Məhkəmə qərarları › İş №e-2-2(113)-6163/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6163/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6163/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh "xxxx" Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Hüseyn qızının iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, A002/21 saylı müqavilə üzrə yaranmış 10010 manat məbləğində əsas borc, illik 5%-lə hesablanmış 1500 manat faiz məbləği, hüquqi xidmətə görə ödənilmiş 500 manat və 127 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə (Daşıyıcı) "xxxx" Firması (Sifarişçi) arasında xx.xx.2021-ci il tarixli, A002/21 saylı, yükdaşıma xidmətinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin predmetinə görə, 2.1-ci bəndinə əsasən daşıyıcı sifarişçinin göstərişlərinə uyğun olaraq yükü təyinat məntəqəsinə çatdırmağı və yükalana təhvil verməyi, sifarişçi isə daşıyıcının haqqını bu müqavilənin 4.2ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2ci bəndinə əsasən tərəflər müqavilə üzrə həyata keçirilən daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmtəə-nəqliyyat qaiməsində göstərilən yükalana təhvil verir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən sifarişçi yükün təyinat məntəqəsində vaxtlı-vaxtında boşaldılmasına təminat verir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə ödənişləri vaxtında yerinə yetirir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər əmtəə-nəqliyyat qaimələri əsasında müvafiq ay ərzində 1 dəfə olmaqla, təhvil-təslim aktı imzalayırlar. Sifarişçi həmin təhvil-təslim aktı əsasında ay ərzində həyata keçirilmiş daşımalar üzrə ödənişləri hesab-fakturanı aldıqdan sonra 15 (on beş) təqvim günü ərzində həyata keçirir. Sifarişçi həyata keçirilmiş daşımaların haqqını daşıyıcının hesablaşma hesabına köçürülmə və ya nağd yolu ilə ödəyir. Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. İddiaçı Firması ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2021-ci il tarixli, A002/21 saylı yükdaşıma xidmətinin göstərilməsi ilə bağlı müqaviləyə əsasən dəyəri 72434,6 manat məbləğində xidmət göstərilmişdir. "xxxx" Firması ona göstərilmiş 72434,6 manat məbləğində xidmətdən xx.xx.2021-xx.xx.2025-ci il tarixləri aralığında 62424,6 manat ödəniş etmişdir. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına göstərilmiş xidmətlər üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. "xxxx" Firmasının xx.xx.2025-cü il tarixə İddiaçı MMC-yə ödənilməmiş qalıq borcu 10010 manat təşkil edir. 2025-ci ilin iyul ayında cavabdeh "xxxx" Firmasına pretenziya məktubu göndərərək, müqavilə üzrə borcun ödənilməsi tələb olunsa da, cavabdehdən müsbət nəticə əldə edə bilməmiş, ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2025-ci il tarixdə olmuşdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia tələbində borc məbləğinin mövcud olması ilə bağlı göstərilən xüsusatlar əsassız olduğundan iddia tələbi qəbul edilmir və rədd edilməlidir. İddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə əsasən yükün daşınması əmtəə-nəqliyyat qaiməsinə əsasən rəsmiləşdirilir və iddiaçı ilə cavabdeh arasında yükün təhvil-qəbulu hər iki tərəfdən imzalanmış və möhürlənmiş əmtəə nəqliyyat qaiməsi əsasında həyata keçirilir. Eyni zamanda daşıma haqqı ayda bir dəfə imzalanmış təhviltəslim aktı əsasında və hesab faktura üzrə ödənilir. Belə olan halda iddiaçı tərəfindən borc məbləğinin mövcud olması ilə bağlı iddiası əsassızdır. Çünki həmin borc üzrə malların cavabdehə təhvil verilməsinə dair təhvil-təslim aktı və əmtəə-nəqliyyat qaiməsi iddia ərizəsinə əlavə edilmiş sənədlər içərisində mövcud deyildir. Bundan əlavə, iddiaçı tərəfindən iddia tələbində əsas borc məbləğindən əlavə olaraq da illik 5 % olmaqla 1500 manat vəsait tələb edilmişdir. Birincisi, gecikmənin hansı qaimələr üzrə olduğu qeyrimüəyyən olduğundan neçə il üzrə gecikmə faizinin hesablandığı məlum deyil. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilmiş məbləğin 10%-dən artıq ola bilməz. Qəbul edilsə belə ki, (ümumiyyətlə iddia tələbi qəbul edilmir) "gecikmə" mövcuddur. Bu zaman həmin məbləğin 15% müqabilində cərimənin tələb edilməsi də tərəflər arasında bağlanmış müqaviləyə ziddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

5. Cavabdeh tərəfindən daxil olmuş etiraza iddiaçı tərəfindən yazılı mülahizə verilmişdir. Mülahizədə qeyd edilmişdir ki, cavabdeh "xxxx" Firmasının etirazında göstərilən dəlillər əsassızdır və iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, iddia ərizəsində qeyd olunduğu kimi, iş üzrə tərəflər arasında xx.xx.2021-ci il tarixdə "Nəqliyyat xidmətinin göstərilməsi barədə" A002/21 Nömrəli müqavilə bağlanmışdır. İddiaçı "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, "xxxx" Firmasının sifarişi əsasında daşınması tələb olunan malların daşınmasını 2021-2025-ci illər ərzində təmin etmişdir. İddiaçının göstərdiyi xidmətləri qəbul edən cavabdeh "xxxx" Firması, iddiaçının əksinə olaraq, müqavilə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya çatası xidmət haqqını tam həcmdə ona ödəməmişdir. Belə ki, işdə olan sənədlərə, o cümlədən eqaimələrə, maliyyə arayışına əsasən müəyyən edilir ki, 2021-2025-ci illər ərzində "xxxx" Firmasına aid malların daşınmasını tələb edən "xxxx" MMC, daşıma xidmətlərini göstərdikdən sonra ödəməli olan xidmət haqqının alınması ilə bağlı "xxxx" Firmasına eqaimələr təqdim etmişdir. "xxxx" Firması həmin qaimələri geri qaytarmamış, qaimələri təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehdə 72434,6 manat məbləğində aşağıda qeyd olunan e-qaimələr göndərilmişdir: xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 305862 nömrəli qaimə üzrə 1190 manat; xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 932488 nömrəli qaimə üzrə 3673,6 manat; xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 336018 nömrəli qaimə üzrə 5499 manat; xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 220666 nömrəli qaimə üzrə 5619 manat; xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 693717 nömrəli qaimə üzrə 3140 manat; xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 162088 nömrəli qaimə üzrə 2530 manat; xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 667407 nömrəli qaimə üzrə 3146 manat; 12.10..2021-ci il tarixli, EBBK seriyalı, 582487 nömrəli qaimə üzrə 5379 manat; xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 445510 nömrəli qaimə üzrə 1430 manat; xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 019429 nömrəli qaimə üzrə 1494 manat; xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 707913 nömrəli qaimə üzrə 200 manat; xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 860127 nömrəli qaimə üzrə 7320 manat; xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 279679 nömrəli qaimə üzrə 6790 manat; xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 471253 nömrəli qaimə üzrə 8040 manat; xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 587514 nömrəli qaimə üzrə 7020 manat; xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 468165 nömrəli qaimə üzrə 5360 manat; xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 080803 nömrəli qaimə üzrə 480 manat; xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 962885 nömrəli qaimə üzrə 1549 manat; xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, xx.xx.2023cü il tarixli, EBDF seriyalı, xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 496396 nömrəli qaimə üzrə 1269 manat; 267971 nömrəli qaimə üzrə 270 manat; 990065 nömrəli qaimə üzrə 648 manat; 372266 nömrəli qaimə üzrə 388 manat. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan və maliyyə arayışlarından məlum olur ki, iddiaçı "xxxx" MMCnin cavabdeh "xxxx" Firmasına təqdim etdiyi daşıma xidmətlərinə görə yaranmış 72434,6 manat məbləğində borcun 62424,6 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, 10010 manat məbləğində borc isə bu günədək ödənilməmiş qalmışdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin cavbadeh "xxxx" Firmasına göndərdiyi aşağıdakı e-qaimələr üzrə borc hal-hazıradək ödənilməmişdir: xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 587514 nömrəli qaimə üzrə 7020 manat bocdan 46 manat; xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 468165 nömrəli qaimə üzrə 5360 manat; xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 080803 nömrəli qaimə üzrə 480 manat; xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 962885 nömrəli qaimə üzrə 1549 manat; xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 496396 nömrəli qaimə üzrə 1269 manat; xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 267971 nömrəli qaimə üzrə 270 manat; xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 990065 nömrəli qaimə üzrə 648 manat; xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 372266 nömrəli qaimə üzrə 388 manat. Göründüyü kimi, cavabdeh "xxxx" Firmasının iddiaçı "Etalon Servis” MMC qarşısında icra edilməmiş öhədlikləri mövcuddur ki, bu öhdəliklərin icrasına görə cavabdeh məsuliyyət daşıyır. Hazırda cavabdeh bildirir ki, malların "xxxx" Firmasına təhvil verilməsinə dair təhvil-təslim aktı və əmtəə-nəqliyyat qaiməsi olmadığına görə cavabdehin iddiaçı qarşısında hər hansı borcu da yoxdur. Hesab edilir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 2021-2025-ci illər ərzində cavabdeh "xxxx" Firmasının sifarişi əsasında iddiaçı "Etalon Servis” MMC cavabdehə ümumilikdə 72434,6 manat məbləğində malların daşınması xidmətini göstərmişdir. Həmin işlərə görə cavabdeh "xxxx" Firması iddiaçı "xxxx" MMC-yǝ 62424,6 manat ödəniş etmişdir ("xxxx" ASC vasitəsilə edilmiş ödənişləri təsdiq edən hesabdan çıxarış iş materiallarında mövcuddur). Həmin ödənişlərin aparıldığı işlərin (daşımaların) təhviltəsliminə dair tərəflər arasında təhvil-təslim aktı imzalanmamış, əmtəə-nəqliyyat qaiməsi tərtib edilməmişdir. İddiaçı, cavabdehə aid malları daşıdıqdan sonra, xidmət haqqını ödəmək üçün cavabdehǝ e-qaimələr göndərmiş, sonuncu da həmin qaimələr əsasında xidmət haqlarını ödəmişdir ki, bu günə həmin ödənişlərin ümumi məbləği 62424,6 manat təşkil edir. Misal olaraq bildirilir ki, daşıma xidmətinə görə yaranmış 7020 manat məbləğində borcun ödənilməsi məqsədilə iddiaçı "xxxx" MMC xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" Firmasına EBBW seriyalı, 587514 nömrəli e-qaimə təqdim etmişdir. Həmin qaimə cavabdeh tərəfindən təsdiq edilmiş və qaimə üzrə xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və sair tarixlərdə cəmi 6974 manat məbləğində ödəniş etmiş, e-qaimə üzrə 46 manat ödənilməmiş qalmışdır. Qeyd olunan xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 587514 nömrəli e-qaimə üzrə ödənilməsi tələb olunan 7020 manat borcun yarandığı işin təhvil-təslimi ilə bağlı da tərəflər arasında hər hansı akt və ya əmtəə-nətiqliyyat qaiməsi tərtib edilməmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə görülmüş işlərin təhvil-təslim barədə akt və əmtəə-nəqliyyat qaiməsininin tərtib edilməsi barədə şərt nəzərdə tutulsa da, müqavilə tərəfi olan nə "xxxx" MMC, nə də ki, "xxxx" Firması həmin sənədlərin tərtib edilməsini tələb etməmişlər. Müqavilə tərəfləri öz aralarında işgüzar adət və iş təcrübəsi formalaşdırmışlar ki, "xxxx" Firması malların daşınması barədə "Etalon Servis” MMC-yə sifariş verir, sonuncu həmin sifarişi yeinə yetirir və xidmət haqqının ödənilməsi üçün “Laçın-1" Firmasına e-qaimə təqdim edir. "xxxx" Firması təqdim olunan həmin e-qaimə üzrə ödəniş aparır. İşdə olan sənədlərdən də göründüyü kimi, iş üzrə tərəflər 2021-ci ildən başlayaraq öz aralarında formalaşdırdıqları həmin işgüzar adət və iş təcrübəsinə əsaslanaraq işləri görmüş və həmin işlərə görə dövri ödənişlər aparılmışdır. Lakin sonradan "xxxx" Firması ödənişləri gecikdirmiş və bunun nəticəsində onun "xxxx" MMCyə ümumilikdə 10010 manat borcu yaranmışdır. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, əgər cavabdeh "xxxx" Firması iddia edirsə ki, pulun ödənilməsi üçün tərəflər arasında işlərin təhvil- təslim aktı və əmtəənəqliyyat qaiməsinin tərtib edilməsi mütləqdir, o halda "xxxx" Firması onu da sübut etməlidir ki, əvvəllər 62424,6 manat məbləğində ödəniş edərkən də təhvil-təslim aktları və əmtəə-nəqliyyat qaimələri mövcud olmuşdur və o da onların əsasında ödənişləri icra etmişdir. Lakin cavabdeh "xxxx" Firması bu halları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, cavabdeh öz dəlillərini sübuta yetirə bilmir. Sübuta söykənməyən tələb (dəlil) isə əsaslı hesab edilə bilməz. Cavabdehin etirazının digər dəlili isə ondan ibarətdir ki, borcun ödənilməsinin gecikdirilməsi üçün (illik 5%) iddiaçı cavabdehdən 1500 manat məbləğində pul tələb edir. Lakin bu zaman iddiaçı həmin gecikdirmələrin hansı qaimələr üzrə olduğunu göstərməmişdir. Hesab edilir ki, cavabdehin bu dəlili də iddianın təmin edilməsini aradan qaldırmır. Belə ki, iddiaçı "xxxx" MMC-nin təqdim etdiyi aşağıdakı e-qaimələr üzrə cavabdeh "xxxx" Firması tərəfindən borc hal-hazıradək ödənilməmişdir: xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 587514 nömrəli qaimə üzrə 7020 manat bocdan 46 manat; xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 468165 nömrəli qaimə üzrə 5360 manat; xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 080803 nömrəli qaimə üzrə 480 manat; xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 962885 nömrəli qaimə üzrə 1549 manat; xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 496396 nömrəli qaimə üzrə 1269 manat; xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 267971 nömrəli qaimə üzrə 270 manat; xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 990065 nömrəli qaimə üzrə 648 manat; xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 372266 nömrəli qaimə üzrə 388 manat. Hesab edilir ki, həmin qaimələr üzrə borcun ödənilməsi gecikdirildiyinə görə, iddiaçı illik 5% hesablanmaqla 1500 manat faiz borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaya qarşı verdiyi yazılı etirazının dəlilləri əsassız, cavabdehdən 10010 manat məbləğində borcun tələb edilməsi barədə iddiaçının iddiası isə əsaslıdır.

6. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə Hüseyn qızı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə və yazılı mülahizə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2021-2025-ci illər ərzində cavabdehə qaimələr göndərilib və 15 gün müddətində ödəniş olubdur. Hal-hazırda ödəniş yoxdur. 8 ədəd qaimə mövcuddur.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, daşıyıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində "xxxx" Firması arasında xx.xx.2021-ci il tarixli, A002/21 nömrəli yük daşınması müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hazırkı müqavilə ilə daşıyıcı sifarişçinin göstərişinə uyğun olaraq yükü təyinat məntəqəsinə çatdırmağı və yükalana təhvil verməyi, sifarişçi isə daşıyıcının haqqını müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür; Tərəflər müqavilə üzrə həyata keçirilən daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmtəənəqliyyat qaiməsi ilə rəsmiləşdirirlər. Daşıyıcı yükü həmin əmtəə-nəqliyyat qaiməsində göstərilən yükalana təhvil verir; 2.4-cü bəndinə əsasən yük müqavilənin 1 saylı əlavəsində göstərilmiş tarif cədvəlindəki qiymətlər tərəflər arasında aparılacaq hesablaşmalar üçün yeganə əsasdır. Yeni məntəqələr meydana gəldikdə və ya qiymətlərdə dəyişiklik olarsa, müqaviləyə yeni tarif cədvəli əlavə edilir; 3.1-ci bəndinə əsasən sifarişçinin müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında yerinə yetirmək öhdəliyi vardır; 4.1-ci bəndinə əsasən daşıma haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilir. 4.2-ci bəndinə əsasən tərəflər əmtəə-nəqliyyat qaimələri əsasında müvafiq ay ərzində 1 dəfə olmaqla təhviltəslim aktı imzalayırlar. Sifarişçi həmin təhvil-təslim aktı əsasında ay ərzində həyata keçirilmiş daşımalar üzrə ödənişləri, hesab-fakturanı aldıqdan sonra 15 təqvim günü ərzində həyata keçirir. Sifarişçi həyata keçirilmiş daşımaların haqqını daşıyıcının hesablaşma hesabına köçürmə və ya nağd yolu ilə ödəyir; 5.1-ci bəndinə əsasən müqavilə ilə üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 5.2-ci bəndinə əsasən sifarişçi hesabfakturanı aldıqdan sonra ödəməni 15 gün ərzində həyata keçirmədiyi təqdirdə, hər gecikdirilən iş günü üçün hesab-faktura ilə ödənilməsi nəzərdə tutulmuş ümumi məbləğin 0,1%-i həcmində cərimə ödəyir. Hazırkı bənd üzrə tətbiq oluna biləcək cərimənin ümumi həcmi ödənişi gecikdirilmiş məbləğin 10%-dən artıq ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə 2021-2022-ci ildə cavabdehə göndərilmiş, ödənişi edilmiş, mübahisəsiz olan bir çox elektron qaimələr təqdim olunmudur. Eyni zamanda hazırkı mübahisə ilə bağlı olan aşağıdakı elektron qaimələr təqdim olunmuşdur:

10. xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 857514 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 7020 manat təşkil edir. Qaimənin əsası kimi 2022-ci ilin aprel ayında nəqliyyat xidməti qeyd edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 468165 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 5360 manat təşkil edir. Qaimənin əsası kimi 2022-ci ilin may ayında nəqliyyat xidməti qeyd edilmişdir.

12. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 080803 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 480 manat təşkil edir. Qaimənin əsası kimi 2022-ci ilin iyun ayında nəqliyyat xidməti qeyd edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 962885 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 1549 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin yanvar ayında nəqliyyat xidməti qeyd edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 496396 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 1269 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin aprel ayında nəqliyyat xidməti qeyd edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 267971 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 270 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin may ayında nəqliyyat xidməti qeyd edilmişdir.

16. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 990065 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 648 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin may ayında nəqliyyat xidməti qeyd edilmişdir.

17. xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 372266 nömrəli elektron qaimənin məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 388 manat təşkil edir. Qaimənin əsası kimi 2023-cü ilin may ayında nəqliyyat xidməti qeyd edilmişdir.

18. İddiaçı MMC tərəfindən tərtib edilmiş "xxxx" Firmasının elektron qaimələr üzrə qalıq borc hesabatı haqqında arayışa əsasən İddiaçı MMC tərəfindən "xxxx" Firmasına ünvanlanmış qaimələrin ümumi dəyəri 16984 manat, edilmiş ödənişlərin dəyəri 6974 manat, qalıq borc isə 10010 manat təşkil edir. Arayış "xxxx" Firmasının imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

19. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Firmasının A002/21 saylı müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 10010 manat (faizsiz) təşkil edir.

20. İş materiallarına ödənişlərlə bağlı hesabdan çıxarışlar əlavə edilmişdir.

21. İddiaçı MMC tərəfindən "xxxx" Firmasına göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 10010 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

24. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixli, A002/21 nömrəli yük daşınması müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, yükdaşınma xidmətinin göstərilməsi təmin edilmiş, yük daşınmış, lakin cavabdeh daşıma haqqını ödəməyi öhdəsinə götürsə də, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Borcun mövcudluğu ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı müqavilə üzrə ödənilməmiş borcun qaldığını iddia etsə də, cavabdeh buna etiraz edərək, tələb edilən borc məbləğinin əsassız olduğunu, müqavilə üzrə ödənilməli olan məbləğin təhvil-təslim aktları əsasında müəyyənləşdirilməli olduğunu və müvafiq sübutların təqdim edimədiyinə istinad etmişdir.

25. İddia tələbinin bir hissəsini cavabdeh "xxxx" Firmasından xx.xx.2021-ci il tarixli, A002/21 saylı müqaviləsi üzrə yaranmış 10010 manat məbləğində əsas borcun tutulması təşkil edir.

26. Qeyd olunduğu kimi, cavabdeh iddiaya yuxarıda göstərilən əsaslarla etiraz etmişdir. Hesab olunur ki, etiraz əsassızdır. Belə ki, iddiaçı haqlı olaraq qeyd etmişdir ki, 2021-2025-ci illər ərzində cavabdeh "xxxx" Firmasının sifarişi əsasında iddiaçı "Etalon Servis” MMC cavabdehə ümumilikdə 72434,6 manat məbləğində malların daşınması xidmətini göstərmişdir. Həmin işlərə görə cavabdeh "xxxx" Firması iddiaçı "xxxx" MMC-yǝ 62424,6 manat ödəniş etmişdir ("xxxx" ASC vasitəsilə edilmiş ödənişləri təsdiq edən hesabdan çıxarış iş materiallarında mövcuddur). Həmin ödənişlərin aparıldığı işlərin (daşımaların) təhvil-təsliminə dair tərəflər arasında təhvil-təslim aktı imzalanmamış, əmtəə-nəqliyyat qaiməsi tərtib edilməmişdir. İddiaçı cavabdehə aid malları daşıdıqdan sonra xidmət haqqını ödəmək üçün cavabdehǝ e-qaimələr göndərmiş, sonuncu da həmin qaimələr əsasında xidmət haqlarını ödəmişdir ki, bu günə həmin ödənişlərin ümumi məbləği 62424,6 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə görülmüş işlərin təhvil-təslim barədə akt və əmtəə-nəqliyyat qaiməsininin tərtib edilməsi barədə şərt nəzərdə tutulsa da, müqavilə tərəfləri həmin sənədlərin tərtib edilməsini tələb etməmişlər. Müqavilə tərəfləri öz aralarında işgüzar adət və iş təcrübəsi formalaşdırmışlar ki, "xxxx" Firması malların daşınması barədə "Etalon Servis” MMC-yə sifariş verir, sonuncu həmin sifarişi yeinə yetirir və xidmət haqqının ödənilməsi üçün “Laçın-1" Firmasına e-qaimə təqdim edir. "xxxx" Firması təqdim olunan həmin e-qaimə üzrə ödəniş aparır.

27. Qeyd olunan həmin hallar işdə olan sübutlarla öz təsdiqini tapmış və cavabdeh əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

28. Məhkəmə göstərilən halları, qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliyini, yəni daşıma haqqını ödəmək barədə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş, qalıq borcunun qaldığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" Firmasından 10010 manat (16984 manat (mübahisəli 8 qaimə üzrə ümumi məbləğ) - 6974 manat (edilmiş ödənişlərin məbləği (hesabdan çıxarış məlumatlarına əsasən)) = 10010 manat) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğin ödənilməsinə dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

29. İddia tələbinin digər hissəsini illik 5%-lə hesablanmış 1500 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

30. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1357,22 manat (min üç yüz əlli yeddi manat iyirmi iki qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əssız olduğundan təmin olunmamalıdır.

31. Belə ki, həmin qənaətə gələrkən əvvəla, nəzərə alınmışdır ki, müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi hesab-fakturanı aldıqdan sonra ödəməni 15 gün ərzində həyata keçirməliydi. Ona görə də faiz məbləği hər elektron qaimə üzrə qaimənin tarixinin üzərinə 15 gün gəlməklə, gecikmə vaxtı və qalan məbləğ üzrə hesablanmalıdır. Hər qaimə üzrə qalıq, ödənilməmiş məbləğlər yuxarıda qeyd edilmişdir. Mübahisəli olan 8 elektron qaimə üzrə tarix ardıcıllığı ilə gecikmə günlərinə müvafiq olaraq 5 faizlə hesablanan məbləğ 1357,22 manat (7,25 (gecikmə günü 1151)+ 811,34 (gecikmə günü 1105)+70,82 (gecikmə günü 1077)+187,15 (gecikmə günü 882) + 140,46 (gecikmə günü 808) + 29,44 (gecikmə günü 796) + 69,94 (gecikmə günü 788) +40,82 (gecikmə günü 768) = 1357,22) təşkil etmişdir.

32. Eləcə də, hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun və 127 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması xahiş edilmişdir.

33. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,50 manat (yüz iyirmi dörd manat əlli qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Firmasından 10010 (on min on) manat borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1357,22 manat (min üç yüz əlli yeddi manat iyirmi iki qəpik), 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,50 manat (yüz iyirmi dörd manat əlli qəpik) olmaqla, ümumilikdə 11991,72 manat (on bir min doqquz yüz doxsan bir manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar