Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6139/2025 30.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsinin birtərəfli ləğvi, avans ödənişinin lizinq ödənişlərinə daxil edilməsi, lizinq obyektinin qalıq dəyəri, aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 17450,67 manat əsas borc və ödənilmiş 143 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli 01/AL/25 nömrəli daxili lizinq müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 36% olmaqla, 46600 manat lizinq məbləği verilmişdir. Qeyd olunan lizinq müqaviləsinə əsasən dəyəri 67015 manat məbləğində qiymətləndirilmiş, iddiaçıya məxsus 2023-cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqilyat vasitəsi 06 yanvar 2025-ci il tarixində cavabdehə təhvil-təslim aktı əsasında verilmiş və ona həmin avtomobili idarə etmək üçün bir aylıq etibarnamə verilmişdir. 2.2. Qeyd olunan lizinq müqaviləsinə əsasən kreditin və faizlərin ödənilməsinə dair tərtib olunmuş 2 №-li əlavəyə əsasən ödəniş qrafiki üzrə cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh 06 yanvar 2025-ci il tarixli 01/AL/25 nömrəli daxili lizinq müqaviləsinə əsasən, götürmüş olduğu nəqilyat vasitəsinə görə krediti vaxtlıvaxtında və qrafikdə göstərilən qaydada ödəməmişdir. Qeyd olunan avtomobil cavabdeh tərəfindən digər şəxslərə, heç bir etibarnamə verilmədiyi halda, öz başına olaraq idarə etmək üçün verilmişdir. Elektron sistem vasitəsi ilə əldə edilən məlumatlara əsasən, qeyd olunan avtomabili qeyri-qanuni halda idarə edərkən iddiaçıya məlum olmayan 3-cü şəxslər yol polisi tərəfindən dəfələrlə cərimə edilmişlər. 2023-cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqilyat vasitəsi iddiaçı tərəfindən daxili lizinq müqaviləsinin müvafiq bəndinə əsasən geri alınmış və bu barədə tərəflərin iştirakı ilə razılığın alınmasına dair cavabdehdən notarial sənəd alınmışdır. Cavabdeh ərizəsində bildirmişdir ki, onun qeyd olunan daxili lizinq müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməyə maddi imkanrı yoxdur və avtomobilin satılmasına, yeni lizinq müqaviləsi ilə digər şəxslə verilməsinə etiraz etmir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə yaranmış 47450,67 manat borcun bağlanması məqsədi ilə qeyd olunan avtomobili şəxsən özünün satması, əldə etdiyi məbləğin borcunun bağlanması üçün iddiaçıya ödəniş etməsi təklif olunsa da, sonuncu bunu etməmişdir. 2.3. İddiaçı tərəfindən 2023-cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqliyyat vasitəsinin qiymətləndirilməsi məqsədi ilə qeyd olunan avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il buraxılışlı, **-AC-*** dövlət nömrə qeydiyyatı nişanlı, “Mitsubishi Xpander” minik universal markalı, tünd boz metalik rəngli nəqilyat vasitəsinin qiymətləndirilməsi həyata keçirilərək, uyğun metodların tətbiqi, eyni zamanda etibarlı mənbələrdən alınmış məlumatların təhlili nəticəsində mütəxəssislər tərəfindən aparılmış hesablamalara uyğun olaraq, 30 may 2025-ci il tarixinə bazar dəyəri 44000 manat, likvid dəyəri 38000 manat müəyyən edilmişdir. Adıçəkilən nəqliyyat vasitəsi mülkiyyətçi – iddiaçı tərəfindən yeni daxili lizinq müqaviləsinə əsasən digər şəxsə 30000 manat məbləğində müəyənləşdirilərək tərəflərin razılığı əsasında kreditə verilmişdir. Qeyd olunan 30000 manat məbləğ cavabdehin borcuna yönəldilmişdir. Beləliklə, 06 yanvar 2025-ci il tarixli 01/AL/25 nömrəli daxili lizinq müqaviləsinə əsasən, 17 iyul 2025-ci il tarixinə borcun qalıq hissəsi əsas borc üzrə 17450,67 manat təşkil edir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 460.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, nəqliyyat vasitəsini satan şəxslə cavabdeh əlbir olaraq nəqliyyat vasitəsinə dair 6-7 elan yerləşdirmiş, bununla lizinq obyektinin dəyərini yüksək göstərmişdir. Cavabdehin 25000 manat ilkin ödəniş etməsi iddiaçıda nəqliyyat vasitəsinin dəyəri barədə inam yaratmışdır. Lakin sonradan müəyyən edilmişdir ki, həmin elanlar saxtadır.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərmişdir ki, nəqliyyat vasitəsi 15 aprel 2025-ci il tarixdə təhvil alınmışdır. Bu zaman nəqliyyat vasitəsində hər hansı zərər aşkar olunmamış, nəqliyyat vasitəsi bazar dəyərinə satıla bilməmişdir, bu səbəbdən 30000 manata yenidən lizinqə verilmişdir.
7. Cavabdeh məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, üçüncü ayın ödənişindən 5-6 gün sonra nəqliyyat vasitəsini iddiaçıya təhvil vermişdir.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh nəqliyyat vasitəsinin qiymətinin qaldırılması məqsədi ilə hər hansı addım atmadığını, ödənişləri edə bilmədiyindən lizinq obyektini iddiaçıya təhvil verdiyini göstərdi.
9. Növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iclasların keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən “Mitsubishi Xpander” minik markalı 2023-cü il buraxılışı yürüşü 1200 km olan tünd boz metalik rəngdə olan nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə edərək muzdla cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi və lizinq ödənişlərinin edilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq ödənişləri xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək aylıq 2134,46 manat (sonuncu ay 2183,37 manat) olaraq razılaşdırılmışdır. Lizinq obyekti iddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli 01/AL-25 nömrəli alqı-satqı müqaviləsi əsasında sonuncudan əldə edilərək xx.xx.2025-ci il tarixdə təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən təhvil alınmışdır.
14. İddiaçı xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli lizinq müqaviləsi üzrə 17450,67 manat məbləğində pulun tutulmasını tələb edir.
15. Cavabdeh iddiaya etiraz edərək hər hansı borcunun olmadığını göstərir.
16. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.
17. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
18. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.2-ci maddəsinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
19. xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilə müqavilənin 9.1.3-cü bəndinə əsasən, bu müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda ləğv edilə bilər: lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə.
20. Göründüyü kimi, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Mülki qanunvericiliyin lizinqlə bağlı müddəalarında lizinq müqaviləsi üzrə əhəmiyyətli pozuntu hesab edilə bilən hallar sadalanmış, həmin hallara o cümlədən lizinq obyektinin sublizinqə verilməsi aid edilmişdir.
21. Hazırda cavabdeh lizinq obyektini üçüncü şəxsin istifadəsinə verdiyini etiraf etdiyindən, lakin bu barədə lizinq verənin – iddiaçının razılığını sübut edə bilmədiyindən lizinq müqaviləsinin vaxtından əvvəl ləğvi üçün əsaslar meyadana gəlmişdir.
22. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
23. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
24. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin müəyyən olunan hallarına əsasən cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermiş, iddiaçı isə nəqliyyat vasitəsini təhvil almışdır. Ləğv tarixinə münasibətdə göstərilməlidir ki, iddiaçı nəqliyyat vasitəsinin 15 aprel 2025-ci il tarixdə təhvil aldığını bildirmiş, cavabdeh də yekun olaraq üçüncü ayın ödəniş günündən (xx.xx.2025-ci il) 5-6 gün sonra nəqliyyat vasitəsinin təhvil verildiyini qəbul etmişdir. Belə olan halda, məhkəmə xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilənin ləğv tarixinin xx.xx.2025-ci il kimi müəyyən edilməsi qənaətinə gəlir.
25. Lizinq ödənişlərinə münasibətdə isə məhkəmə aşağıdakıları göstərir.
26. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
27. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
28. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
29. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 25000 manat ilkin ödəniş və 4270 manat aylıq lizinq ödənişi ödənilmişdir.
30. İddiaçının təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, lizinq obyektinin bazar dəyəri 44000 manat təşkil edir.
31. xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilənin 10.6 və 10.8-ci bəndlərinə əsasən, lizinq verənin arzusu ilə qaytarılmış və ya geri tələb edilmiş lizinq obyektinin vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb edilə bilər. Bu qiymətləndirici lizinq obyektinin sərbəst bazar qiymətini müəyyən edir. Qiymətləndiricini lizinq verən birtərəfli qaydada sərbəst seçir. Lizinq obyektinin qiyməti qiymətləndirici tərəfindən onun hesablama metodlarına əsasən müəyyən edilir. Bu müqvilənin 10.6-cı bəndinə müvafiq olaraq qiymətləndirici tərəfindən müəyyən edilmiş lizinq obyektinin qiyməti lizinq obyektinin dəyərinə aid olan həyata keçirilmiş lizinq ödənişləri çıxılmaqla lizinq obyektinin dəyərindən az olduqda lizinq alan lizinq verənin tələbi ilə 3 təqvim günü ərzində yaranmış fərqi lizinq verənə ödəməlidir.
32. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
33. Göründüyü kimi mülki qanunvericilik müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbinin tərkibinin müəyyənləşdirilməsi yönündə tənzimləmə həyata keçirmiş, tərəflər də bağladıqları müqavilədə oxşar iradə ifadə etmişlər.
34. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
35. Qanunvericiliyin tələbini təhlil etdikdə aydın olur ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alanın daşıyır. Tərəflər də müqavilədə qeyd olunan məsuliyyəti lizinq alanın daşıdığını razılaşdırmışlar.
36. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hesablaşma aparılarkən tərəflərin razılaşmasına uğyun olaraq lizinq obyektinin qalıq bazar dəyəri nəzərə alınmalıdır.
37. Belə olan halda lizinq məbləğinin 46600 manat təşkil etdiyi, lizinq obyektinin qalıq dəyərinin 44000 manat müəyyən edildiyi, əsas məbləğdən 1495,01 (736,46+758,55) manat ödənildiyi, 15 aprel 2025-ci il tarixə 1 ay 7 gün üçün mükafat borcunun 1708,85 (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək mükafat məbləği: 1398,25 manat + 7 gün üçün mükafat məbləğ: 1286,69 / 29 * 7) manat olması nəzərə alındığında cavabdehin xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilə üzrə yekun borcu 2813,84 (lizinq məbləği: 46600 – əsas borc üzrə ödənişlərin cəmi: 1495,01 manat – lizinq obyektinin qalıq dəyəri: 44000 manat + 06 mart 2025-ci il tarixdən 15 aprel 2025-ci il tarixdək mükafat məbləği: 1708,85 manat) manat təşkil edir.
38. İddiaçının aldadıldığı barədə bildirdiklərinə münasibətdə isə məhkəmə göstərir ki, Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
39. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
40. Göründüyü kimi, mülki qanunvericilikdə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda onun əqdi mübahisələndirmək hüququ təsbit edilmiş, üçüncü şəxs tərəfindən aldadılma halında isə, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin mübahisələndirilmə imkanı əks olunmuşdur. Başqa sözlə, müqavilə tərəfinin üçüncü şəxs tərəfindən aldadıldığına istinad edərək əqdi mübahisələndirə bilməsi üçün aldatma faktı ilə yanaşı kontragentin aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halı da sübut edilməlidir.
41. Lakin aldatma, kontragentin – cavabdehin aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halları iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunmamışdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərar).
43. Belə olan halda məhkəmə iddiaçının aldadıldığı ilə bağlı bildirdiklərini əsassız hesab edir.
44. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
45. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
48. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə razılaşdırılmış muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (lizinq alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli 01/AL/25 nömrəli müqavilə üzrə 2813,84 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
50. İddiaçı eyni zamanda ödənilmiş 143 manat dövlət rüsumunun tutulmasını tələb edir.
51. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 143 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 2813,84 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova