc, 140 (yüz qırx) manat müqavilə üzrə hesablanmış cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar X4 arasında xx.xx.2024-cü il tarixli, 4400 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Ginekoloji HİFU cihazı UltraFem” cihazı xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən X3 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktı X4 tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən satış obyektinin toplam satış qiyməti 4200 (dörd min iki yüz) manat müəyyən edilmişdir. Müqavilənin 2.3-ci bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq X4 tərəfindən 2100 (iki min yüz) manat ödəniş edilmişdir. X4 2025-ci ilin aprel ayında vəfat etdiyindən ödəniş həyata keçirilməmişdir. Bundan sonra X2 həyat yoldaşı fərdi sahibkar Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqavilənin davam etdirilməsinə dair xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən 700 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2025-ci il tarixdə 700 (yeddi yüz) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 350 (üç yüz əlli) manat ödəniş edilmiş və qalan ödəniş bugünədək icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd edilir ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 430.1, 442, 445.1, 445.2.1, 445.2.2, 600.5-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində X4 arasında xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən satış obyektinin təsviri: Yeni (işlənməmiş): Ginekoloji HİFU cihazı UtraFem. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən satış obyektinin toplam satış qiyməti: 4200 (dörd min iki yüz) manat. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən satış qiymətinin ödəniş mərhələləri və tarixi aşağıda qeyd edilən 6 (altı) mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz (cihazlar) sifarişçiyə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 6 (altı) ay müddətində sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir.
6. Öhdəliyi davam etdirən şəxs qismində Cavabdeh ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqavilə üzrə (Vəfat etmiş həyat yoldaşının nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin əri tərəfindən davam etdirilməsi barədə) xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mərhum həyat yoldaşı - “sifarişçi” X4, “icraçı” - İddiaçı MMC ilə 28 oktyabr 2024-cü il tarixli, 4400 nömrəli nisyə alqı-salqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən satış obyektinin ümumi qiyməti 4200 (dörd min iki yüz) manat təşkil edir. Bu öhdəlik müqaviləsinə əsasən “Öhdəliyi davam etdirən şəxs” (Cavabdeh) öz istəyi ilə və könüllü şəkildə aşağıdakıları öhdəsinə götürür: - həyat yoldaşının vəfat etməsi səbəbilə, 28 oktyabr 2024-cü il tarixli, 4400 nömrəli müqaviləyə əsasən nisyə alqı-satqı müqaviləsi üzrə bütün qalan borc və öhdəlikləri tam şəkildə və gecikmədən icra etməyi; - qalan ödəniş məbləğlərini əvvəlki müqavilədə göstərilən qrafik üzrə və ya “icraçı” - İddiaçı MMC ilə razılaşdırılmış yeni cədvəl əsasında həyata keçirməyi. X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqaviləyə əsasən bugünə olan 1400 (min dörd yüz) manat borc öhdəliyinin icra edilməsinə dair “İcraçı” (İddiaçı MMC) və “Öhdəliyi davam etdirən şəxs” (Cavabdeh) arasında razılıq əldə edilmişdir. 1. X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqaviləyə əsasən bugünə olan 1400 (min dört yüz) manat borc öhdəliyini “öhdəliyi davam etdirən şəxs” (Cavabdeh) tam şəkildə ödənilməsinə dair üzərinə öhdəlik götürür. 2. “İcraçı” (İddiaçı MMC) xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqaviləyə əsasən satış obyekti olmuş “Ginekoloji HİFU cihazı UltraFem” cihazını bu Müqavilənin 1-ci bəndi nəzərə alınmaqla bundan sonra “öhdəliyi davam etdirən şəxs” də (Cavabdeh) almasına razılıq verir. 3. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildi ki, X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqaviləyə əsasən qalıq ümumi borc məbləği, öhdəliyi 1400 (min dörd yüz) manat təşkil edir. Bu müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş qalıq ümumi borc məbləği, öhdəliyi 1400 (min dörd yüz) manat “öhdəliyi davam etdirən şəxs”dən (Cavabdeh) 2 (iki) ay müddətinə ödənilməklə aşağıdakı cədvələ əsasən icra ediləcək: 1) xx.xx.2025-ci il tarixdə 700 manat, 2) xx.xx.2025-ci il tarixdə 700 manat.
5. “Öhdəliyi davanı etdirən şəxs” (Cavabdeh) ödəniş öhdəliyini icra edərkən gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 1 (bir) %-i miqdarında cərimə ödənilməsinə dair üzərinə öhdəlik götürür.
7. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, “Ginekoloji HİFU cihazı UltraFem” cihazı Rüstəmova Aynur tərəfindən təhvil alınmışdır.
8. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə borcu 350 manat əsas, cərimə borcu 140 manat təşkil edir.
9. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə X4 arasında xx.xx.2024cü il tarixli, 4400 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Ginekoloji HİFU cihazı UltraFem” cihazı xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən X3 təhvil verilmişdir. X4 2025-ci ilin aprel ayında vəfat etdiyindən ödəniş həyata keçirilməmişdir. Bundan sonra X2 həyat yoldaşı Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, 4400 nömrəli müqavilənin davam etdirilməsinə dair xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
13. İddia tələbinin bir hissəsini Cavabdeh xx.xx.2025-ci il tarixli öhdəlik müqaviləsi üzrə 350 manat qalıq borcun tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 350 (üç yüz əlli) manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
15. İddiaçı həmçinin cavabdehdən 140 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
16. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
18. Eləcə də, iddiaçı 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən 22,70 manat (iyirmi iki manat yetmiş qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 350 (üç yüz əlli) manat borc, 20 (iyirmi) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 22,70 manat (iyirmi iki manat yetmiş qəpik) olmaqla, ümumilikdə 392,70 manat (üç yüz doxsan iki manat yetmiş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova