Məhkəmə qərarları › İş №e-2-2(113)-6209/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6209/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6209/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15,740 manat (on beş min yeddi yüz qırx) manat borcun, 1500 (bir min beş yüz) manat cərimənin, 300 (üç yüz) manat vəkil xərcinin və 141,72 manat (bir yüz qırx bir manat yetmiş iki qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fərdi sahibkar Cavabdeh2 arasında 14 iyul 2023-cü il tarixli, 2023/ASM/135 saylı “sementin alqı-satqısına” dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı “Norm Klass C500” markalı sementi cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Sözügedən müqavilənin “qiymət və ödəmə şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% (sıfır tam onda bir) miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Həmin müqaviləyə və ona dair tərəflər arasında bağlanılmış 1 saylı əlavə razılaşmaya əsasən, hazırda cavabdeh iddiaçıya 15,740 manat əsas borc və 1500 manat cərimə, ümumilikdə 17,240 manat məbləğində pul ödəməlidir. Borcun ödənilməsinə dair cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya təqdim edilsə də, cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. İddia tələbinə dair sübutlar: 1. 14 iyul 2023-ci il tarixli alqı-satqı müqaviləsi və ona dair 1 saylı əlavə razılaşma. 2. əmtəə nəqliyyat qaimələri (4 ədəd); 3. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura (4 ədəd).

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13380 manat əsas borcun, 1500 manat cərimə məbləğinin, 300 manat vəkil xərcinin və 141,72 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

4. Ərizədə göstərilmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən 2360 manat vəsait ödənilmişdir. Lakin 13380 manat vəsait hələ də ödənilməmiş olaraq qalmaqdadır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, özünün alacaqları olduğunu və vəsaitləri aldıqdan sonra borcu dərhal ödəyəcəyini bildirmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 14 iyul 2023-cü il tarixli, 2023/ASM/135 saylı alqı-satqı müqaviləsinə görə, satıcı məhsulları alıcıya satır, alıcı isə məhsulları qəbul edib onun dəyərini satıcıya ödəyir.

11. Müqavilənin 3-cü bəndinə görə, bu müqavilə 14 iyul 2023-cü il tarixdən qüvvəyə minir və 30 sentyabr 2024-cü il tarixindək qüvvədə qalır.

12. Tərəflərin təsdiq etdiyi 14 iyul 2023-cü il tarixli, 2023/ASM/135 saylı alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 1 nömrəli əlavə razılaşma ilə müqavilədə göstərilmiş məhsulun qiyməti dəyişdirirərək yeni redaksiyada verilmişdir.

13. xx.xx.2024-cü il tarixli, 80815798 nömrəli əmtəə-nəqliyyat qaiməsinə görə 26,860 kq, xx.xx.2024-cü il tarixli, 80815801 nömrəli əmtəə-nəqliyyat qaiməsinə görə 26,200 kq, xx.xx.2024-cü il tarixli, 80816525 nömrəli əmtəə-nəqliyyat qaiməsinə görə 27,700 kq məhsul alıcıya təhvil verilmişdir.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBEB 327434 nömrəli 4247,10 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 327360 nömrəli 4142,74 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 466845 nömrəli 4379,92 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 348920 nömrəli 4376,76 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

15. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 2350 manat, xx.xx.2024cü il tarixdə 3400 manat, xx.xx.2024-cü il tarixdə 9980 manat, xx.xx.2024-cü il tarixdə 6800 manat, xx.xx.2024-cü il tarixdə 3495 manat, xx.xx.2023-cü il tarixdə 3484 manat, xx.xx.2023-cü il tarixdə 3484 manat, xx.xx.2023-cü il tarixdə 3484 manat, xx.xx.2023-cü il tarixdə 3484 manat, xx.xx.2023-cü il tarixdə 3618 manat, xx.xx.2023-cü il tarixdə 8373,20 manat, xx.xx.2023-cü il tarixdə 12000 manat vəsait ödənilmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən iddiaçıya cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 1500 manat əsas borc, 270 manat ƏDV ödənilmişdir.

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 14 iyul 2023-cü il tarixli, 2023/ASM/135 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə icra etsə də, cavabdeh tərəfindən öhdəlikləri tam şəkildə icra edilməmiş, müqavilə üzrə qalıq borc ödənilməmişdir.

29. İddiaçı xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədə tələb edilən əsas borcun məbləğinin 13380 manat olmasını göstərmişdir.

30. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, həmin tarixdə cavabdeh iddiaçıya əlavə olaraq ümumilikdə 1770 manat vəsait ödəmişdir.

31. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 11610 manat (13380 manat – 1770 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

32. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 14 iyul 2023-cü il tarixli, 2023/ASM/135 saylı müqaviləyə əsasən hesablanmış 1500 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir.

37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11610 manat məbləğində əsas borc, 500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Belə ki, xx.xx.2024-cü il tarixli, OD5 nömrəli ödəniş tapşırığına əsasən, “İsmayılbəyli və partnyorları” Vəkil Bürosuna hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən 300 manat hüquqi xidmət haqqı ödənilmişdir.

40. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 127,43 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 14,49 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 11610 manat əsas borc, 500 manat dəbbə pulu, 300 manat hüquqi yardımla bağlı xərc, 127,23 manat dövlət rüsumu, ümumilikdə 12537,23 (on iki min beş yüz otuz yeddi manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 14,49 (on dörd manat qırx doqquz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar