Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-618/2022 25.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Firmasının Cavabdeh MMC-yə oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12059,60 manat əsas borc, vəsaitin qanunsuz saxlamaqla faydalanmağa görə 874,32 manat faiz borcu, ilkin mediasiya sessiyasına görə ödənilmiş 200 manat xidmət haqqı olmaqla, cəmi 13133,92 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında kimyəvi maddələrin alqısatqısı ilə bağlı 01.04.2021-ci il tarixli, 08/2021 saylı müqavilə bağlanmışdır. Satıcı razılaşma protokolunda göstərilən malları sifarişçiyə satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin cavabdeh tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 12.059,60 manat (1.839,60 ƏDV daxil olmaqla) məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01.04.2021ci il tarixli razılaşma protokolu ilə 10.000,0 manat (1800 ƏDV) dəyərində antiskalant, 20.05.2021-ci il tarixli razılaşma protokolu ilə 220.0 manat (39,6 ƏDV) dəyərində natrium hipoxlorit maddəsi cavabdehə təhvil verilmişdir. Tərəflər arasında təsdiq edilmiş EBBB seriyalı, 952225 nömrəli elektron qaimədən görünür ki, qeyd olunan məmulatlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və təsdiq edilmişdir. Tərəflər arasında kimyəvi maddələrin alqı-satqısı ilə bağlanmış 01.04.2021-ci il tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair cavabdehə 11.10.2021-ci il tarixdə pretenziya göndərilmiş və müqavilə üzrə borc ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ ödənilməmişdir. Eyni zamanda, 01.04.2021-ci il tarixli müqavilə üzrə satılmış malları dəyəri olaraq 12.059,60 manat (1.839,60 ƏDV daxil olmaqla) məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı mediasiya müraciəti göndərilmiş, cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20.12.2021-ci il tarixli, Aİ-10388/11/21 nömrəliarayış verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli 08/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilə üzrə satıcı tərəfindən alıcının mülkiyyətinə verilən və adı, çeşidi, qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstərilən kimyəvi maddələrdir. Müqavilənin 1.2-ci bəndinə əsasən malın təhvil verilməsi – malın satıcının ünvanına alıcıya tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunmuş təhvil-təslim aktı və digər sənədlər (qaimə, vergi hesab-fakturası və s.) əsasında alıcıya təhvil verilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya sifariş olunmuş malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissələri sayılan qiymət razılaşdırma protokolları ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən qaimə-faktura alıcıya təhvil verilən malların alınması tarixini, miqdarını və digər təfərrüatlarını əks etdirir və malların alıcı tərəfindən alındığını sübut edən sənəd kimi qəbul edir. Müqaviləyə 1 nömrəli və 2 nömrəli X1 Protokolunda malların təsviri, miqdarı, qiyməti göstərilmişdir. EBBB 952225 nömrəli 20.05.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 12059,60 manat məbləğində mal göndərilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 dekabr 2021-ci il tarixli Aİ- 10388/11/21 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 01.04.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 12059,60 manat məbləğində pulu ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 166 Yükdaşıma və Logistika Şirkəti tərəfindən təqdim olunmuş 20.05.2021-ci il tarixli 002055 nömrəli yüklənməyə / yükün təyinatı üzrə ünvanına çatdırılmasına dair təhviltəslim aktından görünür ki, 1000 kq antiskalant cavabdehin sifarişi əsasında iddiaçının ünvanından cavabdehin ünvanına təyinatı üzrə təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 aprel 2021ci il tarixli 08/2021 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin 01 aprel 2021-ci il tarixli 08/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 12059,60 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12059,60 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən vəsaitin qanunsuz saxlamaqla faydalanmağa görə 874,32 manat faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 874,32 manat məbləğində pulun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 874,32 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12059,60 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12059,60 (on iki min əlli doqquz manat altmış qəpik) manat məbləğində əsas borc və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Firmasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-618/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-618/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver