Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6203/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə üzrə borcun ödənilməsi, elektron qaimə, sübutetmə yükü) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 20/22 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 330 190,22 manat əsas borc, 59 434,24 manat ƏDV borcu, 807 075,27 manat cərimə borcu olmaqla, cəmi 1 196 699,73 manat borcun və 1 388,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 may 2022-cü il tarixli 20/22 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qiyməti, sayı və xüsusiyyətləri qaimələr ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə bu malların alışını həyata keçirir. Müqavilə imzalandığı gündən iddiaçı cavabdehə cəmi dəyəri 536 716,40 manat (454 844,41 manat əsas və 81871,99 manat ƏDV) olan malların satışını icra etmişdir. Cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 124 654,19 manat, ƏDV borcundan 22 437,75 manat olmaqla, сəmi 147 091,94 manat ödəniş edilmişdir. Gördüyünüz kimi, cavabdeh 60 gündən çoxdur ki, müqavilə üzrə ödənişləri icra etmir. Cavabdehin iddiaçıya sözügedən müqavilə üzrə 1 avqust 2025-ci il tarixinə 330 190,22 manat əsas borc, 59 434,24 ƏDV borcu, 807 075,27 manat cərimə borcu olmaqla, cəmi 1 196 699,73 manat borcu vardır. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 20/22 saylı alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, alıcı tərəfindən gecikdirilən ödənişə görə təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq ediləcəkdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, cavabdeh 76159 manat və 53592 manat ödəniş etmiş, yəni 7 qaimədən 2-si üzrə tam ödəniş edilmiş, qalan məbləğ isə ödənilməmişdir. Təqdim edilmiş bank hesabından çıxarış da bu faktı təsdiq edir. Cavabdeh işgüzar adətə uyğun olaraq iki qaimə üzrə ödəniş etmişdir, həmin qaimələr üzrə fərqli qayda tətbiq olunduğunu özü sübut etməlidir. Təqdim edilmiş e-mailə münasibətdə hesab edir ki, cavabdeh bu məsələyə özü aydınlıq gətirməlidir, çünki elektron sistemə əlavə olunmuş sənəddə mailin Elnur tərəfindən Elnura göndərildiyi görünür.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, müqavilədə qiymətlə bağlı razılaşma yoxdur, qiymət razılaşdırma protokolları və təhvil-təslim aktları ona təqdim edilməyib, iddiaçının təqdim etdiyi ödəniş sənədləri hamısı saxta sənədlərdir. Həmin sənədlərdə 6 sentyabrda onun iki dəfə ödəniş etdiyi göstərilir. Ancaq təqdim olunan sənədlər saxtadır. Məhkəməyə təqdim edilən flash kartda onun borcu aydın şəkildə əks olunur. İddiaçıya həmin məbləğdən başqa borcu yoxdur. Qanuni nümayəndə sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, polis idarəsində verdiyi ifadədə iddiaçıya 320000 manat borcu qaldığını təsdiq etsə də həmin ifadələr təsir altında verilib, həqiqəti əks etdirmir, iddiaçıya 207505.51 manat borcu qalmışdır. Qalan məbləğ ödənilmişdir. 400000 manata yaxın məbləğ nağd şəkildə verilmişdir. Elnur Atakişili tərəfindən göndərilən e-maildə göstərilən məbləği qəbul edir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 eyni məzmunda izahat verərək qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. . III.Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsassən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Təhcizatçı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında bağlanmış 18 may 2022-ci il tarixli, 20/22 saylı müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində tərəflərin bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını təchizatçı təqdim edəcək, həmçinin tərəflərin qarşılıqlı razılığı əsasında malın alıcıya çatdırılmasını və ya təchizatçının sərəncamında olan anbardan alıcıya təhvil verilməsini təchizatçı həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacaq və bu müqaviləyə əlavə olunacaq. 1.2-ci bəndinə əsasən, malların alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil- təslim aktında öz əksini tapacaq. 1.4-cü bəndinə əsasən, sifariş dəyəri 10.000$ olduqda, ödəniş malların alıcının anbarına göndərildiyi gündən 60 gün ərzində və ya elektron-qaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir, ödəniş bank vasitəsilə təchizatçının bu müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir. 1.5-ci bəndinə əsasə, Qiymətlərə ƏDV daxildir. ƏDV köçürülməsi alıcının ƏDV depozit hesabından təhcizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təhcizatçı ƏDV ödəyicisidir.
8. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 20/22 nömrəli müqavilə üzrə Cavabdeh MMC-yə satılan cəmi malın dəyəri 536716.40 manat, ƏDV dəyəri 81871.99 manat, müqavilə üzrə ödənilmiş əsas borc məbləği 124654.19 manat, müqavilə üzrə ödənilmiş ƏDV borcunun məbləği 22437.75 manat, ödənilmiş cəmi borc 147091.94 manat, ödənilməyən əsas borc 330190.22 manat, ƏDV borcu 59434.24 manat, cərimə borcu 807075.27 manat, cəmi borc 1196699.73 manat təşkil edir.
9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan EBCA seriyalı 639771 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 9897.82 manat, EBCD seriyalı 454188 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 233141.94 manat, EBCD seriyalı 455665 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 55324.78 manat, EBCD seriyalı 826769 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 6140.97 manat, EBCB seriyalı 404532 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 85118.94 manat, EBBZ seriyalı 208821 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 53592.30 manat, EBBW seriyalı 576265 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 93499.66 manat təşkil etmişdir. Elektron qaimələrin hər birinin əsası qismində 18 may 2022-ci il tarixli, 20/22 saylı müqavilə göstərilmişdir.
10. AR DİN təqsirləndirilən şəxsin dindirilməsinə dair xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Qanuni nümayəndə izahatında Marvel şirkətindən elektronik mallar alıb satdığını, şirkətlə əvvəllər arvadı Qarayeva Sevdanın adından fiziki şəxs kimi alqı-satqı müqaviləsi bağlayaraq alış-veriş etdiyini, Sevdanın adından notarial qaydada etibarnamə aldığını və bütün hərəkətləri icra etdiyini, 2022-ci ilin mart ayında direktoru olduğu Roys MMC-nin adından təxmini 700000 manat dəyərində mal alıb, 380000 manat hissəsini ödəmiş, 320000 manat hissəsini isə ödəmədiyini qeyd etmişdir.
11. AR DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir.
12. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 76159.66 manat və 53592.28 manat məbləğ köçürülmüş, ödənişin təyinatı olaraq EBBW seriyalı 576265 nömrəli və EBBZ seriyalı 208821 nömrəli elektron qaimələrə istinad olunmuşdur.
13. Elnur Atakişili tərəfindən mailto:elnur.atakishili@marvel.com.azElektron ünvan 1 elektron poçt ünvanı vasitəsi ilə cavabdehə göndərilən 21 fevral 2023-cü il tarixli e-mail və ona əlavə olunmuş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixə Roys MMC-yə satılmış malın dəyəri 533587.88 manat, ödəniş 326.082.37 manat, qalıq borc 207505.51 manat təşkil edir.
14. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə sübut olaraq maddi daşıyıcıda (flash kart) mailto:elnur.atakishili@marvel.com.azElektron ünvan 1 elektron poçt ünvanı tərəfindən mailto:rafiqqarayev@mail.ruElektron ünvan 2 elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə göndərilən e-mail və ona əlavə olunan sənəd video qeydiyyatına alınmışdır.
15. İşəgötürən İddiaçı MMC və işçi X1 arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdən Marvel Azerbaijan MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. AR MM-in: 181.2-ci maddəsinə əsasən, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 570.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
18. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
19. Beləliklə, tərəflər arasında bağlanmış 18 may 2022-ci il tarixli, 20/22 saylı müqavilənin 1.1-ci bəndinə əsasən, təchizatçı (iddiaçı) tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən alıcıya (cavabdehə), özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir, alıcı öz növbəsində tərəflərin bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrə əsasən bu malların satışını həyata keçirir. Belə ki, iddiaçı müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə 7 elektron qaimə göndərilmişdir. İddiaçı hazırda cavabdehə 536716.40 manat dəyərində mal satıldığına, 2 elektron qaimə üzrə ödənişlərin tam yerinə yetirildiyinə, qalan 5 elektron qaimə üzrə isə malların dəyərinin ödənilmədiyinə istinad edərək 330190.22 manat əsas borc, 59434.24 manat ƏDV borcu və hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək ödənişlərin bir qisminin köçürmə yolu ilə, digər qisminin isə nağd şəkildə edildiyini və hazırda iddiaçıya ƏDV daxil 207505.51 manat ödənilməmiş borcun qaldığını bildirir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərində tərəflər müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və bu müqaviləyə əlavə olunacağı (1.1), səlahiyyətli şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacağı (1.2), ödənişin bank vasitəsilə köçürmə yolu həyata keçiriləcəyi (1.4) barədə razılığa gəlmişlər.
21. Lakin iddiaçı cavabdeh tərəfindən qəbul edilən məbləğdən (207505.51 manat) əlavə olaraq satıldığını iddia etdiyi mallara dair təsdiqedici sənədləri (hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmiş qiymət razılaşma protokolu, alış sifarişi, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarına əlavə edilmiş sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə mübahisələndirilən müqavilə əsasında konkret olaraq hansı miqdarda, çeşiddə və dəyərdə malın satıldığını müəyyən etmək mümkün olmamışdır.
22. Cavabdehin AR DİN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatda qeyd etdiyi “Roys MMC-nin Marvel Azerbaijan MMC-dən təxmini 700000 manat dəyərində mal alması, 380000 manat məbləği ödəməsi, 320000 manat borcun qalması” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehə 536 716,40 manat dəyərində mal satdığını qeyd etmiş, lakin cavabdeh izahatında 700000 manat dəyərində mal aldığını bildirmişdir. Bu səbəbdən izahatda qeyd olunan 320000 manat borcun bütövlükdə məhz mübahisə predmetini təşkil edən xx.xx.2022-ci il tarixli müqavilə üzrə qalıq məbləğ olması faktı məhkəmə araşdırmasının gedişində sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçıya 400000 manat məbləği nağd şəkildə ödədiyi və 207505.51 manat borcun qaldığını bildirmişdir.
23. Bundan əlavə iddiaçının nümayəndəsi Elnur Atakişili tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt ünvanı vasitəsi cavabdehin nümayəndəsi Qanuni nümayəndə göndərilən sənəddə xx.xx.2023-cü il tarixə Roys MMC-yə satılmış malın həcminin 533587.88 manat, ödənişin 326.082.37 manat, qalıq borcun isə 207505.51 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin “istinad olunan sənədin Elnur Atakişili tərəfindən öz-özünə göndərilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim olunmuş maddi daşıyıcının (flash kart) tədqiqi zamanı müəyyən olunmuşdur ki, e-mail mailto:elnur.atakishili@marvel.com.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:rafiqqarayev@mail.ruElektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması faktı isə iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, işəgötürən İddiaçı MMC və işçi X1 arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdən Marvel Azerbaijan MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır.
24. Beləliklə iddiaçı şəxsən nümayəndəsi vasitəsi ilə cavabdehə elektron poçt ünvanı vasitəsi ilə göndərdiyi sənəddə qalıq borcun 207505.51 manat təşkil etdyini göstərmişdir.
25. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
27. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
28. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan da göründüyü kimi qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur.
29. Bu baxımdan, hazırkı iş üzrə təqdim edilmiş elektron qaimə fakturaların avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyini və cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə iş üzrə təqdim edilmiş digər sübutlar və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika ilə birlikdə təhlil edilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 330 190,22 manat mala dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvilqəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir.
30. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı müəyyən etmək mümkün olmamışdır.
31. AR MPM-in: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
32. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.
33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli cavabdehdən iddiaçın xeyrinə 207505.51 (ƏDV daxil) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
34. Bundan baçqa iddiaçı tələbində tərəflər arasında bağlanan müqavilənin 1.4-cü bəndinə əsasən 807 075,27 manat cərimə borcunun tutulmasını xahiş edir. Məhkəmə iddia tələbini bu hissədə də qismən əsaslı hesab edir.
35. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.
37. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 10375.28 manat məbləğində dəbbə pulu tutulmalıdır.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 207505.51 manat (ƏDV daxil) əsas borc, 10375.28 manat dəbbə pulu olmaqla, cəmi 217.880.79 manat borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
39. Bundan əlavə iddiaçı tələbində 1 388,35 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir və qeyd edilən ödəniş iş materialları ilə öz təsdiqini tapır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 507.88 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 20/22 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 207505.51 manat (ƏDV daxil) əsas borc, 10375.28 manat dəbbə pulu olmaqla, cəmi 217.880.79 (iki yüz on yeddi min səkkiz yüz səksən manat yetmiş doqquz qəpik) manat borc, həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 507.88 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əhmədov