Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-619/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, hüquqi yardım xərcinin ağlabatanlığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 iyun 2023-cü il tarixli malların alqı-satqısına və avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləsi üzrə 809 manat məbləğində pulun və 50 manat mediasiya xərcinin, 50 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli malların alqı-satqısına və avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən avtonəqliyyat vasitəsinə servis və texniki xidmətlərin göstərilməsi və nəqliyyat vasitələrinə xidmət göstərilmədən ehtiyat hissələrinin (malların) satışının həyata keçirilməsi, bunun müqabilində isə müqavilə ilə razılaşdırılmış formada ödəniş edilməsi barədə razılıq əldə edilmişdir. Bundan sonra cavabdeh ümumi dəyəri 809 manat təşkil edən avtonəqliyyat ehtiyat hissələri almış, müvafiq formada qaimə, hesab-faktura cavabdehə təqdim edilmişdir və malların ödənişi isə müqavilədə razılaşdırıldığı kimi 15 gün müddətində həyata keçirilməli idi. Pulun ödənilməsi üçün verilmiş müddət başa çatdıqdan sonra iddiaçının pulun ödənilməsini tələb etməsinə, ünvanına poçt vasitəsi ilə rəsmi məktub göndərilməsinə baxmayaraq, cavabdeh ödəməli olduğu borcu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Bu günədək cavabdeh tərəfindən 809 manat məbləğində pul iddiaçıya ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 404, 425, 442, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə təmir xidməti həyata keçirilməmiş, yalnız ehtiyat hissələrinin alqı-satqısı aparılmışdır.
7. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh öz təmir sexi üçün xx.xx.2023-cü il tarixli müqavilə əsasında iddiaçıdan ehtiyat hissələri aldığını, lakin sexin müflis olması ilə əlaqədar borcunu ödəyə bilmədiyini, iddia tələbi ilə razı olduğunu, borc məbləğini ödəyəcəyini qeyd etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 18/23 nömrəli malların alqı-satqısına və avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilədən irəli gələn alqı-satqı öhdəliyi yaranmış, iddiaçı ehtiyat hissələrinin satışını həyata keçirməyi, cavabdeh isə alınmış ehtiyat hissələrinin (malların) hesab-fakturada və elektron qaimə-faktura qeyd olunmuş dəyərini müqavilənin şərtlərində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli 230 nömrəli hesab-faktura əsasında 622 manat, xx.xx.2023-cü il tarixli 241 nömrəli hesab-faktura əsasında 20 manat, xx.xx.2023cü il tarixli 246 nömrəli hesab-faktura əsasında 35 manat, xx.xx.2023-cü il tarixli 254 nömrəli hesab-faktura əsasında 22 manat, xx.xx.2023-cü il tarixli 250 nömrəli hesabfaktura əsasında 110 manat məbləğində olmaqla ümumilikdə 809 manat dəyərində ehtiyat hissələrini cavabdehə satmışdır. Həmçinin həmin mallara görə xx.xx.2023-cü il tarixli EBDH 748300, xx.xx.2023-cü il tarixli EBDİ 017803, EBDİ 054122, EBDİ 163462, xx.xx.2023-cü il tarixli EBDİ 422353 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə X1 Sistemi tərəfindən göndərilmiş və sistem tərəfindən təsdiqlənmişdir.
12. İddiaçı adıçəkilən alqı-satqı müqaviləsi üzrə satılmış malların dəyərini təşkil edən 809 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh iddia tələbini qəbul edir, lakin maddi çətinliklə bağlı borcunu ödəyə bilmədiyini qeyd edir.
14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.3-cü bəndi ilə cavabdeh tərəfindən ödənişin iddiaçı tərəfindən hesab-faktura və ya elektron qaimə-faktura göndərildikdən sonra 15 təqvim gündən gec olmayaraq edilməsinin şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
20. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 809 manat borc Cavabdeh tutularaq İddiaçıyə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
28. İddiaçı həmçinin 50 manat mediasiya xərcinin, 50 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
29. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02264 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli mediasiya sessiyalarında iştirak etmiş, cavabdeh sessiyalarda iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
30. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, iddia ərizəsinin yazılması üçün Bakı şəhəri 29 saylı vəkil bürosuna 50 manat məbləğində pul köçürülmüşdür.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
33. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
34. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
37. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin hazırlanması üçün vəkil bürosunun göstərdiyi yardıma görə tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
38. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 50 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 manat Cavabdeh tutularaq İddiaçıyə ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 12 iyun 2023-cü il tarixdə bağlanmış “Malların alqısatqısına və avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” 18/23 nömrəli müqavilə üzrə 809 (səkkiz yüz doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçıyə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 50 (əlli) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçıyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova