Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6213/2022 05.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən iddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli xx/xx-2016 saylı alqı-satqı müqaviləsinə əsasən 17.600 manat borcun və ödənilməmiş hər il üçün Bank uçot dərəcəsinə uyğun olaraq (illik 7.75%) 6 il üçün 8.184 manat faizlərin, cəmi 25.784 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2016-cı il tarixli xx/xx-2016 saylı alqı-satqı müqaviləsi bağlayaraq müqavilədə müəyyən olunmuş şərtlərlə X1 göstərilən miqdarda buğda və buğda məhsullarını “Alıcı”ya satmağı,“Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan X3 əsasən müəyyən edilir. Tərəflər arasında xx.xx.2016-cı il tarixli “X2 №1” imzalanaraq cavadehə Buğda unu əla növ, ölçü vahidi ton, miqdarı 40, 1 tonun qiyməti 440 manat ümumi 17.600 manat dəyərində satılmışdır. Bununla bağlı iddiaçı cavabdehə xx.xx.2016cı il tarixli xx/xx-2016 saylı hesab və xx.xx.2016-cı il tarixli seriya BƏT 280301 saylı Qaimə-Faktura təqdim etmişdir. Lakin, cavabdeh malı almasına baxmayaraq bu günədək heç bir ödəniş etməmişdir və iddiaçıya 17.600 manat borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh hərəkətsizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahat verərək və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli xx/xx-2016 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ("xxxx" MMC) bu müqavilədə müəyyən olunmuş şərtlərlə X1 göstərilən miqdarda buğda və buğda məhsulları Alıcıya ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti) satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və bir il ərzində qüvvədədir. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli 280301 saylı qaimə-fakturadan görünür ki, 17.600 manat dəyərində olan əla növ buğda unu İddiaçı MMC tərəfindən "xxxx" QSC-nə təqdim edilmişdir. Qeyd edilən qaimə-faktura tərəflərin möhürü ilə də təsdiqlənmişdir. İddiaçı tərəf 17.600 manat dəyərində olan malın verildiyini və qeyd edilən pulun tutulmasını xahiş edir. Cavabdeh tərəf isə müqavilədə, qiymət razılaşma protokolunda, xx.xx.2016-cı il tarixli 280301 saylı qaimə-fakturada olan imza və möhürlərin həqiqiliyini təsdiq etmiş, ancaq hansısa səbəbdən QSC-nin mühasibatlıq sənədlərində kreditorlar siyahısında olmadığını bildirir və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, həqiqətən də, 17.600 manat dəyərin mal iddiaçı tərəfindən cavabdehə elə xx.xx.2016-cı il tarixdə təhvil verilmişdir. Ancaq bununla yanaşı cavabdehin iddia müddətinin keçməsi barədə ərizəsinə də, qiymət verilməlidir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli xx/xx- 2016 saylı alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma mal təhvil verildikdən sonra 5 bank günü ərzində köçürmə yolu ilə aparılır. Göründüyü kimi, cavabdeh almış olduğu mala görə ödənişləri 5 bank günü ərzində etməli olduğu halda etməmişdir. Həmçinin də qeyd edilən müqavilənin müddəti 2017-ci ilin mart ayının 18-də başa çatmışdır. Yəni hətta iddia müddətinin axımını xx.xx.2017-ci il tarixdən (müqavilənin müddətinin bitdiyi) hesablansa belə, iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı tərəfin də mediasiyaya xx.xx.2022-ci il tarixdə (yəni iddia müddəti keçdikdən sonra) müraciət etməsini, işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6213/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6213/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver