Məhkəmə qərarları › İş №e-2-2(113)-6197/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6197/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6197/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 2183,22 (iki min yüz səksən üç manat, iyirmi iki qəpik) manat əsas borc, 4530,18 (dörd min beş yüz otuz manat, on səkkiz qəpik) manat hesablanmış faiz və dəbbə pulu, 100 (yüz) manat mediasiya xərci, ümumilikdə 6813,40 (altı min səkkiz yüz on üç manat, qırx qəpik) manat məbləğində borcun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 5 (beş) il müddətinə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müqavilə tələblərinin müvafiq bəndində göstərilən müddət ərzində ödəniş etmək şərtilə mal verilmişdir.Cavabdeh tərəfindən aldığı malın pulunun müqavilə tələbinə əsasən qısa müddət ərzində ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdeh malların ödənişini həyata keçirməmiş və müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Borcların qarşılıqlı üzləşdirilməsinə dair” 23 may 2023-cü il tarixli akt tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmiş, yaranmış borcun qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu ƏDV ilə birlikdə 2183,22 (iki min yüz səksən üç manat, iyirmi iki qəpik), hesablanmış faiz və dəbbə pulu 4530,18 (dörd min beş yüz otuz manat, on səkkiz) manat məbləğində təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata həyata keçirilməlidir. Lakin cavabdeh müqavilənin 3.2-ci bəndlərinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmiş və buna görə də cavabdehə əsas məbləğdən başqa, əsas borc ödənişini gecikdirdiyinə görə 4530,18 (dörd min beş yüz otuz manat, on səkkiz qəpik) manat məbləğində faiz və dəbbə pulu hesablanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə olan borcu ƏDV ilə birlikdə 2183,22 (iki min yüz səksən üç manat, iyirmi iki qəpik) manat, hesablanmış faiz və dəbbə pulu 4530,18 (dörd min beş yüz otuz manat, on səkkiz) manat, ümumilikdə 6713,40 (altı min yeddi yüz on üç manat, qırx qəpik) manat məbləğində təşkil edir. Məhkəməyə müraciət etməmişdən əvvəl Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən mübahisənin tərəflər arasında həll edilməsi üçün Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin Cavabdeh MMC mediasiya prosesində iştirak etməkdən imtina edərək gəlməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 462.3-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, bildirmşdir ki, iddia ərizəsinin 2-ci abzas, 2-ci cümləsində, 4-cü abzas, 1- ci cümləsində və “xahiş edirəm” hissəsində dəbbə pulu qeyd etmək əvəzinə, səhvən faiz və dəbbə pulu kimi qeyd edilmişdir. Ona görə də yuxarıda qeyd edilən abzaslarda faiz sözünün çıxarılaraq, dəbbə pulu kimi qeyd edilməsini, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 2183,22 (iki min yüz səksən üç manat, iyirmi iki qəpik) manat əsas borc, 5430,18 (dörd min beş yüz otuz manat, on səkkiz qəpik) manat dəbbə pulu, 100 (yüz) manat mediasiya xərci, ümumilikdə 6813,40 (altı min səkkiz yüz on üç manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında 11 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1.2-ci bəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda va ya Qaimə- Fakturada öz əksini tapır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və ya qaimə və ödənişə dair sənədlər ilə müəyyən edilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən malların qiymətləri müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “Razılaşdırma Protokoluna” və ya qaiməfakturaya uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən malların dəyəri 30 (otuz) təqvim günü müddətində ödənilmədikdə satıcı malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.3-cü maddəsinə əsasən alıcı malların dəyərini müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsini daşıyır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

9. 23 may 2023-cü il tarixli “Borcların qarşılıqlı üzləşdirilməsinə dair” aktdan məlum olur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 1850,18 manat əsas borc və 333,04 manat ƏDV olmaqla, ümumilikdə 2183,22 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunub.

10. xx.xx.2022-ci il tarixli, EBCE seriyalı, 419168 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 354,8 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBCH seriyalı, 603366 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 304 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, EBCİ seriyalı, 243669 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 302,04 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBCİ seriyalı, 497773 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 56,66 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 411515 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 56,66 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 467973 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 105,61 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 281048 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 580,06 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 407255 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 423,37 manat (ƏDV daxil) təşkil edir.

18. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 2183,22 manat əsas borc, 4530,18 manat hesablanmış dəbbə pulu olmaqla, ümumilikdə 6713,40 manat (dəbbə pulu ilə birlikdə) borcu mövcuddur.

19. İddiaçı tərəfindən 100 manat mediasiya xərcinin ödənilməsinə dair ödəniş tapşırığı təqdim edilmişdir.

20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

25. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2183,22 manat məbləğində əsas borcun tutulması təşkil edir.

26. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 2183,22 manat (iki min yüz səksən üç manat iyirmi iki qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu üzləşmə aktı və işdə olan digər sübutlarla öz təsdiqini tapır.

27. Bundan əlavə, iddiaçı cavabdehdən 4530,18 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

29. Eləcə də, iddiaçı mediasiya xidmətinə görə ödənilmiş 100 (yüz) manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2183,22 manat (iki min yüz səksən üç manat iyirmi iki qəpik) əsas borc, 100 (yüz) manat cərimə, 100 (yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 2383,22 manat (iki min üç yüz səksən üç manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar