Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-614/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, Cavabdeh nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin İddiaçı MMC-yə aldığı mallar üçün 98.626,52 manat, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 25165,25 manat, mediasiya və məhkəmə xərcləri üçün ödənilən 830 manat cəmi 124.621,77 manat borcunun ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMCilə İddiaçı MMC arasında bağlanmış 18 iyun 2022-ci il tarixli 22-0095 saylı Alqı-satqı müqaviləsi əsasında EBBZ 816535 (12.07.22), EBCB 373557 (05.08.22), EBCB 428339 (06.08.22), EBCC 008627 (16.08.22), EBCC 009072 (16.08.22), EBCC 037336 (17.08.22), EBCD 553282 (09.09.22), EBCD 575101 (10.09.22) e-Qaimələrə əsasən cəmi 125.826,23 manat (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmışdır. EBCC 008627 (16.08.22) və EBCD 575101 (10.09.22) e-Qaimələrə əsasən5.718,28 azn (ƏDV daxil) dəyərində mallar geri qaytarılmış və indiyə qədər həmin e-Qaimələr üzrə cəmi 21481,43 manat (ƏDV daxil) ödəniş edilmişdir. Müqavilənin 5.1.-ci maddəsinə və həmin müqavilənin əlavələri olan X1 əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq 98.626,52 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən“Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 25165,25 manat əlavə cərimə ödəməlidir. 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.2023-cü il tarixdə Mediasiyaya müraciət edilmiş mediator tərəfdən Cavabdeh MMC mediasiyaya dəvət edilsə də mediasiya prosesinə gəlməmişdirlər. Nəticədə, xx.xx.2023-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatı “X2 X4” arayış təqdim etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edirəm. Əsas borc məbləğini qəbul edir. Rəsmi olaraq iddia ərizəsində qeyd edilmiş əsas borc məbləği doğrudur. Lakin cərimə məbləğinə dair güzəşt edilməsini xahiş edir.
5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
9. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22-0095 saylı alqı-satqı müqaviləsinə əsasən:
10. Maddə1. Müqavilənin predmeti
11. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.
12. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapmışdır.
13. Maddə 2. Malın qiyməti və müqavilənin ümumi dəyəri
14. Həmin müqavilənin 2.1.-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. Əgər qiymətlərin razılaşdırılması protokolu tərtib edilməzsə və ya nəzərdə tutulmazsa malın qiyməti alıcıya təqdim edilən elektron qaimədə göstərilən qiymətlər nəzərə alınacaq və ödəniş bu qiymətlər üzrə həyata keçiriləcəkdir.
15. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Razılıq əldə edilmədikdə, satıcı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə mal təchiz etməyə davam edir.
16. Maddə 3. Tərəflərin hüquq və vəzifələri
17. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcının aşağıdakı hüquqları vardır:
18. - 3.1.1.Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək;
19. - 3.1.3.Alıcının təqsiri nəticəsində vurulan zərərin ödənilməsini tələb etmək;
20. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcının aşağıdakı vəzifələri vardır:
21. - 3.2.1.Malı müqavilə ilə müəyyən edilmiş qaydada alıcının mülkiyyətinə vermək;
22. Həmin müqavilənin 3.3.-cü bəndinə əsasn alıcının aşağıdakı hüquqları vardır:
23. - 3.3.1.Əgər satıcı satılmış malı alıcıya verməkdən imtina edərsə, müqavilənin icrasından imtina etmək;
24. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən alıcının aşağıdakı vəzifələri vardır:
25. - 3.4.1. Malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;
26. Maddə 4. Malın təhvil verilməsi
27. Həmin müqavilənin 4.1.-ci bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri alıcıya təqdim etməlidir.
28. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir.
29. Maddə 5. Hesablaşma qaydası və ödəniş şərtləri
30. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən malların hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən müddətdə və şərtlərdə alıcı tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Əgər qiymətlərin razılaşdırılması prokolu tərtib edilməzsə və ya nəzərdə tutulmazsa ödəniş müddəti mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100% ödəniş həyata keçirilməlidir. Mlların təhvil verilməsi hər mal üzrə həyata keçirilir.
31. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halıənda alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
32. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 12 iyul 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 23064,99 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
33. xx.xx.2022-ci il tarixli, EBBZ816535 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 23064,99 manat təşkil etmişdir.
34. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 05 avqust 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 13338,72 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
35. 05.08.2022-ci il tarixli, EBCB373557 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 13338,72 manat təşkil etmişdir.
36. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 06 avqust 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 36408,90 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
37. xx.xx.2022-ci il tarixli, EBCB428339 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 36408,90 manat təşkil etmişdir.
38. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 16 avqust 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 7467,07 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
39. xx.xx.2022-ci il tarixli, EBCC008627 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 7467,04 manat təşkil etmişdir.
40. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 16 avqust 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 18596,80 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
41. xx.xx.2022-ci il tarixli, EBCC009072 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 18596,80 manat təşkil etmişdir.
42. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 17 avqust 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 2147,60 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
43. xx.xx.2022-ci il tarixli, EBCC037336 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 2147,60 manat təşkil etmişdir.
44. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 09 sentyabr 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 15481,60 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
45. xx.xx.2022-ci il tarixli, EBCD553282 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 15481,60 manat təşkil etmişdir.
46. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22- 0095 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş 10 sentyabr 2022-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən Cavabdeh MMC-yə veriləcək müxtəlif adda malların yekun dəyəri 9320,58 manat (ƏDV daxil) müəyyən edilmiş və eyni tarixli təhvil-təslim aktına əsasən həmin mallar alıcıya təhvil verilmişdir.
47. xx.xx.2022-ci il tarixli, EBCD57510 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC satılmış malların dəyəri ƏDV daxil 9320,58 manat təşkil etmişdir.
48. 10.03.2023-cü il tarixli EBDB497676 e-qaiməyə əsasən 767 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDB497438 saylı e-qaiməyə əsasən 4951,28 manat dəyərində malın qismən geri qaytarılması həyata keçirilmişdir.
49. 27.11.2023-cü il tarixli borcun hesablanması cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli, EBBZ 816535 saylı e-qaimə üzrə malın dəyəri 23064.99 manat təşkil etmiş, 21481,43 manat ödəmə həyata keçirilmiş və borc dəyəri 1583,56 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 373557 saylı e-qaimə üzrə malın və borcun dəyəri 13338,72 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 428339 saylı e-qaimə üzrə malın və borcun dəyəri 36408,90 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCC 008627 saylı eqaimə üzrə malın dəyəri 7467,04 manat təşkil etmiş, 4951,28 manat məbləğində mal geri qaytarılmış və borc dəyəri 2515,76 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 009072 saylı e-qaimə üzrə malın və borcun dəyəri 18596,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 037336 saylı e-qaimə üzrə malın və borcun dəyəri 2147,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 553282 saylı e-qaimə üzrə malın və borcun dəyəri 15481,60 manat məbləğində və xx.xx.2022-ci il tarixli, EBCD 575101 saylı e-qaimə üzrə malın dəyəri 9320,58 manat təşkil etmiş, 767 manat məbləğində mal geri qaytarılmış və borc dəyəri 8553,58 manat məbləğində olmaqla, müqavilə üzrə cəmi borc 98626,52 manat (125826,23 manatlıq malların ümumi dəyəri olmuşdur) müəyyən edilmişdir. Həmçinin gün lük 0.1% olmaqla cərimə borcu cəmi 59598,04 manat, malların dəyərinin 20% ilə isə 25165,25 manat müəyyən edilmişdir.
50. İddiaçıya məxsus xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli, EBBZ816535 saylı e-qaimə üzrə 10075 manat məbləğində, eyni qaimə üzrə xx.xx.2022-ci il tarixdə 8129,60 manat məlbəğində ödəniş edilmişdir.
51. İddiaçıya məxsus xx.xx.2023-cü il tarixli ƏDV sub-uçot hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli, EBBZ816535 saylı e-qaimə üzrə 1813,50 manat məbləğində, eyni qaimə üzrə xx.xx.2022-ci il tarixdə 1463,33 manat məlbəğində ƏDV ödənişi edilmişdir.
52. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 125826,23 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların bir qismi üzrə yəni 21481,43 manat məbləğində (5718,28 manatlıq mal geri qaytarılmış) dəyərini ödəmiş, cəmi 98626,52 manat əsas borcu ödəməmişdir.
55. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
56. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
57. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış qiymətlərin razılaşma prokoluna əsasən mallar təhvil verildikdən sonra 30 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.
58. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
59. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
60. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
61. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
62. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 98626,52 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 98626,52 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
63. Bundan başqa da cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında da əsas borca dair iddia tələbini qəbul etdiklərini bildirmişdir.
64. Bundan əlavə iddiaçı cavabdeh MMC-dən əsas öhdəliyinin gecikdirilməsi səbəbi ilə 25165,25 manat məbləğində cərimə tutulmasını məhkəmədən xahiş etmişdir.
65. Cavabdeh tərəf həmin cərimə məbləğini qəbul etmədiklərini bildirmişdir.
66. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə qismən əsaslı olduğundan təmin edilməlidir.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
68. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
69. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyini, həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə 8.5-ci bənddə cərimə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə cərimə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçının cərimə pulu olaraq ödənilməsini tələb etdiyi 25165,25 manat məbləği cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan həmin məlbəğ 4932 manat həddində müəyyən edilməlidir.
70. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 22-0095 saylı alqı-satqı müqaviləsi üzrə 98626,52 manat əsas borc məbləği, 4932 manat dəbbə pulu tutularaq İddiaçınə ödənilməlidir.
71. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 415 manat məbləğində mediasiya xərcləri və dövlət rüsumu ödənilmişdir.
72. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
73. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 415 manat məbləğində mediasiya xərci və dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 22-0095 saylı alqı-satqı müqaviləsi üzrə 98626,52 (doxsan səkkiz min altı yüz iyirmi altı manat, əlli iki qəpik) manat əsas borc məbləği, 4932 (dörd min doqquz yüz otuz iki) manat dəbbə pulu və dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 415 (dörd yüz on beş) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova