Məhkəmə qərarları › İş №e-2-2(113)-6150/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6150/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6150/2022 23.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12 nömrəli, 30 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 78812,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3940,61 manat illik 5 % pulun və 400 manat məbləğində mediasiya xərcinin, cəmi 83152,81 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 nömrəli, 30 iyun 2021ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, tərəflər razılaşırlar ki, iddiaçı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və cavabdehin tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən beton məhsulunu qəbul etməsini və dəyərini “Razılaşdırma Protokolu” (Əlavə 1) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə görə, Malın hər partiyası“Satıcı” tərəfindən tərtib edilmiş qaimə (o cümlədən,elektron qaimə) ilə birgə “Alıcı”-ya təqdim edilir. Həmin müqavilənin 6.2-ci bəndinə görə, əgər tərəflər təqdim olunan beton məhsulunun ödənişi ilə bağlı öz aralarında başqa üsul və vaxt müəyyən etməyiblərsə, hesab-faktura və ya elektron qaimə təqdim olunandan sonra məbləğ 10 iş günü müddətində bank hesabına köçürmə yolu ilə tam ödənilməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə görə, tərəflər arasında bu Müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həlledilir. Həmin müqavilənin 8.2-ci bəndinə görə, tərəflər mübahisəni danışıqlar və sülh yolu ilə həlledə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həlledilir Həmin müqavilənin 9.5-ci bəndinə görə, hazırkı müqavilə xx.xx.2023-ci il tarixinə qədər qüvvədədir. İddiaçı ilə cavabdeh arasında 30 iyun 2021-ci il tarixində bağlanmış 12 saylı Alqı-Satqı Müqaviləsi əsasında satılmış malın dəyəri 106624,80 azn (ƏDV daxil olmaqla) olmuşdur. Göstərilən məbləğ aşağıdakı X1 üzrə təqdim edilmişdir: E/Q EBBE 281553. xx.xx.2021-ci il Əmtəə Betonu B-25 -223,0 mx 90 = 20070 x18%= 23682,60 azn E/Q EBBE 630257. xx.xx.2021-ci il Əmtəə Betonu B-25 - 781,0 m x 90 = 70290 x18%= 82942,20 azn, cəmi ƏDV ilə birlikdə - 106624.80 AZN. Həmin məbləğdən ödənilmişdir: xx.xx.2021-ci il tarixdə - 10000 AZN, 1800,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2750 AZN 495,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2800 AZN, 504,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2000 AZN, 360,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2000 AZN, 360,00 ƏDV, xx.xx.2021-ci il tarixdə - 2020 AZN, 363,60 ƏDV, xx.xx.2022-ci il tarixdə - 2000 AZN, 360,00 ƏDV, cəmi ƏDV ilə birlikdə 27812,60 AZN. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehə satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. İddiaçı tərəfindən satılmış malların bir hissəsinin pulu ödənilsə də, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə cəmi ƏDV ilə birlikdə (106627.80 – 27812,60 = 78812,20) 78.812,20 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 12 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcının tikinti obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən beton məhsulunu qəbul etməsini və dəyərini “Razılaşdırma protokolu” (Əlavə № 1) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 4.2.3-cü bəndinə əsasən alıcının sifarişlərində göstərilmiş vaxtda malların tikinti obyektlərinə əsas olmadan çatdırılmadığı halda satıcı çatdırılmamış mal dəyərinin mal təqdim olunan günədək malın 0,1 % məbləğində alıcıya gündəlik dəbbə pulu ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən malın hər partiyası satıcı tərəfindən tərtib edilmiş qaimə (o cümlədən elektron qaimə) ilə birgə alıcıya təqdim edilir. Müqaviləyə 01 nömrəli Əlavə 30 iyun 2021-ci il tarixdli qiymətlərin razılaşdırma protokolundan görünür ki, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında tikinri obyektlərini beton məhsulu ilə təchiz etməsini öz öhdəsinə götürür. Alıcı isə öz növbəsində satıcı tərəfindən göndərilmiş beton məhsulunu qəbul etməsini və malın dəyərini qiymətlərin razılaşdırma protokolunda göstərilən qiymətlərlə əsas müqavilənin 6.2-ci maddəsinə əsasən ödənilməsini öz öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehə EBBE 281553 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 630257 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığı ilə 10.000 manat, xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığı ilə 2750 manat, xx.xx.2021-ci il tarixli 000İPX121257007D nömrəli ödəniş tapşırığı ilə 2800 manat, xx.xx.2021-ci il tarixli 000İPX121315B94 nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2021-ci il tarixli 000İPX1213300BCB nömrəli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2021-ci il tarixli 000İPX12135414F4 nömrəli ödəniş tapşırığı ilə 1500 manat, xx.xx.2021-ci il tarixli 000İPX12135414F7 nömrəli ödəniş tapşırığı ilə 520 manat, xx.xx.2022-ci il tarixli 000İPX1221650A4E nömrəli ödəniş tapşırığı ilə 2000 manat məbləğində pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 12 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin 30 iyun 2021-ci il tarixli 12 nömrəli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 78812,20 manat məbləğində əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən gecikdirilmiş müddət üçün hesablanmış 3940,61 manat məbləğində faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz nəzərə alınmaqla 3940,61 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 3940,61 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 78812,20 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/5-03294 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 78812,20 (yetmiş səkkiz min səkkiz yüz on iki manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar