Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-619/2020 04.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İddiaçı” MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı 4884,82 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4914,82 manat məbləğində pulun tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadına əsasən iddiaçının kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, № SAT/35-2019 saylı “Mallar (işlər və xidmətlər) üzrə alqı-satqı müqaviləsi”nə əsasən icraçı “İddiaçı” MMC sifarişçi Cavabdeh MMC-ni müəyyən olunmuş mallarla təchiz etmişdir. Qeyd olunan müqavilə bağlandıqdan sonra müvafiq qaimələr əsasında mallar iddiaçı tərəfindən cavabdehə göndərilmiş və qəbul edilmiş, lakin bu mallara görə ödənişlər tam həcmdə hələ də ödənilməmişdir. Belə ki, 2019-cu ilin iyul ayından etibarən iddiaçı cavabdehi 8601,93 manat dəyərində malla təchiz etmiş, buna qarşılıq cavabdeh tərəfindən yalnız 1446,80 manat ödənilmiş, 2270,31 manat dəyərində mal isə geri qaytarılmışdır. 4884,82 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Bu barədə tərəflər arasında xx.xx.2019-cu il tarixli üzləşmə aktı tərtib edilmiş və bir daha qeyd olunan borc məbləği cavabdeh tərəfindən qəbul və təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2019cu il tarixli, № SAT/35-2019 saylı “Mallar (işlər və xidmətlər) üzrə alqı-satqı müqaviləsi”nin 9-cu bəndinə əsasən müqavilə üzrə ödənişlər aşağıdakı qaydada həyata keçiriləcəkdir. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) İcraçının təqdim etdiyi və Sifarişçi tərəfindən qəbul edilmiş sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında hər ayın 15də həyata keçiriləcək. Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Qeyd olunanlara əsasən bir daha müəyyən olunur ki, öhdəliyin icra vaxtı keçsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Belə ki, müqavilənin 4.7-ci bəndinə əsasən “Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: “İddiaçı” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, № SAT/35-2019 saylı “Mallar (işlər və xidmətlər) üzrə alqı-satqı müqaviləsi”nə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan məhsulların təhvil verilməsini, işlərin yerinə yetirilməsini öhdəsinə götürür (2.3-cü maddə). Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür (2.3-cü maddə), xx.xx.2019-cu il tarixli, hər iki tərəfin imzaladığı qarşılıqlı üzləşmə aktında cavabdehin iddiaçıya həmin tarixə qalıq borcunun 4884,82 manat təşkil etməsi göstərilmişdir. “İddiaçı” MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli, XO-021 nömrəli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək 4884,82 manat borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “İddiaçı” ASC ilə Cavabdeh MMC arasında xx xxxx 2019-cu il tarixli, № SAT/35-2019 saylı “Mallar (işlər və xidmətlər) üzrə alqı-satqı müqaviləsi”ndən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 4884,82 manat təşkil edir. Həmin borcun mövcudluğu qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən borca görə 4884,82 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4884,82 manat (dörd min səkkiz yüz səksən dörd manat səksən iki qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 4914,82 manat (dörd min doqquz yüz on dörd manat səksən iki qəpik) məbləğində pul “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-619/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-619/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver